Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

-

Şəhriyar İbrahimov

Şeirlər

İntihar məktubu

Hicranın cəhənnəm quraqlığında hayqıran bir sevda iniltisi bu..
Məhəbbətin hələ də damarlarımda hökm sürür.
Bir kibrit çax, yolunu azmış gecə köynəkli xatirələrə..
İslat dodaqlarımı ürəyinin öpüşlərilə...
Qoxlaya-qoxlaya bədənimi, notlarını unutduğumuz musiqiləri pıçılda qulağıma.
Səni təkrar-təkrar yaşamaq istəyirəm, heca-heca, sətir-sətir hiss etmək..
Səni yaşatmaq istəyirəm bir başqa mövsümlərdə...
Bəlkə arzularım xoşuna gəldi, kim bilir; -
Baharda şehli otların üzərində sevişmək,
Kövrək qış sabahlarında yağmurda islanmaq,
Bəlkə qızmar günəşlərdə birlikdə dənizin yuxusunu qaçırmaq,
Payızda xəzəllər üzərində uzanıb ulduzları seyr etmək kimi arzular..
Eyni musiqilərə ağlamaq,
Eyni şeirlərdə xatırlamaq keçmişi...
Ahh dəmlənmiş ümidlər və gəlişini gözləyən xəyallar var..
Utanmaz tənhalıqlara inad.
Yapışqan darıxmaqlara inad gəl..
Qapıda ehtiraslı ölüm rüzgarları.
Saatlar hökmsüz..
Bir təbəssüm qəzasında itirdim arzularımı...
Reanimasiyada can verən ümidlərimə xatir gəl.
Dibçəkdə quruyan çiçəklər üçün gəl.
İçki şüşələrilə dolu pinti evimiz üçün gəl.
Bağçamızda yuva qurmuş qaranquşlar üçün gəl.
Yetər ki gəl...
Bir intihar məktubunun mürəkkəbi qurumadan gəl....

Can verən eşqin simfoniyası

Yuxuma gəlirsən gecə yarısı,
Gətirir xəyalın dada yuxumu.
Səhər də xatirən batır gözümə.
Ya yaxamı burax, ya da yuxumu...

Sən qara gözlüsən, mən qarabəxtəm.
Qazı əllərindən, izimi qazı.
Bir yolluq qürbətin gir yatağına,
ki məni düşünmə, ölür bu yazıq...

Çiynimdə qəm dolu bir ömür yükü,
Ümidlər xəzəl tək yox olur, ay qız.
Ruhum həsrətinə göz yaşı tökür,
Yoxluğun içimdə çoxalır, ay qız...

Bir sevgi can verir, toxunma, boş ver,
Dəfn et tabutunu bu eşqimizin.
Süz mənə, süz mənə gözündən yaş ver,
Ataq arxasınca su eşqimizin...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG