Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Ziyalılar söz azadlığına hücumları pisləyirlər


Ziyalılar hesab edir ki, alternativ fikrə dözümlülük göstərilməlidir, 16 noyabr 2006
Ziyalılar hesab edir ki, alternativ fikrə dözümlülük göstərilməlidir, 16 noyabr 2006
Noyabrın 16-da da bir qrup ziyalı bir araya gələrək söz və mətbuat azadlığına təzyiqləri pislədilər. Ziyalılar müraciət də qəbul etdilər. Müraciətdə bildirilir ki, istər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetini öz binasından çıxarmaq istəməsi, istərsə də televiziya kanallarının bəzilərinə lisenziyanın verilməməsi söz azadlığına qarşı hücumdur. Ziyalılar «Azadlıq» qəzetinin müdafiəsi ilə bağlı keçirilən aclıq aksiyasına da tərəfdar olduqlarını bildirdilər. Müzakirələrdə hakimiyyətin ictimai fikirlə hesablaşmadığı qeyd edildi. Professor Niyazi Mehdi ictimai fikrin nəzərə alınmamasını ölkədə azad və ədalətli seçkilərin keçirilməməsi ilə izah etdi.

Niyazi Mehdinin sözlərinə görə, ictimai fikrin nəzərə alınmadığı ölkələrdə etiraz aksiyaları effektsiz olur. O, hesab edir ki, avtoritar ölkədə yalnız iki yolla demokratik islahatlara nail olmaq olar: ya dövlət başçısı yuxarıdan islahatlara başlamalıdır, ya da beynəlxalq təşkilatlar təzyiqlərini artırmalıdırlar.


«Media Forum» saytının redaktoru Azər Qaraçənli isə deyir ki, Azərbaycanda nəinki ictimai fikir, heç beynəlxalq təşkilatların rəyi də nəzərə alınmır. Azər Qaraçənli yada salır ki, noyabrın 15-də Bakıdakı diplomatik korpusun təmsilçiləri də aclıq aksiyasının iştirakçılarına baş çəkiblər. Üstəlik onlar birgə bəyanat yayaraq həm «Azadlıq» qəzetinin bina, həm də bəzi televiziya kanallarına lisenziya probleminin söz azadlığının pozulması yolu ilə həll edilməməsinin vacibliyini qeyd etmişdilər. Azər Qaraçənli deyir ki, əgər beynəlxalq rəy nəzərə alınsaydı bu bəyanata da müsbət reaksiya bildirilərdi. Onun sözlərinə görə hakimiyyət indi ictimai rəylə hesablaşmaqdansa onu dəyişmək yolunu tutub. Elə bəzi kütləvi informasiya vasitələrinə təzyiqlər də bu istəklə izah edilməlidir.


Parlamentin İnsan Hüquqları Komissiyasının sədri Rəbiyyət Aslanova isə deyir ki, hakimiyyətin ictimai fikirlə hesablaşmadığı haqqında deyilənlər həqiqət deyil. Onun sözlərinə görə sadəcə hakimiyyət sağlam fikrə hörmət edir: «Əgər bu rəylər sağlamdırsa, ölkədəki inkişafı görürsə mütləq nəzərə alınır. Biz ictimai rəyi dəyişmək istəyən, ziyanlı mövqelər ortaya qoyan qüvvələrə qarşıyıq».


İndi Azərbaycanda hansı fikir cəmiyyət üçün sağlam, hansı fikir ziyanlı hesab edilir bu da mübahisə mövzusuna çevrilib. «Far» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə deyir ki, yalnız keçmiş SSRİ kimi ölkələrdə hamı eyni cür fikirləşə bilər. Həmin ölkələr isə sonda dağılmağa məhkumdurlar.


Elə ziyalıların bu gün qəbul etdikləri müraciətində də alternativ fikrə dözümsüzlükdən bəhs edilir. Sənətdə qeyd edilir ki, alternativ fikrə dözümsüzlük ölkəni sovet qaydaları ilə idarə etməyə qayıdış kimi başa düşülməlidir…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG