Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:08

Orxan Adıgözəl. Təxminən günorta saat 2-3 idi...


Orxan Adıgözəl
Orxan Adıgözəl

-

"Ora olan və ümumiyyətlə, dənizlərə, çaylara, göllərə olan sevgim sonsuzdur..."

"Necə deyərlər, qadağan olunmuş meyvə daha cazibəli olur və səni özünə çəkir. Elə olurdu, bir gün ərzində ora 4-5 dəfə gedirdim çimməyə."

"Nə yazıq ki, gecikdi əməliyyatım. Ümumiyyətlə, elə əməliyyatlar onurğandan travma aldığın zaman 24 saat ərzində edilməlidir. Həkimim bunu israrla valideynlərimə bildirməli idi."

Orxan Adıgözəl

Hekayəm

Bu yazım xəbərdalıq və məlumat xarakterlidir. Ümid edirəm, bir çoxunuz üçün faydalı olacaq.

Mən 2008-ci ildə qəza keçirtmişəm.

Niyyətim sırf öz günahım və məlumatsızlığım üzündən bu gün fiziki məhdudiyyətə sahib olub, əlil arabasında oturmağıma səbəb olan qəzanın detallarını sizlərlə bölüşməkdir. Bu, həm də mənim həyatımın bir hissəsindən ibarət hekayədir.

Mən çayda yıxılaraq əlillik qazanmışam.

Deməli, Sabirabadda Kürün qollarından biri olan və uşaqlıqdan həmişə üzdüyüm Sabir kanalına çimməyə getmişdim. Həmin ərazi Yasamal adlanırdı.

Bura o adı yaşıllıqlarla örtülü olduğu üçün veriblər. Hadisənin motivini yazmamış, ora haqqında bir az məlumat vermək istəyirəm.

Buranı çox sevirdim. Əslinə qalsa, elə indi də sevirəm. Bir çox qohumlarım kimi, oranı lənətli-filan yer saymıram.

Əmim qızı ordan keçəndə hər dəfə oranı daşlayır. Dostumun anası hətta bizim kənddən maşınla keçəndə oranı pis sözlərlə “yad” edir. Olsun da.

Anam hələ mənə gülə-gülə deyir, sən o qədər utanmazsan ki, ayağa dursan, yenə gedib həmin yerdə üzərsən. Qətiyyən yanılmır.

Təbii ki, çox istərdim bunu mənim kimi sıradan bir şey olaraq qəbul etsinlər. Amma edə bilmirlər nə yazıq ki...

Bilirəm ki, onların belə etməsi mənə olan sevgilərindəndir.

Sadəcə mən olanları belə rahat qəbul edə bilirəm. Hadisədi də, olub. Keçmişdə ilişib qalmaq lazım deyil. Adama ancaq irəli baxmaq fayda verə bilər.

Anam hələ mənə gülə-gülə deyir, sən o qədər utanmazsan ki, ayağa dursan, yenə gedib həmin yerdə üzərsən. Qətiyyən yanılmır.

Ora olan və ümumiyyətlə, dənizlərə, çaylara, göllərə olan sevgim sonsuzdur. Suyu çox sevirəm.

Valideynlərim tez-tez mənə kəskin xəbərdarlıq edirdilər ki, ora çimməyə az get. Başına bir şey gələr, boğulub eləyərsən.

Necə deyərlər, qadağan olunmuş meyvə daha cazibəli olur və səni özünə çəkir. Elə olurdu, bir gün ərzində ora 4-5 dəfə gedirdim çimməyə.

Təbii ki, gizli. Atam kənddə özü olmayanda zəng edib əmilərimə tapşırırdı ki, Orxanı sizsiz buraxmayın ora çimməyə.

Əmilərimin ikisi də çox yaxşı bacarır üzməyi. Yeniyetmə vaxtı, hələ yaxşı üzə bilməyəndə hər ikisi məni bir neçə dəfə boğulmaqdan xilas edib.

İnanın, onların qadağaları heç vecimə deyildi. Başlarından oğurlanaraq, ya da onlar günorta yuxusunda olanda gizli gedib çimirdim.

Kanal kənddəki evimizə çox yaxın idi. Belə bir atalar sözümüz var: “Qorxan gözə çöp girər”.

Qadağaları həyasızcasına saya saymamışam çox vaxt. Bu da ağır nəticəyə səbəb oldu sonda. Yaxşı, qayıdaq Sabir kanalına.

İlk dəfə elə burda üzməyi öyrənmişdim. Üzməyi öyrəndiyim ərəfələrdə orda tez-tez boğulmaq təhlükəsilə üz-üzə gəlirdim. Açığı, ora özü elə təhlükəli yerdir.

Çayın dibində olan qamış parçaları, suya nə vaxtsa atılan şüşə parçaları, tələf olmuş heyvan sümükləri ayağımın və dizlərimin kəsilməsinə gətirib çıxarırdı.

Üzdüyün yerdə bir də görürsən, suyun üzəri ilə inək-camış kəllə sümüyü gəlir. Üstəlik, Sabirabad isti yer olduğundan orda çoxlu zəhərli ilana rast gəlmək ən təbii hadisə idi.

Amma mən ilanları sevirəm. Onlarla rastlaşmaq bəzən vahimələnməyimə səbəb olsa da, olanları ekstrim kimi qəbul edir, onlara daha da yaxınlaşırdım.

Xoşbəxtlikdən heç bir ilan məni çalmayıb. Deyəsən, yenə mətləbdən uzaqlaşdıq.

Kanalın o tərəfi əksəriyyətini məshəti türklərinin təşkil etdiyi Əhmədabad kəndi idi. Demək olar, hər dəfə çaya baş vurub, kəndin o tərəfinə keçirdim. Bizim kənd Qaratəpə adlanır.

Əhmədabad tərəfdə qamışlıqların və tikanlı kolların arasından sürət yığaraq, çılğınlıqla və vəhşi kimi müxtəlif formalarda tullanırdım. Hətta bir dəfə o qədər dərin yerə düşmüşdüm ki, suyun üzərinə çıxmaq üçün xeyli mübarizə aparmalı olmuşdum.

Mənə bir də ən çox ləzzət edən şey kanalın kənarında yerləşən başı aşağı əyilmiş söyüd ağacının nazik budaqlarını ovcumda bir araya gətirərək, özümü surətlə axan suyun ağuşuna buraxmaq idi.

Nazik budaqlardan möhkəm yapışıb ayaqlarımı göyə qaldıranda axının verdiyi məhz harmonik həzz kimi duyduğum fiziki və ruhi vəziyyət heç yadımdan çıxmır. Həmin vaxt stressdən qurtulurdum.

...həmişə Sabirə çimməyə gedəndə qanımda xoşbəxtlik hormonları yaranırdı.

Bu sətirləri yazarkən belə, burnuma həmin söyüd ağacının xoş ətri gəlir və indi o qədər də tam hiss etmədiyim ayaqlarımda çayın sərinliyini hiss edirmiş kimiyəm.

Bütün bunlar mənə adrenalin verirdi. Həmişə risk etməyi sevən biri olmuşam. Riskə meylli olmağım da onurğamdan elə həmin yerdə travma almağıma gətirib çıxardı.

Saat təxminən günorta 2-3 idi. İyulun qızmar istisi mənə xoş duyğular verirdi. Ümumiyyətlə, həmişə Sabirə çimməyə gedəndə qanımda xoşbəxtlik hormonları yaranırdı.

Günəşin şüaları bədənimi yalayırdı. Əmim oğlu və atamın əmisi nəvəsi ilə həmin Yasamal deyilən əraziyə çatdıq. Orda 10-15 nəfər gənc və yeniyetmə oğlan çimirdi.

...o nə gözəl hisslər idi!

Şalvarımı və köynəyimi cəld soyunub, kapoeyra məşqlərində öyrəndiyim akrobatik hərəkətlə sol böyrü üstə çaya tullandım.

Vauu, o nə gözəl hisslər idi! Elə bil, ilk dəfə sevdiyin qızı öpəndə beynin xoşbəxtlik duyğusundan məst olub dumanlanır.

2 il idi burda çimmirdim. Universitet və işlərimə görə, yayda kəndə gələ bilməmişdim. Ona görə onda hisslərim daha qabartılı idi.

Axı yay tətilimi həmişə kənddə keçirərdim. Hə, nə isə. Üzə-üzə çaydan çıxdım, içimdə yaranan quduz adrenalini üzə çıxartmaq üçün sürət yığmaqdan ötrü kənara çəkildim və qaça-qaça suya cumdum.

Qaça-qaça ağlımda tamamilə səhv trayektoriya seçdiyim və yanlış olaraq çayın qırağından deyil, yanından gəlməyimə məna verməyə çalışırdım.

Yanlış etdiyimi qaçarkən idrak etməyə çalışsam da, içimdə partlayışa səbəb olan adrenalin hissəcikləri ağlımı dumanlandırmışdı.

Ayağımı qurumuş palçıqlı və çəmənli yerə möhkəm sıxaraq, pəncəmə güc verdim və göyə atıldım.

Konsentasiyamı təmiz itirmişdim. Göydə qollarımı qabağa açdım və nədənsə ani məqamda əllərimi çiyinlərimdən aşağı gətirdim.

Göydə süzən qaranquş kimi surətlə suya daldım. Başım suyun dibindəki gilə dəyərək, üzü aşağı çənəmə tərəf əyildi.

Elə bil, gözlərimin önündə şimşək çaxdı. Boynumda şiddətli ağrı yarandı. Bu cümlələri yazarkən belə hadisənin həmin anı yadıma düşdüyündən boynumda ağrı yaşandı.

Bu psixoloji vəziyyətdir. İndi keçər. Birinci sağ əlimi atdım ki, sudan çıxam. Daha sonra sol əlimi o biri əlim kimi tərpətmək istəyəndə cəhdim alınmadı. Heç nə anlamadım.

”Orxan niyə çıxmırsan sudan?”

Qeyri ixtiyari bədənim suyun üzərinə qalxdı, amma başımın yarısı, bütövlükdə üzüm suyun altında idi.

Yavaş-yavaş su boğazıma gedirdi. Boğulurdum artıq.

Amma qətiyyən bədənimin heç bir üzvünü tərpədə bilmirdim. Yanımdakı uşaqların səsini eşidirdim.

Kimsə dedi: ”Orxan niyə çıxmırsan sudan?” Bir neçə saniyə sonra atamın əmisi nəvəsi məni qolları arasına aldı, başımı sudan çıxartdı.

Dərindən nəfəs almağa başladım. Boynum məni arxadan tutan qohumun çiyninə yapışdı. Heç boynumu da tərpədə bilmirdim.

Boyunum o yan-bu yana getməyə başladı. İçimi möhkəm həyacan bürüdü və qışqıraraq “bədənimin heç bir yerini tərpədə bilmirəm” dedim.

Uşaqlar hərəsi bir tərəfimdən tutmaqla məni sudan quruya çıxartdılar. Palçıqlı, çəmənli yerdə uzandırdılar. Başımı da yerə qoymuşdular.

Boynumdakı ağrı şiddətlənirdi. Qohumumdan arxama keçib, boynumu saxlamağını xahiş etdim. Heç bir bədən üzvümü tərpədə bilmirdim.

Bədənim bütünlükdə iflic olmuşdu. Heç cür tərpədə bilmədiyim qollarıma, ayağıma, qarnıma, sinəmə baxıb, olanlara məna verməyə çalışırdım.

Əmim oğlunun həyəcandan rəngi ağarmışdı. Ətrafdakı uşaqlar başıma yığışmışdı. Onların gözlərindən üzüntü və qorxu açıq ifadə olunurdu.

Günün istisindən artıq əynimdəki tuman da qurumuşdu. Boynumdakı ağrıdan inildəyirdim. Qohumum dedi ki, bəlkə səni ağzı aşağı çevirsək, ağrın keçər. Razılaşdım.

Məni ağzı aşağı çevirən kimi başım möhkəm yerə çırpıldı və boynum sol tərəfə əyildi. Burnum, dodağım, gözüm gilli çəmənliyə yapışmışdı.

Həmin an sanki boynumda “xırç” deyə bir səs duydum. Ağrım lap kəskinləşdi. Bununla travma üzərinə travma gəldi.

Ağrının gücündən dözməyərək, ağladım. Ağzım yerə yapışdığından palçıq gilinin və otların dadını ağzımda hiss edirdim. Yanımdakılara qışqırdım ki, məni bayaqkı vəziyyətə çevirsinlər.

Çətinliklə məni yenə çevirdilər. Hər ani hərəkət qırılmış boynumun travmasını daha da artırırdı. Əmimə zəng etmələrini tələb etdim.

O, çox zəhmli olduğundan əmim oğlu qorxusundan zəng etməkdən boyun qaçırdı. Əsəbdən ona “gözəl” söyüşlər söydüm.

Telefonda əmimin nömrəsini yığıb, qulağıma tutmağını tələb etdim. Əmimə başıma belə hadisə gəldiyini nəql etdim və tez gəlib məni burdan götürməsini xahiş etdim.

Əmimin telefonda dili titrədi. 5-10 dəqiqə sonra gəldi.

Yerdə uzanmış taqətsiz və süst bədənimi görəndə gözləri yaşardı. Ona yenə hadisəni nəql etdik. Gözləri qıp-qırmızı idi. Şoka düşmüşdü.

Dayanmadan ağrılı səslə adımı çəkirdi. “Orxan, Orxan, Orxan”... Əmim oğlunun dostu maşınla gəldi. Hərə bir tərəfimə keçdi və məni uzanılı halda qaldırıb, maşına tərəf aparmağa başladılar.

