Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

«Bütün respublika 17-18 gün bir yerdə yaşadı...»


17 günlük fasiləsiz mitinqlərin ən gərgin dövrü noyabrın 23-dən 24-nə keçən gecə oldu

17 günlük fasiləsiz mitinqlərin ən gərgin dövrü noyabrın 23-dən 24-nə keçən gecə oldu

«...Elə bil bütün Azərbaycan bir meydana toplaşmışdı, vahid ailə kimi. Bütün respublika 17-18 gün bir yerdə yaşadı...» Hazırda «Azadlıq» qəzetinin yerləşdiyi binada baş mühafizəçi olan Fikrət Həsənov 1988-ci ildə, o vaxt Leninin adını daşıyan indiki «Azadlıq» meydanında düz 17 gün, gecə-gündüz gördüklərini belə xatırlayır.


Keçən 18 ildə həyatında elə də ciddi dəyişiklik olmasa da, deyir ki, müstəqil Azərbaycan onun üçün hər şey deməkdir: «Öz yerimdə deyiləm, amma nə edim, düşdüyüm vəziyyət belədir. Yenə də deyirəm ki, Azərbaycan adında respublikamız dünyada tanınırsa, mən onunla fəxr edirəm...»


Mitinqlərə hazırlıq işlərinin hələ noyabrın 16-dan başlandığını deyən həmin aksiyaların iştirakçısı Səftər Nəhmədli isə bildirir ki, ilk hərəkat Elmlər Akademiyasının yanından - alimlərin yaşadığı yataqxanadan başlayıb.


«Öz yerimdə deyiləm, amma nə edim, düşdüyüm vəziyyət belədir. Yenə də deyirəm ki, Azərbaycan adında respublikamız dünyada tanınırsa, mən onunla fəxr edirəm...»
Onun dediyinə görə, «Azadlıq» meydanına çatana qədər bir neçə dəfə qarşılarını kəsiblər, amma həmin təzyiqlərə baxmayaraq, noyabrın 17-də meydan bütövlükdə mitinqçilərin nəzarətinə keçib. Meydanın boşaldılmasıyla bağlı hökumət nümayəndələrinin və polisin mitinqi aparanlara dəfələrlə müraciətləri isə heç bir nəticə verməyib.

Həmin mitinqlərdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər isə hesab edir ki, 17 günlük fasiləsiz mitinqlərin ən gərgin dövrü noyabrın 23-dən 24-nə keçən gecə idi. Həmin vaxt mərkəzi hakimiyyətin Bakıda komendant saatı elan etməsinə baxmayaraq, cənab Qəmbər elə ən çox adamın da həmin gün meydana toplaşdığını deyir: «Mən həmin gecə dərk etdim ki, bu, artıq tarixə düşən bir hadisədir. Həmin gün Azərbaycan xalqı müstəqilliyə layiq və qadir olduğunu sübut etdi».


Milli Dirçəliş Günü rəsmi bayram kimi 1992-ci ildə elan olunub. 1988-ci ilin noyabrında Qarabağda yaşayan ermənilərin Ermənistana birləşmək istiqamətində hərəkətlərinə və Ermənistandan azərbaycanlıların qovulmasına etiraz olaraq Bakıda müxtəlif aksiyalar keçirilmişdi. Amma paytaxtda noyabrın 17-də başlanan mitinq fasiləsiz xarakter aldığından və orada Azərbaycanın müstəqilliyi ilə bağlı çıxışlar səsləndiyindən sonradan həmin mitinqlərin başladığı gün Milli Dirçəliş Günü kimi bayramlar sırasına daxil edildi.


Bu mitinqləri yalnız dekabrın 5-də sovet qoşunları zor gücünə dağıdıb. Həmin vaxt bir nəfər dünyasını dəyişib, aksiyanın onlarla iştirakçısı həbs edilib.


Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu gün paytaxtda rəsmi bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulmayıb. Bu hadisələrdən sonra yaranmağa başlayan və əsasən indi müxalifətdə olan partiyalar da Milli Dirçəliş Gününü öz qərargahlarında qeyd edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG