Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

İcra məmurları işləmir, qərarlar qalaq-qalaq yığılır, adamlar get-gəldə...


Arxiv fotosu

Arxiv fotosu

-

"Düşünürəm ki, dəbdəbəli məhkəmə binalarına ayrılan, ümumiyyətlə, məhkəmə sahəsinə qoyulan pullar, hətta hakimlərin maaşına ayrılan vəsait havaya atılır. Bu binaların yerində ticarət mərkəzləri tiksələr, adamlara daha çox faydası dəyər".

"İCRA MƏMURLARI İLƏ ƏSƏBİLƏŞMƏKDƏN XƏSTƏLİK TAPMIŞAM"

3 il əvvəl Səlim Dadaşov vaxtilə evini zəbt etmiş köçkün ailəsinin evdən çıxarılması ilə bağlı qərarı alanda uşaq kimi sevinmişdi. Ancaq bu 3 ildə qərarın icra olunması üçün icra məmurları ilə o qədər üz-üzə gəlib ki, diabet xəstəliyinə tutulub.

"4 otaqlı mənzilim köçkündəydi, özüm kirayələrdə çürüyürdüm. Düzü, köçkünü məhkəməyə verəndə hamı məni ümidsizləndirmişdi ki, köçkündü deyə, heç kəs evdən çıxara bilməz. Neçə il düşünüb-daşınıb nəhayət bir qərara gəldim. Məhkəmə də köçkünün evdən çıxarılması, evin mənə qaytarılması ilə bağlı qətnamə çıxartdı. Sevincimin həddi-hüdudu yox idi. Necə də olsa illərlə qapısına yaxın düşə bilmədiyim əmlakıma qovuşacaqdım. Bəli, qətnamə çıxdı. Ancaq 3 ildir bu qətnamə icra olunmur. İcra olunmayacaqdısa, niyə çıxarırdılar? Ümumiyyətlə, bu məhkəmələr nəyə lazımdır? Adamın boş yerə vaxtını alır, əsəblərini korlayır. Mən illərlə məhkəmə qapısında qaldım ki, köçkünü evimdən çıxarım. İndi də illərlə icra məmurlarına yalvarmalıyam ki, məhkəmənin qərarını icra etsinlər?"​

DEYİRLƏR, KÖÇKÜNÜ ÇÖLƏ TÖKƏ BİLMƏZLƏR

Səlim Dadaşov deyir, 3 ildə gördüyü, şahidi olduğu budur ki, icra məmurları həlli sadə olan məsələləri qəsdən dərinləşdirirlər. Qərarlar yığılır qalır, adamları get-gələ salırlar.

"İcra şöbəsinə gedib-gəlməkdən, əsəbiləşməkdən şəkər xəstəliyi tapmışam. Yüksək təzyiq də bir tərəfdən... Yıxılıb öləndən sonra tüpürüm o qərara... O qərar icra olunanadək mənim evim qəbiristanlıqda olacaq".

İcra məmurları bildiriblər ki, köçkün ailəsini çölə tökə bilməzlər. Əvvəl gərək icra hakimiyyəti o ailəni başqa yaşayış yeri ilə təmin etsin. Bu səbəbdən də icra hakimiyyəti qətnamənin icrasının müvəqqəti dayandırılmasını xahiş edib. Bunu Sumqayıtda köçkünlərinin sayının çox olması ilə əsaslandırıb.

"QAÇQINKOM"A MÜRACİƏT ETMƏLİDİR

Səlim Dadaşovsa evinə köçməyə tələsir və gözləmək istəmir:

"Dövlət kimi hara necə yerləşdirməlidir, bundan mənə nə? Axı niyə mən sənədli, sübutlu evimi başqasına sığınacaq kimi verib, özüm gedib başqalarının evində kirayədə yaşamalıyam?"

Hüquqşünas Fuad Hüseynov Səlim Dadaşova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub yollamasını məsləhət görür:

"Avropa Məhkəməsinin tövsiyələri də var ki, bir vətəndaşın mənzil problemi başqa vətəndaşın hesabına həll oluna bilməz. Artıq Azərbaycan məhkəmələri də belə məsələlərlə bağlı qətnamələri mülkiyyətçinin xeyrinə çıxarır. Məcburi köçkünün yaşayış yeri ilə təmin olunmasını yerli icra hakimiyyəti ilə "Qaçqınkom"un üzərinə öhdəlik kimi qoyur. Yaxşı olar ki, Səlim Dadaşov "Qaçqınkom"a bir müraciət hazırlasın, məhkəmə qətnaməsini də məktuba tikib göndərsin. Təcrübədə belə addımların fayda verməsinin şahidi olmuşuq".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG