Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

- "Ancaq onun bir şair kimi özünəməxsusluğu sağlığında deyil, yalnız ölümündən sonra qiymətləndirildi ki, bu da Azərbaycan ədəbi mühiti üçün normal hal sayılmalıdır, çünki Əli Kərim vaxtilə şeirlərinin birində yazmışdı ki: Bəzən haqq qazanır insan öləndə."

Vaqif Yusifli

Novator şair

Əli Kərim XX əsr poeziyasında özünəməxsus, orijinal və bənzərsiz bir sənətkar olmuşdur - bu fikri ustad Rəsul Rzadan tutmuş bütün söz sərrafları da təsdiq edir.

Azərbaycan şeirinin altmışıncı illərdən başlayaraq, dərininə – keyfiyyətə doğru inkişafında, intellektual səviyyəsinin yüksəlməsində Əli Kərimin müstəsna xidmətləri var.

Ancaq onun bir şair kimi özünəməxsusluğu sağlığında deyil, yalnız ölümündən sonra qiymətləndirildi ki, bu da Azərbaycan ədəbi mühiti üçün normal hal sayılmalıdır, çünki Əli Kərim vaxtilə şeirlərinin birində yazmışdı ki: "Bəzən haqq qazanır insan öləndə".

Doğrudan da, şairin ölümündən sonra onun yaradıcılığı ilə bağlı xeyli məqalələr yazıldı, dissertasiya qələmə alındı, monoqrafik tədqiqatlarda ona xüsusi fəsillər həsr olundu.

Ancaq bu yazıların yalnız az qismi, Əli Kərim yaravdıcılığının özünəməxsus xüsusiyyətlərini açıqlaya bildi. Məsələ burasındadır ki, əksər məqalələrdə yalnız bu suala cavab verilirdi: "Əli Kərim nə yazmışdır?"

Əli Kərim şeirimizdə "fərdi intellektual üslub" deyilən bir istiqamətin nümayəndəsidir. Məhz obrazlı, emosional, poetik bir intellekt bu əsərlərin Əliyə məxsus fərdi bədii ədasını şərtləndirir

Amma əslində, "Əli Kərim necə yazmışdır?" sualına cavab vermək lazım idi. Həmin suala ilk cavabı da biz görkəmli tənqidçi Yaşar Qarayevin "Həmişə səfərdə" məqaləsində (1970) cavab tapdıq.

Yaşar Qarayev yazırdı: "Əli şeirimizdə "fərdi intellektual üslub" deyilən bir istiqamətin nümayəndəsidir. Məhz obrazlı, emosional, poetik bir intellekt bu əsərlərin Əliyə məxsus fərdi bədii ədasını şərtləndirir.

Şairi ayrılıqda anın və dəqiqənin, faktın təfərrüatı maraqlandırmır. O, həmişə yalnız iti bir fikrin nüfuz edə bildiyi gizli, daxili, həqiqi mahiyyətin kəşfi, icadı üçün axtarışa çıxır, ən adi, real həyati süjetə və fakta da simvolik bir məna verir.

Bu ikinci mənadan - simvolik mənadan məhrum obraz və hadisələr bu poeziya üçün qeyri-səciyyəvidir".

Əli Kərim şeirinin mövzu və məzmun dairəsi, ideya dolğunluğu və genişliyi, rəngarəngliyi barədə kifayət qədər söz açmaq olar.

Yəni yaşadığı qısa zaman müddətində şair onu düşündürən bütün məsələlərə biganə qalmamış, öz dövründən tarixin ən uzaq çağlarınacan, yaşadığı məkandan dünyanın ən uzaq qitəsinəcən "yol getmişdir".

Tədqiqatçılar şairin fərdi poetik üslubundan söz açarkən onun assosiativ poetik təfəkkürə malik olduğunu və bu cəhətiylə başqalarından seçildiyini xüsusilə vurğulamışlar..

Arif Abdullazadə yazırdı ki: "Əli Kərim şeirində assosiativlik Rəsul Rza yaradıcılığında olduğu qədər kəmiyyətcə zəngin sayıla bilməz.

"Məsələ burasındadır ki, əksər məqalələrdə yalnız bu suala cavab verilirdi: "Əli Kərim nə yazmışdır?" Amma əslində, "Əli Kərim necə yazmışdır?" sualına cavab vermək lazım idi."

Ancaq keyfiyyət və üslubi müstəqillik baxımından isə Əli Kərim şeiri heç kəsə bənzəmir"

Cavanşir Yusifli Əli Kərimin Azərbaycan poeziyasında yeri və mövqeyini belə müəyyənləşdirir:

"Şair kimi Əli Kərimin missiyası Azərbaycan poeziyasında yeni mərhələ yaratmaqdan ibarət idi".

Tədqiqatçı Əli Kərim poeziyasının özünəməxsusluğunu açıqlamaq üçün ilk növbədə, bunu şairin forma-sənətkarlıq axtarışlarında izləyir, onun poetik sisteminin müəyyənedici cəhətlərini, bədii dilinin obrazlılığını, poetik mətnlərinin gizlinlərini aşkarlamağa çalışır.

Fikrimizcə, Əli Kərim şeiri Azərbaycan poeziyasında SÖZÜN DİRİLMƏSİ, EHYA OLUNMASI, SÖZÜN POEZİYAYA ÇEVRİLMƏSİ kimi böyük bir missiyanı həyata keçirdi.

Heç şübhəsiz, bu missiyanın həyata keçirilməsində Əli Kərimlə yanaşı, digər şairlərin də rolunu unutmaq olmaz.

Sovet poeziyası Sözün gizlinlərdə qalan potensialının tam qüvvətlə üzə çıxmasına böyük maneə yaradırdı.

Səməd Vurğunun poetik ustalığı sayəsində şeir lisanımız xəlqiləşdi, amma dilin bədii təçvir arsenalı,obrazlar, metaforalar, məcazlar qatı tam açılmadı.

"Bu dildə varlığın hər sədası var" - bu, Əli Kərimin misrasıdır və həmin misra - dərk edilmiş zərurət tam reallığı ilə ilk dəfə Əli Kərim poeziyasında öz bəhrəsini verdi.

Elə bil köksündən çəkib çıxarır

Titrək kəmanəni bir xəncər kimi.

Ondakı ağrını,

qanı,

kəlamı

Töküb ,

titrədirdi hər gümüş simi.

Sözlü ürəyinə yəib başını,

Hər bir adiliyə yumub gözünü

Çalır,

yırğalanır səs dəryasında.

O çalmır elə bil

Unutmuş bizi,

Dərin bir yuxuya yuvarlanıbdır.

Hansı əsrdəsə ilişib qalıb,

Neçə əsrdir ki, xumarlanıbdır.

Mahir kaman ustası Habilə həsr olunan bu şeir sözlərin, söz birləşmələrinin, misraların necə ahəngdar bir şəkildə birləşib poetik vəhdət yaratmasının əyani sübutudur.

Hələlik şeirin iki bəndini təqdim elədik, amma bü iki bənddə elə buradaca bitə, sona vara biləcək bir tamlıq var.

Şair həm Habilin zahiri görünüşündə üzə çıxan daxili dünyasını əks etdirir, həm də əsrləri dilə gətirir. Habil həm bu dünyanın - bu əsrin adamıdır, həm də ötən əsrlərin. Davam edək:

Əli-kəmanədir,

kəmanə-əli.

Çalır kamançanı

kəmanə özü.

Gözümdə ilk məna dəyişir,

dönür,

Dünya düşəcəkmi sahmana özü?

Elə bil unudub segahı Habil.

Qırılsa musiqi o neyləyəcək?

Habil ilan dili çıxarır, nədir,

Arzu qızmarında ilantutantək.

Bu iki bənddə isə Habil kamanının sehri canlandırılır. Habilin kamana, kamanın Habilə çevrilməsi "prosesi" sözlərin yaratdığı çoxçalarlı məcazların bir-birini əvəz etməsində üzə çıxır.

Misralar arasından Habil kamanının yanıqlı səsini də eşidirsən. Əli Kərimə məxsus bənzərsiz məcazlar heyrətə gətirir səni – "Habil ilan dili çıxarır nədir, Arzu qızmarında ilantutantək".

Bu müqayisə hansı şairin ağlına gələ bilərdi? Yenə davam edək:

Habilin gözünə qonur damlalar,-

Eşqilə simlərə qonur damcılar.

Qonur, Habil isə yumur gözünü,

Qorxur ki, damlalar,

düşər,

dağılar.

Segah gah uzanır bir ağrı kimi,

Onu üfüqlərə sancır kəmanə.

Düşüb Yer kürəsi gah bir guşəyə,

Gah sakit fırlanır, gah yana-yana.

Sonuncu iki bənd iki mənaya xidmət edir - həm tamamlayıcı funksiyanı yerinə yetirir, musiqidən yaranan ağrı, məhəbbət təbiəti sahmana salır, dünyada bir harmoniya, ahəngdarlıq yaradır.

Damcılı bulaq Habil əllərinin qüvvətinə təslim olur. Həm də ikinci məna- şeir sanki bitmir, çünki musiqi davam edir.

Şair Habil kamanının sehri ilə oxucuda dünyanın sahmana düşəcəyinə bir inam oyadır. Şeiri oxuduqca sözlərin necə DİRİLDİYİNİN, CANLANDIĞININ şahidi olursan.

Habilin əlləri, Habilin gözü, damcılar, damlalar… bu sözlər və söz birləşmələri sanki şeirdə ilk dəfə işlədilirmiş kimi bir təsəvvür yaradır.

Əli Kərim poeziyasından söz açan müəlliflər iki mühüm cəhəti də xüsusilə qeyd edirlər. Bunlardan birincisi, Əli Kərimin bir şair kimi mövzu məhdudluğu ilə üzləşməməsidir.

Professor Tofiq Hacıyev qeyd edir ki, Əli Kərimin "mövzuları ən azı əsərlərinin sayı qədərdir. Düzdür, bəzi mövzularda bir neçə əsər yazdığı da olub, ancaq, əvvələn, hər dəfə həmin mövzuya bir tərəfdən yanaşıb-predmeti poetik lövhəyə köçürərkən hər dəfə baxım mərkəzini dəyişib, hər dəfə bir əlaməti "qəhrəman" götürüb".

Deyə bilərik ki, Əli Kərimin hər bir şeiri mövzusundan asılı olmayaraq öz müstəqil "həyatını" yaşayır.

Azərbaycan şeirində (xüsusilə müharibədən sonrakı dövrdə-V.Y.) eyni bir mövzunun işlənməsində şablonlar, steotiplər istənilən qədərdir.

Məsələn, müharibə mövzusunu götürək. Bu mövzuda minlərlə şeir, yüzlərlə poema qələmə alınıb, amma bu kəmiyyət heç də keyfiyyət göstəricisinə çevrilməmişdir, poeziya tarixində müharibə mövzusu ilə bağlı yalnız bəzi nümunələr xatırlanmaqdadır.

Əli Kərimin müharibə mövzusunda yazdığı şeirlərin hər biri indinin özündə də bədii təravətini itirməmişdir. Səbəbi isə budur ki, Əli Kərim istənilən bir şeirini mövzu xatirinə qələmə almırdı, əsas məqsəd şeirə xas olan obrazlılığı, bədii təsvir vasitələrinin rəngarəngliyini yaratmaq idi.

"Alman əsir", "Bomba üstündə ev", "Analar ağlar", "№ 3702", "Gül və çörək" şeirləri, həmçinin "Heykəl və heykəlin qardaşı" poeması müharibənin doğurduğu ağrı və acıları təsvir edir.

Ancaq bunlar adi təsvir deyil, obrazlılıq üzərində qurulan təsvirlərdir. Məsələn, "Alman əsir" şeirini götürək. Şair burada Göyçaydan keçib Mingəçevirə gedən əsirləri bir uşağın gözləriylə seyr edir.

"Əsirin biri birdən bir uşaq gördü, durdu, Əsirə nə oldu bəs? Bir ildırımmı vurdu? Dünən bu uzundraz cəllad olmuşdu çox da: xəfəli göy gözləri qalmışdı bu uşaqda. Əsir durub baxırdı diqqətlə, yaxşı-yaxşı. Tökülürdü o cəllad gözdən insan baxışı, mehribanlıq yağışı. Fikrə getmişdi hamı… Gözətçi hey səsləyir toz içində uzaqdan. Əsir ayrıla bilmir gözləri mavi kinli, bu qalib, doğma və yad, bu sevimli uşaqdan."

Əli Kərim poeziyasına xas olan ikinci mühüm bir cəhət onun poema yaradıcılığı ilə bağlıdır. Tədqiqatçılar onun poemalarından da xüsusi məhəbbətlə söz açmışlar, amma şeirlərinin təhlilində olduğu kimi genişliyə, əhatəliliyə varmamışlar.

Şairin poemaları onun şeirlərinə xas olan bir çox xüsusiyyətləri tam halda özündə əks etdirir. Şeirlərinə xas olan obrazlılıq, fikirlə hissin vəhdəti, bədii təsvir vasitələrinin əlvanlığı, assosiativ ifadə üsulu, bir sözlə, sözlərin poeziyaya çevrilməsi poemalarında da hifz olunur.

Ancaq Əli Kərimin poemalarının məziyyətini təkcə şeirlərinin gözəlliyi ilə müqayisə eləmək doğru olmazdı. Bu poemalar ilk növbədə, janrın poetikasını zənginləşdirən əsərlərdir.

"İlk simfoniya" və "Üçüncü atlı" poemaları lirik-epik səpgili poemalar kimi təqdim olunmuşlar.

Ancaq hər iki poemada bunların sərhəddini müəyyənləşdirmək çətindir, çünki hadisələrin, təfərrüatların təsvirində lirika ilə epiklik bir-birinin daxilindədir, vəhdət halındadır.

Ona görə də Əli Kərimin "İlk simfoniya" və "Üçüncü atlı" poemalarını lirik hisslər, duyğular, "düşüncələr romanı" kimi də səciyyələndirmək olar. Bu mənada "İlk simfoniya" poeması xüsusilə diqqətəlayiqdir.

Bu poema ilə Əli Kərim ilk dəfə "Motsart və Salyeri" mövzusunun Azərbaycan ədəbiyyatında bədii həllinə nail oldu, sənətdə dahiliyin, bənzərsizliyin nadanlıq, cahillik, biganəlik, riyakarlıq və paxıllıqla üzləşdiyini İlhamla Azadın qarşılıqlı münasibətlərində canlandırdı.

Əli Kərimin bu iki poemasında sanki ayrı-ayrı parçalar bir ana çaydan ayrılıb şaxələnən, sonra yenə o çaya qovuşan kiçik qolları xatırladır.

Bu da Ə.Kərimin təkcə poema janrına deyil, həm də nəsrə bələdliyini sübut edirdi. Sonralar o, "Pillələr" romanını yazacaqdı, bu romanda da o, obrazların psixoloji halətini, hiss və həyəcanlarını bədii lövhələrə çevirəcəkdi.

Əli Kərimin Azərbaycan poeziyasında özünəməxsus şair fərdiyyəti təkcə bu deyilənlərlə məhdudlaşmır. Onun obraz yaratmaq məharəti sözün əsl mənasında adamı heyrətə gətirir.

"Van-Qoqun günəşi", "Xirosimada məktəbsiz uşaq", "Salyeri", "Şəhidliyin zirvəsi", "Atamın xatirəsi", "Poçtalyon", "Qonşuda bir qız ağlar", "Füzuli", "Babəkin qolları" şeirləri Azərbaycan poeziyasında sözlə portret yaratmağın ən parlaq nümunələridir.

Şeirimizdə Ata itkisindən çox yazıblar, amma Əli Kərimin Ata obrazı 22 misralıq şeirdə bu itkini bizə unutdurur, Atanın sadə ömür yolunun cizgi-cizgi mənalandığını və nəticədə, adiliyin qeyri-adi mənzərəsi ilə qarşılaşırıq:

bu Ata sərtdir, qəlbindəkindən bircə dəfə söz açmaz, "övladına bircə kərə "can" söyləməkdən, övlad üçün can verməyi" asandı ona", "sevgisi də soyuq idi - təzə əkini hər bəladan hifz eləyən qalın qar kimi".

Dahi Van Qoqun Günəş tablosunu yaradarkən keçirdiyi sənət yanğısı və Günəşi çəkə-çəkə Günəşə dönməsi, Nəsiminin şəhidlik anındakı dəhşətli mənzərənin tarixləri "qızartdığını" Əli Kərim təkcə şair kimi deyil, rəssam məharəti ilə canlandırır.

Əli Kərimin "Pillələr" romanı, "Mavi nəğmənin sahilində" povesti nəsr dililə yazılan poetik əsərlərdir, - desək, səhv etmərik. O, nəsrində də şair idi, təhkiyeyi-kəlamı şeirə məxsus obrazlılıq, poetik təsvir vasitələri ilə zəngin idi.

Şairin "İnsan dünyaya bənzər - Səfərdədir əbədi" misralarını xatırlayıram. Məncə, Əli Kərimin səfəri də əbədidir, çünki hər yeni nəsil üçün o, təzədən doğulur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG