Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:34

- "Çox zaman belə məclislərdə ağsaqqal cümlənin nöqtəsini qoymamış qarşısındakılar nəfəs almağa belə qorxurlar ki, prezidentin tərifini yarıda kəsdiyimizi eşidən olar"

Hikmət Carçılı Orhun

ÇAYXANA SÖHBƏTLƏRİ

Çayxana söhbətləri maraqlı olur. Bir də görürsən, üç kişi oturub ölkədəki ictimai-siyasi məsələlərə şərh verir, öz aləmində bir bölük xalqın taleyini həll edir. Çığıra-çığıra, bağıra-bağıra...

Əslində, bir zadı həll etdikləri yoxdur, yalandan başlarını ağrıdırlar. İşsizlik qanlarına o təhər işləyib ki, heç cür yaxa qurtara bilmirlər.

Az qala evdə qazanc gözləyən arvad-uşağı başlarının ölçüsündə olmayan mövzular üzərinə apardıqları müzakirələr, boş-boş sözlərlə doyduracaqlar.

Gerçək sözümdür, bir araq içəndən sonra uzun-uzadı danışdıqlarını yazıya çevirə bilsələr, hərəsi beş-on faiz oxucunu aldadıb, evinə əməlli-başlı çörəkpulu aparar.

Məgər yazarlarımızın çoxusu dolanışığını bu yolla çıxarmırmı?!

Di gəl, bacarmırlar. Bir sözlə, özlərini əziyyətə vermək, qazanc dalınca qaçmaq istəmirlər. İşdi-şayət sabah boş danışıq iş buyrulsa, boş-boş danışa-danışa pul qazanmaq mümkün olduğunu eşitsələr, onu da tərk edərlər.

İndi qınasam belə, ara-sıra onlara haqq verdiyim də olur. Hərçənd, baş tutacaq şey deyil; ancaq baş tutsa hamı boş-boş danışıb, ağlına gələn söhbətləri edib, elə bu yolla pul qazanmağın arxasınca qaçacaq.

Çoxluq olan yerdə din-bərəkət olmaz. Yenə bu zalım uşağı beş səhv danışanda bir düz danışırlar. O birilər isə...

Yeri gəlmişkən deyim, sovet dövründə buna bənzər bir hadisə baş verib.

Deməli, söz düşəndə Zilfəli adında bir nəfər kənd arasında ən yaxşı sürücü kimi anılarmış; bir dəfə qəza şəraiti yaratmayıb, bir dəfə birinin toyuğunu ayaqlamayıbmış, xülasə, camaat onun başına and içirmiş.

Gün gəlir, yavaş-yavaş maşınların, sürücülərin sayı artır. Axşam kəndin ortasında beş dənə maşın görürsə, səhər yaşadığı məhəllədə on beş dənə maşın görür.

Belə-belə, bala-bala naşı sürücülərin, nabələd adamların sayı artır.

Zilfəli kişi bir səhər yuxusundan qalxıb işə gedərkən qonşusu Topal Nazimin də maşın aldığını görəndə, öz maşınını qaraja çəkir ki, indən sonra sürməyəcəm. Dediyi kimi də eləyir. Nə illah edirlər, əlini vurmur.

Geri qalan ömrünü maldarlıqla keçirən Zilfəli kişi maşını tərk etdiyinin səbəbini soruşan olanda cavab verir ki, gör, dünyanın harasıdır, Topal Nazim də sükan arxasına əyləşir:

“Hələ Kor Nofəli demirəm. İndən sonra əzrayilə ehtiyac yoxdur, adamlar biri-birilərini qırıb, özləri özlərinin axırına çıxacaqlar”.

Əhvalatı babam danışardı. Danışandan sonra məsləhət edərdi ki, məndən sizə əmanət – nə badə maşın alasınız:

“Dünyanın “biji” çıxıb. Sən vurmayacaqsan, ilişdirmək üçün gəlib səni vuracaqlar, gözün bərələ qalacaq”.

Yaşa dolduqca görürəm ki, babamın ağlımda qalan bir-iki cümləlik məsləhətində həqiqət var; bu zamanda maşın sürmək üçün ya gərək bir arxa dayağın ola, ya da başını qoyub arxayın yata biləcəyin qədər pulun, bəli, arxayın yata biləcəyin qədər.

Sürücülərin çoxusu yuxusuzluqdan yol hərəkət qaydalarını pozur, ölüm təhlükəsi ilə üz-üzə qalırlar.

***

Yuxarıda da dediyim kimi, çayxanapərəst camaat hər nə qədər başının ölçüsündə olmayan polemikalarda bulunsa da, arada tale yüklü məsələlərə ayna tutur, bəzən qarşısındakı insanı eşitmək istədiyimiz həqiqətlərdən agah qılır.

Ötənlərdə iş-gücdən yaxa qurtarıb bir neçə dostumla çayxanada gap eləməyə məğul idik.

Ordan-burdan söhbət salıb, ruhumuzu dincəltməyə çalışırdıq. İki pivə içəndən sonra özünü hər mətləbdən agah sanan bir ağsaqqal düşmən tapdağı altında olan iyirmi faiz torpaqlarımızın geri qaytarılması arzusuyla cənab prezidentin sağlığına badə qaldırdı:

“Allah o kişinin canını sağ eləsin, əminəm, yaxın zamanda erməni köpəyuşağına bir komanda verəcək. O köpəyuşağı dabanına tüpürüb yurd-yuvamızdan qaçacaq.

Onun yürütdüyü uğurlu siyasətin bariz göstərgəsidir ki, dünyanın gözü bizdədir. Sizin xəbəriniz olmaz (qabaq-qabağa əyləşib çörək kəsdiyi insanlara xitabən), bu yaxınlarda hegemon hesab edilən dövlətlərə komanda verdi, qadasın aldığım”.

Çox zaman belə məclislərdə ağsaqqal cümlənin nöqtəsini qoymamış qarşısındakılar nəfəs almağa belə qorxurlar ki, prezidentin tərifini yarıda kəsdiyimizi eşidən olar.

Bu zamanın insanlarında insaf yox, mürvət yox – tutdurdu, əlli-ayaqlı gedəsisən! Ağsaqqalın sözü tamama yetən kimi badələr başa çəkildi.

Yemək yeyə-yeyə xırda məsələlərin üzərinə işıq saldılar; sürücülərin maşınları yüksək sürətlə idarə etməsi, yolların bərbad vəziyyətdə olması, insanların işıqforda hövsələsizlik etməsi kimi sadə şeylər dayanırdı bu “xırdalıqlar”ın sırasında...

Xırda görünsə belə, o məsələlər çox zaman həyatımızı həll edir. Sözün düzü, həmin problemlərə işıq tutanda səmimi görünürlər.

Bu dəfə də səmimi idilər. Prezidentin haqqında sicilləmə tərif deyən ağsaqqalla üzbəüzdə əyləşən orta yaşlı bığıburma kişi başına gələn bir hadisəni danışmağa başladı.

Deməli, adam gecə vaxtı avtobusla Bakıdan rayona gələndə körpə oğlu ilə böyür tərəfində əyləşən xanıma bir neçə dəfə “a qızım, kəməri bağla, başımıza hər şey gələ bilər, həyatın işidir”, - desə də, qadın acığa düşüb bağlamayıb.

O bığıburma kişinin danışıdığına görə, bir də gecənin yarısında camaat oyanır ki, avtobus yellənə-yellənə, yolun altına, üstünə keçə-keçə gedir.

Biz erməniyə də, rusa da, gürcüyə də, ingilisə də, amerikana da uduzuruq. Ona görə ki, kəmər kimi, işıqfor kimi, yol hərəkəti qaydaları kimi xırda məsələlərə önəm vermirik.

Sən demə, sürücü yatıb. Nə qədər çığır-bağır salırlar, eşitmir ki, eşitmir.

O böyüklükdə avtobus yolun kənarına bərkidilən bəndləri də aşıb dərəyə yuvarlanır.

Cümlə avtobus əhli sağ-salamat qalsa da, sürücü, qadın və uşağı aldığı xəsarətlərdən həlak olur. Nitqini yekunlaşdırmaq üçün aşağıdakı fikirləri bir neçə dəfə təkrar etdi:

“Biz erməniyə də, rusa da, gürcüyə də, ingilisə də, amerikana da uduzuruq. Ona görə ki, kəmər kimi, işıqfor kimi, yol hərəkəti qaydaları kimi xırda məsələlərə önəm vermirik.

Əslində, hər şey özümüzdən, özümüzə hörmətimizdən başlayır. Siyasətimiz də bu gündədir, iqtisadiyyatımız da...

Biz o zaman qalib olacağıq ki, gündəlik həyatımızda bizə problem yaradan əyər-əskiklərimizi kökündən həll edəcəyik.

İlham Əliyev dünyaya meydan oxuyan çıxışlar edə bilər, ancaq dediyim şeylər həll olunmayana qədər heç kim bizi ciddiyə almayacaq. “Torpaq” deyə-deyə öləcyik!”

Bığıburma kişinin sözünün qabağına söz deyən olmadı. Bir yarım saat kirimişcə yeyib-içməklərinə bənd oldular, sonra şələk-külələrini də yığıb dağılışdılar...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG