Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:04

Səkkiz məktəb direktoru tutduğu vəzifədən azad olunub


Noyabrın 11-də başa çatan monitorinq 305 ümumtəhsil məktəbi əhatə edib
Noyabrın 11-də başa çatan monitorinq 305 ümumtəhsil məktəbi əhatə edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtın orta məktəblərində apardığı monitorinq nəticəsində səkkiz məktəb direktoru tutduğu vəzifədən azad olunub, yeddi direktora isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.Bundan başqa, üç məktəb direktoruna töhmət verilib, 13 direktora isə xəbərdarlıq edilib. Növbəti altı ayda nöqsanlar aradan qaldırılmasa, töhmət alan məktəb direktorları da vəzifələrindən uzaqlaşdırılacaq. İdarənin müdir müavini Məhəmməd Bayramovun sözlərinə görə, direktoru azad olunan məktəblərdə şagird və müəllim qəbulu zamanı qanunsuz hərəkətlər, tədris proqramlarının icrasına və şagirdlərin dərsə davamiyyətinə nəzarətin aşağı səviyyədə olması aşkarlanıb: «Monitorinq zamanı məlum oldu ki, əksər məktəblərdə davamiyyətə nəzarət sistemi yoxdur, saxta yolla siniflər açılır, maliyyə pozuntusuna yol verilir. Ehtiyac olmadığı halda, az dərs yükü ilə məktəblərə yeni müəllimlər qəbul olunur və süni sıxlıq yaradılır. Bunun nəticəsidir ki, paytaxtda bir müəllimə təxminən 10 şagird düşür, halbuki inkişaf etmiş ölkələrdə bir müəllimə 20-25 şagird nisbəti mövcuddur».

Cənab Bayramovun dediyinə görə, bəzi məktəblərdə hələ də müxtəlif məqsədlərlə, o cümlədən, fond pulu adı altında valideynlərdən pul yığılır. Bəzi direktorlar Təhsil Nazirliyinin məktəblərə pulsuz verdiyi dərslikləri şagirdlərə satırlar.


Məhəmməd Bayramov deyir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərin son üç illik fəaliyyətinin təhlili əsasında müəyyənləşdirilən problemlərin kompleks həlli üçün 2007-2010-cu illəri əhatə edən Fəaliyyət Proqramı hazırlayacaq. Proqramda təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin yenidən qurulması, pedaqoji kadrların işə qəbulu, məktəb kitabxanalarının işinin yenidən qurulması, məktəblərdə informasiya texnologiyalarından istifadə və başqa istiqamətlər üzrə məsələlərin əhatə olunması nəzərdə tutulur.


Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin monitorinqinə ötən ay başlayıb. Noyabrın 11-də başa çatan monitorinq 305 ümumtəhsil məktəbi əhatə edib. Monitorinq zamanı orta məktəblərin son üç ildə əldə etdikləri tədris göstəriciləri, məktəblərin maddi-texniki bazasıyla bağlı məlumatlar araşdırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG