Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:03

Azərbaycan-Nyu Meksiko: «yağ kimi» münasibətlər


Nyu-Meksiko ilə keçmiş sovet respublikası olan Azərbaycanı 7 min millik məsafə ayırır.
Nyu-Meksiko ilə keçmiş sovet respublikası olan Azərbaycanı 7 min millik məsafə ayırır.

-

«Nyu-Meksiko ilə keçmiş sovet respublikası olan Azərbaycanı 7 min millik məsafə ayırır. Ancaq bu, iki ölkənin siyasi əlaqələrinin yaxşılaşmasına, rəsmi naharlara, konqresmenlərin Azərbaycana səfərlərinə mane olmur». Dan Boyd abqjournal.com saytında belə yazır.

Müəllif ABŞ-ın bu ştatından yüksəkçinli senatorun son illər Azərbaycana səfər edənlərdən biri olduğunu vurğulayır. Ancaq həmin xanım ödənişli səfərlərinin təhsil məqsədi daşıdığını, əvəzində onlardan heç nə istənilmədiyini israrla bildirir.

«ƏVƏZİNDƏ NƏ İSƏ TƏLƏB OLUNMAYIB»

«Məncə, sadəcə aramızda əsl dostluq yaranıb», - Senat prezidenti Mary Kay Papen son müsahibələrinin birində deyib. «Şəxsən mən heç vaxt əvəzində nəyinsə tələb olunduğunu hiss etməmişəm».

Ancaq müəllif diqqəti son üç ildə Nyu-Meksiko qanunvericilərinin qəbul etdiyi qətnamələrə yönəldir. Hüquqi qüvvəsi olmayan bu sənədlər Azərbaycanın dəyərlərini, dünyəvi müsəlman ölkəsi ilə «Məftunluq torpağı»nın (Ştatın təxəllüsüdür-red.) münasibətlərini mədh edir. İstər Nümayəndələr Palatası, istərsə də Senatda qəbul olunmuş qətnamələr çox kiçik müzakirəyə səbəb olur, yekdilliklə qəbul olunur.

Təkcə bu il qəbul olunmuş sənədlər Azərbaycan hökumətinin dözümlülük, qarşılıqlı hörmət mühiti yaratdığını vurğulayır, ölkənin regional sabitsizliyin qarşısını almaq cəhdlərini alqışlayır.

«Azərbaycanda elə bir mühit yaranıb ki, müsəlmanlar, yəhudilər və xristianlar dinc yanaşı yaşayır», - 99 saylı Senat qətnaməsi 31-0 səs çoxluğu ilə qəbul olunub. Nümayəndələr Palatasının oxşar sənədi də bu cür səslənir.

Bu sənədlərin hüquqi qüvvəsi olmasa da, onların surətləri prezident Barack Obama, ABŞ-ın Azərbaycandakı səfirinə, digər rəsmilərə göndərilir.

KƏSİB ATMAMAQ

«Azərbaycanın tənqidçiləri də az deyil», - müəllif yazır. Jurnalistləri Müdafiə Komitəsi onu dünyada senzuranın mövcud olduğu 10 ölkənin siyahısına daxil edib. «Amnesty International» bildirir ki, ölkədə hökumətin tənqidçiləri, jurnalistlər, siyasi fəallar həbs olunur.

M.K.Papen bu tənqidlərdən agah imiş, ancaq bütün bunları Azərbaycanla münasibətləri kəsmək üçün səbəb saymır.

«Demokratik olmağa çalışan, Birləşmiş Ştatlara dost ölkələrdən üz çevirməliyik?» - Papen «Albuquerque Journal»a deyib. «Daha yaxşı münasibətlər və dostluq əlaqələri qurmalıyıq, onları kəsib atmamalıyıq».

Yazıda daha sonra qeyd olunur ki, Nyu-Meksiko Azərbaycanın diqqətinə layiq görülmüş, oxşar qətnamə və memorandumların qəbul olunduğu tək ştat deyil, 30-dan çox ştatda oxşar tendensiya var.

ƏN ÇOX NÜMAYƏNDƏ GÖNDƏRƏN ŞTAT

2014-cü ildə BuzzFeed saytı yazıb ki, Azərbaycan 2013-cü ildə Birləşmiş Ştatlarda lobbiçiliyə pul xərcləyən 10 xarici subyektdən biri olub, bu işlərə 2 milyon dollardan çox vəsait gedib.

«Ancaq bu ştatın siyasətçiləri həmin diqqətə qarşılıq verməkdə daha çox can atırlar. Nyu- Meksiko 2013-cü ildə Bakıda keçirilən konfransa ən çox - 25 nümayəndə göndərib». Həmin konfransı Azərbaycan Dövlət Neft Şirkətinin maliyyələşdirdiyi ortaya çıxmışdı.

M.K.Papen deyir ki, hər iki siyasi partiyadan yetərli sayda qanunverici son illər Azərbaycana səfər edib. Həmin qanunvericilərin siyahısı yoxdur, çünki belə səfərlər üçün icazə tələb olunmur. Qanunvericilər ödəniş almırlarsa, ümumiyyətlə, səfərləri barədə məlumat vermirlər.

QEYDİYYATA ALINMIŞ LOBBİÇİLƏR

Digər ştatların deputatları 10-günlük səfərlərə dəvət olunublar. Bu səfərin pulunu Azərbaycan hökuməti ödəyib və səyahət əlaqələr, ticarət tərəfdaşlığı qurmaq imkanları kimi təqdim olunub. Bu barədə «Arizona Capitol Times» yazıb.

Nyu-Meksikoda deputatların «məhdud donorlar»dan dəyəri 250 dollardan artıq hədiyyə qəbul etməsi qadağandır. Azərbaycan hökumətinin bu təsnifata uyğun gəlib-gəlmədiyi bəlli deyil. Azərbaycana bağlı qruplar ştatın qeydiyyata alınmış lobbiçiləri siyahısında deyillər. Azərbaycan rəsmilərinin ştat qanunvericilərinə hər hansı yardımı barədə də maliyyə hesabatı yoxdur.

Ancaq Azərbaycanın Dostları Assambleyası 25 deputatın Xocalı faciəsinin ildönümünə həsr olunmuş qəbulda iştirak etdiyini yazıb. Azərbaycanın Los-Ancelesdə baş konsulu Nəsimi Ağayev M.K.Papen-lə fotosunu bu sözlərlə təsvir edib: «Nyu-Meksiko senatoru, Azərbaycanın və digər azadlıqsevər millətlərin böyük dostu Mary Kay Papen-lə».

ERMƏNİ MÜXALİFƏTİ

Müəllif Azərbaycanla bağlı qətnamələrə etirazların da olduğunu vurğulayır. Senator Gerald Ortiz y Pino BuzzFeed-ə deyib ki, 2013-cü ildə memorandum qəbul olunarkən Azərbaycana səfər etməmiş deputatlar «gözlərini döyürdülər». Yaxud 2014-cü ildə oxşar qətnamə Havay ştatında rədd olunub. Bu, daha çox erməni icması üzvlərinin canfəşanlığı sayəsində mümkün olub.

Nyu-Meksikodan konqresmen Michelle Lujan Grisham 2013-cü ildə SOCAR-ın maliyyələşdirdiyi konfransa qatılanlardan biri olub və adı «The Washington Post»un «qara siyahı»sına düşüb.

Müəllif hər şeyə rəğmən Nyu-Meksiko və Azərbaycan tərəfdaşlığının çiçəkləndiyini qeyd edir. Bu ilin əvvəlində Nyu-Meksiko Dövlət Universitetinin prezidenti, ştatın keçmiş qubernatoru Garrey Carruthers Azərbaycanın Dostları Assosiasiyası ilə razılaşma imzalayıb. Razılaşmaya görə, universitet tələbələrinə Bakı Yay Enerji Məktəbində iştirak üçün təqaüd veriləcək. Təqaüdə «Exxon Mobil» və digər qruplar sponsorluq edir. Nyu-Meksiko Universiteti ilə Nyu-Meksiko Mədən və Texnoloji İnstitutunun tələbələri də yay məktəbinə qatıla biləcək.

XS
SM
MD
LG