Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

Ümumvətəndaşlıq pasportlarının müddətinin uzadılması təklif edilir


Yaxın on gündə təkliflər millət vəkillərinin müzakirəsinə çıxarılmalıdır

Yaxın on gündə təkliflər millət vəkillərinin müzakirəsinə çıxarılmalıdır

Yaxın vaxtlarda Azərbaycanda ümumvətəndaşlıq pasportlarının verilməsi qaydalarında bəzi dəyişikliklər ola bilər. Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi təkliflərə görə, ümumvətəndaşlıq pasportu vətəndaşa indiki kimi, 30 günə deyil, 3-5 günə verilə bilər. Ancaq buna görə, dövlət rüsumu kimi 120 manat ödəmək lazım gəlir. Millət vəkilləri bildirirlər ki, elə indi də kiməsə təcili pasport lazım olanda, 120 manat civarında müxtəlif qeyri-rəsmi xərclər çəkməli olurlar. Amma yenə də əvvəlki qaydada kimsə pasportu təcili deyil, bir ay müddətinə almaq istəsə, indiki kimi, 22 manat dövlət rüsumu ödəməlidir.


«Rüsumu artırmaq məmurlara əlavə bir gəlir mənbəyi formalaşdırır. Biz onsuz da, vergilərdən və dövlət imkanlarından istifadə edərək, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarını yetərincə təmin edirik»
Pasportların qüvvədə olma müddətinin də uzadılması təklif edilir. Parlamentin komissiyalarında müzakirə edilən təklifdə deyilir ki, ümumvətəndaşlıq pasportları indiki kimi, 5 illiyə deyil, 10 il müddətinə verilsin, əvəzində isə, dövlət rüsumu 22 manat deyil, 40 manat alınsın. Amma vaxtın uzadılmasına görə, məbləğin bu qədər qaldırılmasına etiraz edənlər də var.

Millət vəkili Asim Mollazadə: «Rüsumu artırmaq məmurlara əlavə bir gəlir mənbəyi formalaşdırır. Biz onsuz da, vergilərdən və dövlət imkanlarından istifadə edərək, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarını yetərincə təmin edirik».


Cənab Mollazadə zərurət olduqda 120 manat verməklə 5 gün müddətinə pasport almağın mümkünlüyünü müsbət dəyərləndirsə də, adi halda pasportların 30 günə verilməsinə qarşı çıxır və bu müddətin 15 günə endirilməsini təklif edir.


Təklifləri Milli Məclisə təqdim edən Maliyyə nazirinin müavini Azər Bayramov isə düşünür ki, səslənən iradların bəziləri qəbul edilə bilər, amma dövlət rüsumunun miqdarı və pasportun verilmə müddəti barədə təkliflərdə bəzi hesablamalara əsaslanıblar: «5 illik pasportların dövlət rüsumu 22 manatdır. Pasportların 10 il müddətinə verilməsi üçün rüsum da 40 manat müəyyən edilib. Burda rüsumun ağırlaşdırılmasını demək düz deyil. Çünki əslində, müddəti iki dəfə artırdıqda rüsum 44 manat olmalı idi. Hazırda isə 40 manat müəyyən etməklə məbləğ aşağı salınır. Pasportlar sürətləndirilmiş halda - yəni 5 gün müddətinə verildikdə rüsumun artırılaraq 120 manata çatdırılması isə pasport alanın öz istəyindən asılıdır. 30 günün 15 və ya daha aşağı müddətə salınması isə hesab edirəm ki, mümkündür».


Hələlik pasportlarla bağlı təkliflər layihəni hazırlayan işçi qrupda təkrar müzakirədədir. Parlamentin spikeri Oqtay Əsədov bildirir ki, yaxın on gündə təkliflər millət vəkillərinin müzakirəsinə çıxarılmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG