Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Onların hər birindəki istedadı görə bildim


Bidisha
Bidisha

- Gənc analarla, gəlmələrlə, məhbuslarla, qaçqınlarla, sığınacaq axtaranlarla və səsi səslər içində eşidilməyən başqa insanlarla yazıçılıq sessiyaları keçirirlər.

2015-ci ilin yazında İngilis Pen təşkilatı İngiltərədə sığınacaq tapmış bir neçə qadının “WINGS Gənc analar" qrupu ilə yazıçılıq emalatxanası keçirib.

Emalatxananın aparıcısı Bidisha olub. O, kimdir?

Bidisha - yazıçı, BBC-nin incəsənət və mədəniyyət, insan haqları və beynəlxalq məsələlər üzrə verilişlərində aparıcıdır. Qadın həbsxanalarından, saxlama məntəqələrindən, qaçqın yurdlarından kitablar yazır. "Booker Mükafatı" Fondunun direktorlarından biridir. İki roman, üç bestseller elmi-kütləvi kitabın müəllifidir.

Deməli, Bidisha analar və uşaqlarla Uşaqlıq Muzeyində görüşüb, onların real hekayələrini və təxəyyül etdikləri hekayələri bilmək istədiyini deyib. Əllərinə qələm və kağız verib, yazmağa dair bəzi istiqamətlər verib.

Emalatxanadan sonra Bidisha Pen təşkilatının səhifəsinə belə bir yazı yazıb:

Gənc analarla yazıçılıq sessiyası haqda

Emalatxananı aparmaq üçün içəri girəndə ilk gördüyüm şey uşaq çığırtıları və Söz üçün çox məsum olan uşaq oyunları idi.

Onda bu yazı sessiyasının əvvəlkilər kimi getməyəcəyini başa düşdüm.

Amma orada güclü ədəbi ilham, bacı dəstəyi, çətin həyat dərsləri, hərəkətlilik, yumor və müdriklik vardı. Yəni bütün bunlar məndən gəlmirdi. O qadınlardan gəlirdi.

O qadınların hər birindəki istedadı görə bildim.

İstər məktub, istər poeziya, istər şüar, istərsə də, romantik hekayə, memuar yazanda müşahidə etdim bunu.

Çalışmalar vaxtı hamının başı yazmağa qarışanda ortalığı dərin sükut bürümüşdü. Fasilələrdə isə biz çoxlu söhbət etdik, siyasətdən, Londonda yaşamaqdan, öz həyatlarından danışdıq.

Onların hər birinin insana ilham verən, maraq cəlb edən, ürəyi kükrədən həyat hekayəsi vardı.

Onların hər biri Birləşmiş Krallıqda vətəndaşlıq alandan sonra və ondan əvvəlki həyatlarında qeyri-adi çətinliklər yaşamışdılar.

Öz yazılarında bütün bunları ifadə edirdilər.

Sessiyanın sonunda körpələr elə körpə olaraq qalmışdılar; qığıltıları otağı doldurmuşdu. Onlar öz şəxsiyyətləri olan kiçik insanlar idi.

Nə mən, nə də qadınlar, - biz emalatxananın bitməsini istəmirdik. Sonda onlar qəribə bir şikayət etdilər. Ev tapşırığı verilmədiyinə görə şikayət.

Bunu eşidəndə ürəyim parçalandı. Onlara tapşırıq verməyi çox istərdim, çünki bilirdim, deməyə sözləri çoxdur.

XS
SM
MD
LG