Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:41

Elmar Hüseynovu öldürən mənəm


-

Nərmin Kamal

Həqiqət

(Surəti: Daxili İşlər Nazirliyinə)


Elmar Hüseynovu öldürən mənəm!
martın 2-də axşam saat 10 radələrində
iyi çıxan o qətlin sifarişçisi nə iqtidar
nə müxalifət nə də xarici barmaqdır
bilmək istəyirsizsə...
mən öldürmüşəm Elmar Hüseynovu
bir dəfə Monitor jurnalında məqaləmi
çap etməkdən imtina etməsini
üstəlik onu yararsız məqalə adlandırmasını
küt beyinin məhsuludur deyib
üstünə "delete" düyməsi basmasını
məni dışarı çıxarmasını
mənliyimə sığdıra bilməmiş
ürəyimdə kin saxlamış
nəhayət...


özü də bilirsinizmi
nə vaxtdan hazırlıq görürdüm bu qətlə
düz yeddi aydır...

hər dəfə təqvimin on gün sonrasına
qara qələmlə xaç qoymuş
sonra əl-ayağım əsmiş
daha on gün sonraya ertələmişdim o yeddi atəşi
düz yeddi aydır
qalmışdım gəzə-gəzə
Qarayev metrosu ətrafındakı binaların arasında...

evimin JVC videodispleyini
Pentium 4 markalı bilgisayarımı
və daha mənəvi daha önəmli bir şeyimi vermişdim -
Qarabağ müharibəsində döyüşmüş
və o vaxtdan silah alverinə qurşanmış bir qaziylə
o tapançanı dəyiş-düyüş etmişdim
araşdırın inanmırsızsa

... o gecə
kişi papağı tullamışdım hadisə yerinə qəsdən
iz azdırmaq üçün
dodaq boyamı atmayacaqdım ki ora? hə?!...
gəlib əl-üzümü yumuş
radionu açıb xəbərləri dinləmişdim o axşam
bir də telefonumun mesaj səsinə diksinib
Elmarın ölüm xəbərlərini almış
ürək guppultularım
bu ötən günlər ərzində
o qədər çoxalmış
çoxalıb son həddinə çatmış
bəlkə də xəstəlik tapmış
bəlkə də gizli infarktdır xəbərim yox
bundan o tərəfə olmaz
hər an qapı zəngi ehtimalına qarşı
musiqili qulaqcıqlarla yaşanmaz
daha dözmək olmaz...

nəhayət cəsarətlənmiş və
etiraf etmək qərarına gəlmişəm:
öldürən mənəm
Elmarı öldürən mənəm
!
!
!
ancaq sizi -
onun dəfni günü qorxusundan
sifətləri doqquz iqlim qurşağına girmiş
satqın ağciyərləri görərkən
peşman olmuşam
öldürdüyümə kor-peşman.

Elmarla guya can bir qəlbdə dost
guya qohum guya süd qardaşı olduğunu basıb bağlayan
bu ölümün əsrarına yaxın
və ortaq görünmək istəyən
vəziyyət mənfəətbazlarına gop basmağa
girəvə verdiyimə
onu sizin çiyninizə endirdiyimə görə
bir məqalə nədir ki -
küdurətə qapılıb bu ölkənin monitorunu
onun alışqan və siqareti kimi həmişəlik söndürdüyümə
onu şərəfsiz bir xiyabana gömdürdüyümə görə
bağışlamayın məni
əsla bağışlamayın
özünüzü daha artıq intizarda qoymadan
tutun məni
və damlayın
dərhal və yubanmadan!

mart, 2005, "Sənət" qəzeti

XS
SM
MD
LG