Üç nəfər boynumu tutmuşdu ki, ağrım kəskinləşməsin. Məni maşının arxa sırasına uzandırdılar. Səhv etmirəmsə, “VAZ 21 05” markalı maşın idi. Rəngi də mavi idi. Bu dəqiq yadımda qalıb.

Məni əmigilə apardılar. Orda əmimin “Qaz 21”-nə mindirdilər. Boynumdakı ağrı dayanmırdı. Hər dəfə məni tərpədəndə ağrım daha da çoxalırdı.

Əmimin maşınında arxa oturacaqlarda uzanıb, maşının yuxarısna baxırdım. Ancaq gözümlə o tərəf, bu tərəfi görə bilirdim.

Əmim həyəcanla və sürətlə maşını rayonun mərkəzinə sürürdü. Tez-tez mənə tərəf dönüb, “az qaldı, bir az da döz çatırıq xəstəxanaya” deyirdi.

Sağ tərəfə baxmaqla onun necə qan-tər içində olduğunu və həyəncalı üzünü görə bilirdim. “Yaxşı əmi, narahat olma” deyirdim.

Nə yazıq ki, gecikdi əməliyyatım. Ümumiyyətlə, elə əməliyyatlar onurğandan travma aldığın zaman 24 saat ərzində edilməlidir. Həkimim bunu israrla valideynlərimə bildirməli idi.

Burdan sonra təfərrüata girmək istəmirəm. Sabirabad rayon xəstəxanasında müəyyən olundu ki, onurğamdan travma almışam və təcili Bakıya Neyro-cərrahiyə xəstəxanasına getməliyəm.

Elə də elədik. Bakıya gətirdilər məni. “Onurğa sütunun c4 və c5-ci fəqərə sütunun kompreksion sınığı” diaqnozu qoyuldu.

Üç gün sonra əməliyyat olundum. Nə yazıq ki, gecikdi əməliyyatım. Ümumiyyətlə, elə əməliyyatlar onurğandan travma aldığın zaman 24 saat ərzində edilməlidir. Həkimim bunu israrla valideynlərimə bildirməli idi.

Çünki onların da, mənim də onurğa barədə məlumatımız çox dayaz idi. Qaldı ki, travma almış onurğanın maksimum nə qədər tez müddətə əməliyyat olunması...

Biz yanlız onurğanın var oluşundan xəbərdardıq. Buna görə həm özümü, həm də ölkəmizin mənim kimi travma alıb, iflic olmuş təhsil sistemini qınayıram.

Anti-demokratik Rusiyada onurğa barəsində uşaqlara hələ məktəbəqədər təhsil müəssisələrində məlumatlar verirlər. Bizə isə bu, 9-cu sinif Biologiya fənni zamanı başdansovdu öyrədilir.

Özümü də ona görə qınayırdım ki, qəza keçirəndə 19 yaşım vardı və universitetin ikinci kursunu bitirən tələbə kimi bu barədə bilgisizdim. İqtisadi sahədə oxumağım bunu bilməməyimə heç bir haqq qazandırmır.

Üç gün sonra onurğamda uğurlu əməliyyat baş tutdu. Boynumu rahat tərpədə bildim. Qollarım yavaş-yavaş güc tapdı. Bu güc tapma və bədənin bərpa mexanizmi altı il sonra - bu gün də davam etməkdədir.

Vuruşuram. Perespektiv az da olsa var. Hələ ki, əlil arabasından istifadə edirəm. Gələcək üçün düşüncələrim nikbindir.

Ümidimi çox şükür, itirməmişəm. Hər kəsə ehtiyatlı davranmağı tövsiyyə edirəm. Çünki indi yay fəsilidir.

Dəniz mövsümü çoxdan başlayıb. Dənizə gedənlər çoxdur və optimal təhlükə hər zaman mövcuddur.

Sizlərdən hər hansınız çaya, dənizə, gölə və ya hər hansı su hövzəsinə çimməyə getsə, lütfən o dəqiqə mənim kimi səfehlik edib, bilmədiyiniz yerə kəllə vurmayın.

Nəticə acınacaqlı ola bilər. Ən yaxşısı, həmişə suya ayaq üstə atılmaqdır. Və ən əsası, suyun dibini nə qədər yaxşı müşahidə etsəniz belə, ora kəllə vurarkən mütləq əllərinizi açıq şəkildə qabağa tərəf verin.

Bu real təhlükədən qurtulmağın ən yaxşı yoludur. Əlləriniz boyun-baş travmasi almanızın qarşısını alacaq.

Hər kəsə sağlıq və sevgi arzu edirəm.

XS
SM
MD
LG