Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:23

'Qarışqatək tapdananlar”: Çinli fəhlələr Belarusun sərt reallığı ilə üz-üzə


Belarusda yüzlərlə çinli işçinin keçirdiyi etiraz miqrantların bu qapalı ölkədəki ağır güzaranını gündəmə gətirib

AzadlıqRadiosu Belarus xidməti ilə Claire Bigg-in birlikdə hazırladıqları reportajda söhbət keçmiş sovet respublikasında çalışan çinli miqrantların ağır həyatından gedir.

Katsyarina cənub-şərqi Belarusun kiçik Dobruş şəhərində yaşayır.

Bir vaxtlar sakit olan bu yerlərdə iki il əvvəl karton fabrikinin tikintisi başlanandan bəri çinli fəhlələr qarışqa kimi qaynaşırlar.

“Onlar saat kimi dəqiqdirlər. İşə səhər 5.30-da başlayırlar” – deyir tikintiyə bitişik küçədə yaşayan Katsyarina.

Lukashenkanın Çin sevgisi

Ölkəyə iki onillik dəmir yumruqla rəhbərlik edən avtoritar prezident Alyaksandr Lukashenka bərbad insan haqları ilə bağlı Qərbin sanksiyaları ilə təklənmiş Belarusa Çin investorlarını cəlb etməyə çalışır.

Onlar saat kimi dəqiqdirlər. İşə səhər 5.30-da başlayırlar

Hakimiyyətin dediyinə görə,hazırda ölkədə 4200 çinli fəhlə Çin tərəfindən maliyyələşdirilən layihələrdə çalışır.

Onlardan min nəfəri Dobruşda, cəmi 18 min əhalisi olan bu “yuxulu” kiçik şəhərdə işləyir.

Belarus Minsk yaxınlığında böyük sənaye parkının tikintisi üçün daha 6663 çinli fəhləyə viza verib.

Bu nəhəng park müştərək Çin-Belarus layihəsidir.

200 hiddətlənmiş çinli

5 milyard dollar dəyərində olan 80 kvadrat kilometrlik bu sənaye qovşağı Lukashenkanın sevimli layihəsidir, lakin həm də Çinin Avropada ən böyük sənaye parkı olmalıdır.

Amma belə görünür ki, Belarus hakimiyyəti Çin miqrantlarının normal yaşaması və işləməsi üçün çox az iş görür.

Belarusda sement zavodu tikəm çinli miqrantlar

Belarusda sement zavodu tikəm çinli miqrantlar

İyunun 2-də 200-dək hiddətlənmiş çinli fəhlə maaşlarının ödənmədiyinə görə balaca Dobruşun küçələrinə çıxıb.

Yaxınlıqdakı Homel şəhərinə yürüdükdən sonra onlar 300 kilometr aralıda olan paytaxt Minskə yollanıblar ki, Çin səfirinə petisiya təqdim etsinlər.

Belarus polisi ilə toqquşma

Hər hansı formada fərqli düşüncənin Lukashenka tərəfindən əzişdirildiyi Belarusda nümayiş nadir hadisədir.

Yerli medianın məlumatına görə Çin səfirliyi əvvəlcə fəhlələri dilə tutaraq onlara sakitcə dağılışmağı və avtobuslara minərək Dobruşa qayıtmağı tövsiyə edib.

Lakin o vaxt internetə çıxmış videodan görünür ki, çinli fəhlələr Belarus polisi ilə toqquşublar.

Dobruşdakı çinli fəhlələr AzadlıqRadiosuna bildiriblər ki, karton fabrikini tikən Çin şirkəti polisi özü dəvət edib. Şirkət rəhbərliyi polisə məlumat verib ki, guya fəhlələr Belarus hökumətinə qarşı etiraz edirlər.

Üçmərtəbəli çarpayılar

Fəhlələr deyirlər ki, şirkət indi üç ayın maaşından iki ayını ödəyib.

Lakin fəhlələrin çoxu ruhdan düşərək Çinə qayıtmağı düşünürlər.

Fəhlələr deyirlər ki, onlar həftənin 7 gününü 10 saatlıq növbədə işləyir və yalnız 15 dəqiqəlik nahara çıxırlar.

Biz müsahibə verə bilmərik. Əks halda bosumuz bizi qarışqa kimi tapdalayar

Onlar tikinti sahəsində yerləşən yataqxanalarda yaşayır, üçmərtəbəli çarpayılarda yatırlar. Onlarla fəhlə öz yeməyini darısqal mətbəxdə hazırlayır.

“Biz qul kimi işləyirik, - deyir miqrantlardan biri, - Mən əvvəllər Çindən xaricdə işləməmişəm, lakin burda gördüklərimdən sonra bir də xaricə getməyəcəyəm”.

Bəzi fəhlələr AzadlıqRadiosuna deyiblər ki, Çin şirkəti onların pasportlarını əllərindən alıb. Onlara mobil telefonları üçün yerli SİM kartlarının alınması qadağan olunub.

“Biz müsahibə verə bilmərik. Əks halda bosumuz bizi qarışqa kimi tapdalayar” – deyib fəhlələrdən biri.

Balaca Dobruşun böyük ürəyi

Dobruşda çalışan çinlilərdən çoxu kənd yerlərindən gəliblər və iş üçün Çin agentliyinə 200-2000 dollar arası pul ödəyiblər.

Onların maaşları Belarusun 600 dollarlıq orta əməkhaqqından iki-üç dəfə yüksək olsa da, bu, hər halda onlara Çində vəd edilmiş puldan çox azdır.

Dobruşda Çin zarafatı

Dobruşda Çin zarafatı

Maraqlıdır ki, sakit Dobruşun sakinləri çinlilərin etiraz aksiyasına gözlənilməz həmrəylik göstəriblər.

Belarusların çoxu maaşların ödənilməməsinin nə olduğunu yaxşı bilir.

Gilas oğurluğu nədir ki?

“Onlar düzgün iş görürlər. Mən onları tamamilə dəstəkləyirəm – deyir Homel tikintilərindən birində çalışan dobruşlu Uladzimir, - Bizim maaşlarımızı da gecikdirilər. Amma üç ay lap ağdır. Hər şeyin əndazəsi olmalıdır”.

Bizim maaşlarımızı da gecikdirilər. Amma üç ay lap ağdır. Hər şeyin əndazəsi olmalıdır

Bir çox dobruşlu kimi Alyaksandr da çinlilərin uzun növbələrdə işləmələrindən heyrətə gəlib.

“Bəzən mən gecələr tikintinin yanından keçirəm və görürəm ki, onlar hələ də işləyirlər, - deyir o, - yük maşınları projektorların işığı altında gedib-gəlirlər”.

Tikintinin qonşuluğunda yaşayan Katsyarina da yeni əcnəbi qonşularına rəğbət duyur.

“Mənim bu uşaqlara yazığım gəlir” – deyir qadın.

Katsyarina onun bağından xəlvətcə gilas dərən çinliləri çoxdan bağışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG