Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:15

"Nə romantika?! Yox bir, semantika!"


Ziya Fazil Muradov
Ziya Fazil Muradov

-

"Çox gözəl gündür. Ağıllı söhbətlər edirik, təbiətin qoynunda oturmuşuq, gözəl musiqi səslənir, bundan artıq bizə nə lazımdır ki?!"

Ziya F.M.

QARAGILƏ

Hekayə

- Çay nooldu?

Parkda oturmuşuq. Çayxanada. İclasdan sonra.

İş yoldaşım iyirmi metrlik məsafəni örtən çağırışdan sonra boş stolun üstündən xəyali milçəkləri qovladı və donquldanmağa başladı.

- Bir çaynik çay dedik, xaş ha demədik? Bir də gəlməyəcəm bura. Üç çayxana var böyrümüzdə. Belə getsə bağlanacaqlar bunlar. Heç müştəriyə fikir verən deyillər.

Qulluq edən özünü yetirdi. İti hərəkətlərlə iki nəfərlik stəkanı, nəlbəkini, limonu düzdü, qənd qabını ortaya səhmanladı, yüngülvarı əyildi:

- Məllim, zakaz çoxdur, çayçı çatdırmır. Çay hazır olan kimi gətirəcəm , narahat olmayın. Çaydan əlavə nəsə istəsəniz, qulluğunuzda hazıram. Yaxşı yeməklərimiz var.

Həmkarım yekəxana tərzdə:

- Çayı gətirdiyin kimi gətirəcəksənsə lazım deyil. - dedi.

- Oldu məllim. – Oğlan dərhal başqa stola yaxınlaşıb artıq şeyləri götürdü, yolüstü digərinin üstünə dağılmış çayı sildi, pulu qənd qabının altından sivirib çıxartdı. Bayaqdan oğlanın hərəkətlərinə göz qoyurdum:

- Müştəri çoxdur, çayçı çatdırmırsa uşağın nə günahı var? - dedim. - İşin olmasın, yaxşı uşaqdır. Sən fikir ver, bir dəqiqə bir yerdə durmur. Özü də boş-boşuna hərlənmir. Lazım olanda keçib mətbəxə də kömək edir. Qanını qaraltma, çaydı da , gətirər indi. Sənin xəbərin var, çinlilər çayı necə içirlər?

Həmkarım uzun sürən iclasın ağırlığından hələ də özünə gəlməyib. Dörd saat axmaq fikirlərə qulaq asandan sonra özümüzü çayxanaya çatdırmışıq ki, başımız bir az açılsın. Çay da ki, gəlmək istəmir. Hirslidir:

- Yox! Heç nə bilmək istəmirəm! Ciyərim yanır, çay içmək istəyirəm.

- Amma bilsən pis olmazdı. Deyim, bil. Cinlilərin çay içməsinin əsasını sadəcə çayı hortuldatmaq yox, çay ritualından ləzzət almaq təşkil edir. Çay əsas deyil, əsas həmsöhbət, ətraf, təbiətdir.

Onlar çay içəndə heç vaxt pis söz danışmırlar, hər şeyi tərifləyirlər. Həmsöhbətlərininn ağlına heyran olduqlarını, təbiətin gözəlliyini, hətta quşların cəh-cəhini, uzaqdan səslənən musiqinin ahənginin onları valeh etdiyini dillərinə gətirirlər. Bir qulaq as, nə gözəl mahnıdır.

Gəlmişəm otağına, oyadam səni, Qaragiləm, oyadam səni.

- Eşidirsən? Nə gözəl, nə ülvi hiss! Bəşəri duyğu! Özü sevgilisindən qabaq yuxudan oyanıb, oyatmağa gəlib. Təsəvvür eləyirsən!

- Hə, yəqin bütün gecəni yatmayıb, İnternetdə pornoya baxırmış. Ya da o biri qızla sms-ləşirmiş. Bəlkə də ac imiş. Qız çay-çörək qoymalıdı, amma porsuq kimi yatır. Gəlib ki, dur, səhərin üzü çoxdan açılıb, yemək ver.

Nə gözəl xəlq eyləyib yaradan səni, Qaragiləm, yaradan səni.

- Yox , elə deyil. Bax, kompliment deyir. Ona aşiqdir, heyrandır. Sevir və sevgisini də xoş sözlərlə ifadə edir.

Səsimə teatral gözəllik verməyə çalışıram. Bilir ki, mırt tuturam, amma həmkarımın əsəbləri sakitləşmir, hələ formada deyil :

- Səhər-səhər hansı qıza desən ki, sən gözəlsən, səni lağa qoyar. Deyər, get özünü dola. Saç dağınıq, yastığın izi üzündə, gözünün altı ya qara, ya domba, ya zığlı, ağzından leş iyi gəlir.

Yaydırsa, istidirsə kondisionerin olmayan vaxtı tərli-tərli , suyun içində oyanıb, yəqin ki iy vurub iylənir, it iyi verir. Hələ bunun tualetə getməyi, bağırsaqlarını boşaltmağı var. Vannada guya hazır isti su var?

Kranı açdın, duş qəbul elədin, beş dəqiqə sonra hazır oldun? Ay-hay! Hələ ağzına bir-iki tikə yemək alıb çay da içməlidir ki, beyni açılsın. - Həmkarım boş armudu stəkanını qaldırıb diqqətlə süzməyə başladı.- Üzünü-gözünü sürtsün, ondan sonra nəsə komplimentvari bir şey desən sənə inanar.

Onu da hələ bilmək olmaz. Bəlkə dünən dalaşıblar, gədəni heç yaxına qoymayıb, oğlan da o biri otaqda divanın üstündə yatıb, özünü hansı mütəkkəyə sürtüb, bilinmir, indi yaltaqlanır ki, bəlkə yaxınlıq verdi. Ay verdi ha! – Armudu stəkan yerinə qayıtdı.

- Bəlkə aybaşıymış? – Ritmə düşürük yavaş-yavaş.

Götürüb mən qaçaram aradan səni, Qaragiləm, aradan səni.

Bir az da gözəl danışmağa çalşıram ki, həmkarım ahəngi tam tutsun :

- Səndə heç romantika deyilən şey yox imiş ki?! Bax, bu əsil romantikadır. Sevgilisi ilə aradan çıxıb uzaqlara, göl qırağına, meşəyə, bir sözlə, şəhərdən kənara, təbiətin qoynuna qaçmaq, təklikdə qalmaq, xəyallara dalmaq, pıçıldaşmaq, sevgilisinin gözlərinə baxmaq …

- Ə, çay noldu? - Yenə bağırır. - Ə, nə romantika?! Yox bir, semantika! Əgər bu qaqaş səhər tezdən qıza aradan götürüb qaçırmaq təklifi edirsə, deməli bunlar ər-arvad deyillər, yüz faiz. Hansı anası göyçək, ərdə olmaya-olmaya yanına oğlan buraxar. De görüm?

Qızıl gül əsdi, səbrimi kəsdi,

Sil gözün yaşın, Qaragiləm. Ağlama, bəsdi.

- Yəqin nakam sevgililərdir. Ata-anaları razı deyil, bunlar da gizlincə Romeo və Cülyetta kimi görüşürlər. Görmürsən, arada göz yaşları var. Oğlanın səbri kəsilib, qız ağlayır. Oğlan onu ovudur.

Göz yaşlarını silir. Bəlkə özü də ona qoşulub hönkür-hönkür ağlayır. Yazıq uşaqlar. Sevəsən və sevgilinə qovuşmağa həsrət qalasan. Odu ha, çay da gəldi. Ay çox sağ ol, qaqa.

- Buyurun, məllim. – Oğlan əvvəl mənim stəkanıma, sonra həmakarımınkına çay süzüb çayniki səliqə ilə stolun kənarına qoydu. - Nuşi-can. Bir şey lazım olsa deyin.

Həmkarım:

- Hə, yaxşı - deyib başından elədi. Çayı nəlbəkiyə töküb bir az gözlədi və geri süzüb birnəfəsə başına çəkdi.

Təbrizin küçələri dolanbadolan, Qaragiləm, dolanbadolan.

- GPS işləmir, xarab olub. - Bir stəkan çaydan özünə gələn həmkarım öz şit zarafatına güldü.

- Sevgi yolu düzxəttli deyil, onu deyir. Rəmzdir, simvoldur. – Ağıllı-ağıllı danışıram. Həmkarım bilir ki , bayaqdan onu dolamaqla məşğulam, amma özünü o yerə qoymur. Onsuz da işimiz-gücümüz bir-birimizlə məzələnməkdir.

Sən ki məni sevmədin, get ayrı dolan, Qaragiləm, get ayrı dolan.

- Bə nə oldu, bayaqdan ölürdülər bir-biriləri üçün, 180 dərəcə döndü ki ?! Gəzdik qurtardıq, vəssalam? - Hə, indi yüz faiz özünə gəlib.

Nə sənə qız gəhətdir, nə mənə oğlan, Qaragiləm, nə mənə oğlan.

- Oppa! Vallah bunlar bir-birlərini sevən-zad deyillər, yalandandı, nəsə başqa söhbət var arada. - O deyir, mən hələ fikirləşirəm.

Ağac olaydım, yolda duraydım,

Sən gələn yollara, Qaragiləm, kölgə salaydım.

- Təbrizdə ağac-zad olur?

- Salam .

- Salam?- Hər ikimiz salamı sual formasında verdik. Bu kimdir axşam-axşam?

- Tanımadınız məni, deyəsən. Bayaqdan sizin söhbətinizə qulaq asıram.

İndi “oppa” demək növbəsi mənə çatdı. Düzdür, ürəyimdə dedim. Bu haradan çıxdı? Min fikir keçdi ağlımdan. Tanımadınız məni deyirsə, deməli bu bizi tanıyır və biz də onu tanımalıymışıq.

Bəlkə bizim idarədə işləyir. Yəqin vəzifəsi-zadı da var. Təzə gələnlərdəndir, ola bilsin. Özünü göstərmək istəyir. Hələ ağzı isti yerdədir. Bu dəqiqə başlayacaq. Sadalayacaq hər şeyi.

Ay nə bilim, siz nə cürətlə xalqın mənəvi mədəniyyəti ilə məzələnirsiniz?

Ay Təbriz bizim paytaxtımız olub, biz ikiyə bölünmüş xalqıq, hələ də cənub həsrətilə yaşayırıq, bizim orada ən azı iyirmi milyon həmvətənimiz var, Çar Rusiyası belə gəldi, Cavad xan belə vuruşdu, Fətəli xan torpaqları belə birləşdirdi, Fars şovinizmi bizə qan uddurdu, Gülüstan müqaviləsi vətəni böldü, Qacar Şuşanı ala bilmədi, Babək istilaçılara qarşı ölənəcən döyüşdü, Şəhriyar ağlaya-ağlaya öldü, Süleyman Rüstəm sərhədlər açılana qədər yaşaya bilmədi, Koroğlu karvanların qabağını kəsdi, Həcər Nəbidən qoçaq idi, Qarabağ düşmən əlindədir, torpaqlarımızın iyirmi faizi işğal altındadır.

Siz isə burada oturub utanmaz-utanmaz o üzlü-bu üzlü , parçalanmış xalqımızın qeyri-maddi mədəniyyət nümunəsinin başına oyun açırsınız.

Qeyrət, namus, ismət, millət, dövlət, şərqdə ilk respublika, ilk opera, misli görünməmiş iqtisadi inkişaf, çəkilən yollar, tikilən körpülər, ilk Avropa oyunları və sairə və ilaxır!!! İclas bəs deyildi?! İşə düşmədik?!

- Ə, oradan bir stəkan da gətir. Əyləş, çay iç. - Həmkarım guya vəziyyətdən çıxış yolu tapdı. Onun beynində nə baş verdiyindən xəbərim yoxdur, amma təxmin eləyə bilərəm ki, elə o da mənim vəziyyətimdədir. Qulluq edən oğlan lampadan çıxan cin kimi əlində stəkan-nəlbəki dərhal yanımızda peyda oldu :

- Buyur, məllim, bir çaynik də gətirim? - Başımızı yellədik. Yuxarıdan aşağıya. Neyniyək? Susub gözləyirik. Nə deyəcək? Hər halda hökümət işçisiyik, dövlət qulluqçusuyuq.

- Hə, buyur, qardaş. Yox, tanımadıq, amma suyun şirin gəlir.

Qonağımız birinci çaynikin soyumuş çayından bir qurtum aldı və üzünə mənimkindən də ağıllı görkəm verib professor tonu ilə danışmağa başladı :

- Mən bilmirəm, yəqin siz də bilmirsiniz əslində nə baş verib. Amma mahnının sözlərində doğrudan da dərində gizlənən, üzdə görünməyən mətləblər var. Siz danışdıqca mən də fikir verirdim sözlərə.

Mahnının sözləri üzdə olanlardır. Kökündə isə hadisələr durur. Aşıq gördüyünü çağırar prinsipi ilə getsək, onda təqribən belə bir fərziyyə irəli sürmək olar...

Ufff! Rahatlandıq! Dostum soyuq çayı nəlbəkiyə boşaltdı. Mexaniki.

- Yaydı...İstidi...Qız Təbrizin az ağac olan məhəlləsindədir. Yolu bir az qəlizdir. Oğlan hər dəfə evi tapana qədər əziyyət çəkir. Qız tək yaşayır. İşləmir . Gecələri yatmır. Günün günorta çağıdır, amma qız hələ ayılmayıb. Oğlan qısqanır.

Qız çox gözəldir. Amma ayağı sürüşkəndir. Qızın gözəlliyi və avaraçılığı arasında qalan oğlan tərəddüd içindədir. Bəlkə başqa ev tapıb qıza ancaq özü sahib olsun?! – Qonağımız bu sualı səsinə xüsusi dramatiklik və faciəvilik qatmaqla verdi. - Yox!!! Qız razılaşmır.

Oğlan ayrılmaq istəyini bildirir. Amma dediyinin üstündə dura bilmir. Şantaj eləyir ki, bax, başqaları da var. Çıxıb birdəfəlik gedərəm. Qız da oğlanı itirmək istəmir. Evin pulu, kirayə haqqı, əlavə xərclər.

Geyim-keçim, ənlik-kirşan... Tüfeyli həyat baha başa gəlir. Bunun abortu var, zöhrəvi xəstəliyi var. Oğlan imkanlı ailədəndir. Ata-anası onu kiməsə öz qohumlarından birinə nişanlayıb. Oğlan həmin qızın üzünü ancaq uşaqlıqda görüb .

Mənim də versiyam var:

- Ya əmisi, ya dayısı qızıdır.

Həmkarımın da:

- Xalası, ya bibisi qızıdır, gözünün biri də çaşdır.

- Yox, cüzamdır, döşünün biri çürüyüb düşüb. – Əlavəni mən edirəm. Hansısa hekayə yadıma düşdü.

Qonaq davam edir:

- Bir az böyüyəndən sonra qızın əvəzinə qara çadra geyinmiş bir məxluqu görüb. Həmin məxluqdan da ancaq yemək iyi gəlib.

- Dolma?

- Yox, xaş! Yaxşı qırxılmamış baş-ayaq, poxlu qarın-qarta...

- Bağırsaq kababı! İçi qığılı! Xan kababı!!

- Oğlan heç cür təsəvvür edə bilmir ki, qohumu ilə bir yatağa necə girəcək. Amma adət-ənənə var!

- Toy gecəsi var, oğlanın bağlanmağı var, yengənin instruksiyası, istifadə qaydaları, qonşular, qanlı döşəkağı .

- İmtina eləsə, qohumları yox, elə öz atası başını kəsər. Oğlan qohumunu yataqda təsəvvür edə bilmir.

Həm də arvad sevgi üçün deyil, uşaq doğmaq üçündür. Bu Qaragilə də ki, yola gəlmir. Ağzını açıb bir dəfə “tək səninəm” demir.

Oğlan bir balaca qısqanclıq səhnəsi quran kimi qapını göstərir və açarları geri istəyir. Oğlan bu qızın timsalında qadınların nəyə qadir olduqlarını yaxşı öyrənib...

Həmkarım bic-bic gülümsəyərək:

- Çadra altında nə əməllərdən çıxa biləcəklərini gözəl bilir.-deyir.

- ..amma heç olmasa qız xislətini gizlətmir. Qaragilə adını ona müştərilər qoyublar, bəlkə döşünün gilələri qara olduğuna görə. Əsil adı ya Türməxanımdır, ya Şeydaxanım, ya da Şəhrinisa. Mən də bu yolun yolçusuyam - deyir.

- Hansı q...ə q...əliyini boynuna alar?! – Biz az da mən üstünə qoyuram.

- Bu standart olmayanlardandır. Mən beləyəm - deyir. Ya məni olduğum kimi qəbul eləməlisən, ya da çıxıb getməlisən. Oğlan bacarmır. Şeyindən zibilə düşüb. Q...q da ki, gah yola verir, gah da vermir. Oğlan da ona mahnı qoşub ki, sən mənə əzab verirsən, mən də səni aləmdə biabır edəcəyəm. Di öl !

Mən :

- Q...ə!!

Həmkarım:

- Q...q!!! - deyib uğunuruq.

- Qara gilə!!! Qoy hamı bilsin! Mən səni çılpaq görmüşəm! Sən əlimdən çıxandan sonra, qoy bütün Təbriz bilsin ki, hansı yuvanın quşusan! Gilələri qara q...q!

İkinci çaynik gəldi :

- Əlavə bir şey olacaq, məllim?

Həmkarım qonağımıza baxdı:

- Sən bizdə işləmirsən ki, elə bil səni bizim idarədə görmüşəm?

- Hə. Mən də iclasdaydım.

- Sabah müdirlə görüşməliyəm, xahiş edəcəm səni bizim şöbəyə keçirsinlər.- Həmkarım qonağımızın cavabını gözləmədən başını qaldırıb üzünü tutdu qulluq edənə:

– Bir araq, göy-göyərti, pomidor-xiyar, tikə, lülə, basdırma, ayran. Yerdə qalanını da sonra deyərik. Hələ çox oturacağıq.

- Baş üstə , məllim.

- Tez elə. – Oğlan axırıncı kəlməni eşitmədi, artıq mətbəxə girmişdi.

Həmkarım üzünü bizə çevirdi:

- Hə, harada qalmışdıq?

İstədim deyəm paçasının arasında, sonra fikrimdən vaz keçdim.

Sifarişimiz gəldi. Hər şey düzüldü .

Qulluq edən arağı süzdü və bizim xoşbəxt sifətimizə baxıb:

- Məllim, özgə nə gətirim? – dedi.

Hamının əvəzinə mən cavab verdim:

- Sağ ol, qaqa, hər şeyimiz var. Çox gözəl gündür. Ağıllı söhbətlər edirik, təbiətin qoynunda oturmuşuq, gözəl musiqi səslənir, bundan artıq bizə nə lazımdır ki?!

Həmkarım əlini cibinə salıb ona bir beşlik uzatdı.

- Qaragilənin sağlığına!- Qonağımız qədəhi qaldırdı. Qulluq edən oğlan bir az da aşağı əyilib:

- Çox sağ ol, məllim. - deyib qonşu stollara girişdi.

-Hansının?- Həmkarım qoşuldu.

Sağlığı mən bitirmək istədim:

- Bizim Qaragilənin. Sonra içəcəyik ikisi bir boyda gəzən,toyda-mağarda süzən gözəllərin...

- ...dağlarda maral cildində gəzən, haralı olduğu bilinməyən üçtelli durnanın...- həmkarım əlavə etdi.

- ...sallanıban gələn yaxası düymələnməmiş dilbərin...- qonağımız bir az da üstünə qoydu.

- ..saçları vədəsiz qısa kəsilmiş qızın ...- yenə mən bitirdim.

...Düz gecə yarısı, baldırı yoğun, mayabud, dizini və topuğunu əl vuranda quyruq kimi titrəyən ət basmış, on-üç-on dörd-on beş yaşlarında, ağlı başında olan, həyalı qız uşağına çatanda dayandıq. Çayxanada bizdən və oğlandan başqa heç kim qalmamışdı. Durduq.

- Sağ ol, qaqa. Hər şey əla idi. Adını da bilmirəm.

Oğlan üzündə bizdən sonsuz razılıq ifadəsi və qulağına qədər dartılmış təbəssümlə:

- Qaragilədir, məllim, gecəniz xeyrə qalsın. Həmişə gəlin - dedi. Mən oğlanın adını həzm eləməyə çalışana qədər həmkarım üzünü qardaşımıza tutub:

- Sabah mütləq gedirəm müdirin yanına, keçirsin səni bizim şöbəyə, - dedi.

Qonağımızın:

- Ehtiyac yoxdur - cavabına həmkarım əməlli-başlı incidi.

- Necə yanı? Söz danışdıq axı!

- İncimə. Bu gün mənim əmrimi veriblər. Mən sizin yeni şöbə müdiriyəm. Gecikməyin, sabah saat doqquzda iclasdır.

Gecəni yatmadım. Səhərə qədər hesabı kimin verdiyini yadıma salmağa çalışdım.

Alınmadı.

Qaragilə!!! Sənin ananı...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG