Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:08

-

ÇEXOV

Müəllif: Konstantin Paustovski

Əkrəm Əylislinin tərcüməsində

Bizim bir çoxlarımızın pis bir vərdişimiz var: öz fikirlərimizi, hisslərimizi və telefon nömrələrini papiros qutularının üstünə yazırıq.

Sonra isə, bir qayda olaraq, qutular itir və onlarla birgə, ötüb-keçən bütün bir günümüz də xatirəmizdən silinib gedir.

Həyatın ötüb keçən bir günü o qədər də qısa deyil. Buna inanmaq istəyirsinizsə, keçirdiyiniz hər hansı bir günü yadınıza salın, onu dəqiqəbədəqiqə xatırlayın: o günkü görüşləri, söhbətləri, düşüncələri, kənardan müşahidə etdiyiniz hadisələri və öz ürəyinizdə baş verən halları fikriniz

ə gətirin - onda görəkəcsiniz ki, ötən həyatın həmin bircə günü bir kitablıq, bəlkə, bundan da çox söz tələb edir.

Bir dəfə Çexovun bioqrafi A.İ.Roskin qışda Yaltadakı yazıçılar evinə toplaşanlara bu işi təklif elədi: zarafatla o buna “işciyəz” deyirdi.

Biz Roskinin fikrini sevinclə qarşıladıq. Hər kəs öz “Bir gününün kitabını” yazmağa başladı, lakin çox keçməmiş hamı bu işdən əl çəkdi.

Çünki “işciyəz” çox da asan iş deyildi, bunun üçün mahir və təcrübəli söz ustalarının belə, qüvvəsi çatışmırdı.

Burada kompozisiya qurmaq, sujet yaratmaq, mövzu axtarmaq lazım olmasa da, Roskinin təklif etdiyi “işciyəz” gərgin fikirləşmək, çoxlu vaxt istəyirdi.

Fikirləri papiros qutusunun, əlimə keçən hər hansı bir şeyin üstünə yazmaq mənim də adətim idi. Güman eləyirdim ki, onları saxlayacağam, ancaq çox keçməmiş itirirdim.

Bir dəfə Eduard Baqritski özünün “Balıqlar, ulduzlar səsləyir qayığı” şeirini mənə “Hersoqovina Flor” papirosunun üstündən oxumuşdu, mən də səliqəsiz qeydlərimə buna görə haqq qazandırırdım.

Qutuların çoxu itsə də, hər halda onların bir neçəsi indiyəcən qalmışdır. Qalan qutulardan biri Çexova və onun Yaltadakı evinə aiddir. İndi mən, həmin qutunun üstündəki bir qismi pozulub getmiş qısa qeydlərimi izah etməyə çalışacam.

Onu da deyim ki, yaxın vaxtlarda mən qəzetlərdən birinə Çexov haqqında məqalə yazmağa söz vermişdim. Lakin işə başlayan kimi hiss elədim ki, hal-hazırda Çexov haqda “məqalə” deyilən janrda bir şey yazmaq çətindir, hətta mümkün olan iş deyil.

Buna görə də, mən məqalə yazmaqdansa, papiros qutusunun üstündə qeyd etdiyim sözlərə nəzər salmağı lazım bildim.

Sanki rus dilində Çexova aid ola biləcək nə qədər söz varsa hamısı deyilib qurtarmışdır.

Bu məhəbbət dildəki ən yaxşı ifadələrin axırına çıxmışdır. Burada təkrarçılıqdan, ümumi sözlərdən qaçmaq çətindir.

Çexov haqda sanki hər şey deyilmişdir. Lakin onun bizim xasiyyətlərimizə təsiri və Çexovu sevənlərin ürəyində bu adamın bir insan kimi buraxdığı dərin izlərdən hələ az danışılmışdır.

Bizim üçün həmişə canlı və əziz olan Çexovdan, ürəklərimizdəki güclü və unudulmaz “Çexov duyğusundan” hələ demək olar ki, heç nə yazılmamışdır.

Buna görə də, mən məqalə yazmaqdansa, papiros qutusunun üstündə qeyd etdiyim sözlərə nəzər salmağı lazım bildim. Bəlkə də burada - bu papiros qutusunun üstündə “Çexov duyğuları” dediyim o naməlum duyğu aşkara çıxacaqdır.

Buradakı qeydlər, bayaq dediyim kimi, olduqca qısa qeydlərdir. Məsələn: “1950-ci il. Evdə təkəm. Aşağıda bir qıllı köpək var. Köpək hürür. Ənənəyə görə onu Kaştanka çağırırlar”.

Bununla da yaddaş hərəkətə gəlir və keçmiş tədricən gözümün qabağında canlanır.

1950-ci ilin payızı. Mən Çexovu Yaltadakı evinə, Mariya Pavlovnanın yanına gəlmişdim. Mariya Pavlovna evdə yox idi, harasa qonşulardan birinə baş çəkməyə getmişdi, mən həyətdə dayanıb onu gözləyirdim. Sonra qoca ev qulluqçusu gəlib məni eyvana dəvət elədi.

Yaltanın gözəl, göz aldadan payızı təzə girmişdi. Bilmirdin ki, yaz idi, yoxsa payız. Həyətdə ağappaq bir çiçək kolu günün parlaq şüasında yuyunurdu.

Nəhayət, cəsarətə gəldim, əlimi kola uzatdım, o saat da geri çəkdim...

Ağ çiçəklər mehdən tökülürdü, daha doğrusu, onları havanın nəfəsi tökürdü.

Bu kolu Anton Pavlovic basırmışdı - bunu bilirdim. Bunu bildiyimə görə də kola toxunmağa cəsarət eləmirdim. Ondan xatirə üçün bir xırdaca budaq qopartmağa nə qədər həvəsim olsa da, özümü saxlayırdım.

Nəhayət, cəsarətə gəldim, əlimi kola uzatdım, o saat da geri çəkdim, - aşağıda, bağçada durmuş Kaştanka adlı qıllı köpək mənə hürdü. O, dal ayaqları ilə torpağı eşə-eşə eynən Çexovun təsvir elədiyi kimi hürürdü.

Mən qeyri-ixtiyari güldüm. İt yerə çökdü, ayaqlarını irəli uzadıb, qulaqlarını şəklədi. Onun sarı, mehriban gözlərində Günəşin işığı parıldayırdı.

Hava isti, ətraf sakit idi. Günəşin göyümtül tüstüsü dəniz tərəfdə göyün ətəyindən enli pərdə kimi sallanırdı və o pərdənin dalında nəhəng gəmi bərkdən fit verirdi.

Mariya Pavlovnanın qonşu evdən gələn səsini eşidəndə ürəyim birdən-birə elə bərk sıxıldı ki, ağlamağımı zorla saxladım. Nəyə görə?

Ona görə ki, həyat amansızdır. O, elə adamları əlimizdən alır ki, onlarsız yaşamaq çox çətindir.

...təki bu evin çoxdan getmiş kişisinin ahəstə addım səsləri bir daha qapının dalından gələydi və mən onun öskürdüyünü eşidəydim.

Belə adamlara həyat ölməzlik verməsə də, gərək uzun ömür verəydi, gərək həyat bu adamları o qədər yaşadaydı ki, onların yüngül əlini biz həmişə çiynimizdə hiss eləyəydik.

Mən bu ağır fikirləri beynimdən qovmağa çalışırdım, lakin kədər çəkilib getmək istəmirdi. Ağıl bir şey deyirdi, ürək başqa şey.

Mənə elə gəlirdi ki, o anda həyatımın tən yarısını verərdim - təki bu evin çoxdan getmiş kişisinin ahəstə addım səsləri bir daha qapının dalından gələydi və mən onun öskürdüyünü eşidəydim.

Çexovun ölümündən qırx altı il keçir. Bu qırx altı il mənə həm heç dərəcəsində kiçik, həm də dözülməz dərəcədə böyük görünürdü.

Məhəccərin yanındakı çiçəklər sakitcə tökülürdü. Ləçəklərin yüngül pərvazına baxa-baxa mən Mariya Pavlovnanın bu saat gələcəyindən və ürəyimə dolmuş təşvişi duyacağından qorxurdum.

Mən özümə təskinlik verirdim: düşünürdüm ki, buradakı kolun hər bir budağında nəsə bir ölməzlik vardır, budaqların özəyindən şirə axır, əbədi axır və bu axın sakit dəniz üzərində bir-birinə göz vura-vura yanan işıqlar kimi daimidir.

Mariya Pavlovna gəldi. Levitandan söhbət saldı, gəncliyində ona necə vurulmağından danışdı və bu haqda danışa-danışa o, hər sözbaşı utanıb, qız kimi rəngdən-rəngə düşdü.

Mariya Pavlovnanın bu söhbətini eşidəndən sonra mən, heç özüm də bilmirəm nə üçün, Çexovun “İtlə gəzən qadın” hekayəsindən söhbət saldım.

- Hər kəsin öz “İtlə gəzən qadını” olmalıdır, - dedim. Əgər yoxdursa, mütləq olacaqdır.

Mariya Pavlovna mehribancasına gülümsədi, heç bir cavab vermədi.

Bundan sonra ilin müxtəlif fəsillərində mən Çexovun evini dəfələrlə ziyarət elədim. Çox vaxt qapıdan içəri girmədim, bir müddət astanada dayanıb geri qayıtdım.

Bu ev qış vaxtları adamı daha çox cəlb eləyir. Qışda toran dənizin lap üstünə çökür.

Burada dənizin kənarında rus torpağı qurtarırdı, o biri tərəf gecənin zülmətinə bürünüb yatan kiçik Asiya ölkələri idi.

Bu toranlıqda gəmilərin zəif işığı zorla seçilir. Dənizçilərdən eşitmişdim ki, göyərtədən durbinlə baxanda bəzən Çexovun iş otağını görmək olur.

Oorada pəncərənin qabağında yaşıl abajurlu çıraq yanırdı.

Qəribə deyilmi, - bu çıraq Rusiyanın qurtaracağında yanırdı. Burada dənizin kənarında rus torpağı qurtarırdı, o biri tərəf gecənin zülmətinə bürünüb yatan kiçik Asiya ölkələri idi.

Paprios qutusunun üstündə mənim belə bir qeydim də vardı: "Yaltada qış, yaylada qar, onun Autka üzərində işığı”. Bəli.

Qışda bütün yayla yüngülcə qar təbəqəsi ilə örtülmüşdü. Qar ayın işığında parıldayırdı. Gecənin həzin sükutu dağlardan aram-aram Yaltanın üstünə axıb gəlirdi.

Bütün bunları Çexov da görmüşdü, bütün bunları Çexov da bilirdi. Mariya Pavlovnanın dediyinə görə, hərdən o, çırağı söndürüb, qaranlıqda oturar və pəncərədən qarın parıltısına baxarmış.

Bəzən Çexov gecələr bağçaya çıxarmış, xəlvətcə çıxarmış ki, anasını və bacısını oyatmasın, təşvişə salmasın.

Şan-şöhrəti bütün dünyanı dolanan Çexov yuxusuzluqdan əzab çəkəndə heç kəsə lazım olmayan, yaddan çıxmış bir adam kimi gecənin zülmətində tək-tənha gəzirmiş. Ancaq belə gecələrdə tənhalıq ona ağır gəlmirdi.

Rus ədəbiyyatının sığınacağına çevrilmiş ev isə lap yaxında idi, zülmətin qucağında ağarırdı.

Kuprinin, Qorkinin, Mamin-Sibiryakın, Stanislavskinin, Buninin, Raxmaninovun, Korolenkonun səsi bu evdən çoxdan kəsilmişdi, lakin o səslərin əks-sədası sanki burada yaşamaqda idi və ev o səslərin qayıdacağı günü gözləyirdi. Bunun evin sahibi də gözləyirdi.

O, ürəyinin təşvişini heç kəsə bildirmirdi. Heç kəsi narahat etməmək üçün gecələr tənha gəzirdi. Xəstəliyinin əzabını tək çəkirdi. Ürəyinin sıxıntısını, qəmini-qüssəsini hamıdan gizlədirdi.

Öz əzablarını da, göz yaşlarını da Çexov böyük mərdliklə, xeyirxahlıqla, alicənablıqla gizlədirdi.

Çexova həsr edilmiş böyük memuar ədəbiyyatında onun haçansa ağlamağı barədə bircə kəlmə də yazılmamışdır.

Lakin onun göz yaşını da görənlər vardı. Ölümündən azca əvvəl Çexov Savva Morozov ilə Urala gedəndə, məsələn yazıçı Tixonov (Serebrov) bunun şahidi olmuşdu.

Çexovun göz yaşları ölməkdə olan tənha, kimsəsiz, unudulmuş bir adamın xəlvətcə axıdılan qəmli göz yaşları idi.

Öz əzablarını da, göz yaşlarını da Çexov böyük mərdliklə, xeyirxahlıqla, alicənablıqla gizlədirdi. Çünki öz yaxın adamlarının ağ gününü qara etmək əsla onun xasiyyəti deyildi, özünün əzabları ilə Çexov heç kəsə əzab vermək istəmirdi.

Qaraladığım papiros qutusunun üstündə mən belə bir qeyd də oxuya bildim: “Rusiya həmişə azlıq eləyir”. Bu qeydi oxuyan kimi bir axşam yadıma düşdü. O axşam mən şair Luqovski ilə Çexovun iş otağında dayanıb Levitanın “Tayalar”-ına baxırdım.

Rəssamın bu gecə tablosunda tutqun bataqlıqların üstünə boz səhər toranı çökmüşdü, ay zəif işıq saçırdı, fasiləsiz civildəşən çəkçəki quşlarının səsi duyulurdu.

Qaraladığım papiros qutusunun üstündə mən belə bir qeyd də oxuya bildim: “Rusiya həmişə azlıq eləyir”.

Şəkildəki ucsuz-bucaqsız meşələr bu gecə də, yüzlərlə bu cür başqa gecələrdə də bihudə yerə dayanmamışdı. Çünki buradakı şehli ağcaqovaq yarpaqlarının parıltısını, onların gizli pıçıltısını eşidən yox idi.

Meşələr tərk edilmişdi, boş qalmışdı. Gecə yalqız-yalqız, boş yerə meşələrin üstü ilə uzaq üfüqlərdəki səhəri qarşılamağa gedirdi.

Çexovun ürəyi ağrıyırdı, çünki o, bütün ömrünü burada, uzaq Krımda keçirməyə məcbur olmuşdu. Ona Rusiya lazım idi.

Taxta damlı evlərin üzərində gecənin gümüşü parıltısını görmək, sakit doğma göllərdə ayın nuruna baxmaq üçün Çexov orada, Şimalda olmalı idi.

Rusiyadan ötrü onun ürəyi əsirdi. O, əzab çəkirdi, yanıb-yaxılırdı, çünki Çexov doğma yerlərin deyilməmiş, yazılmamış gözəlliyini gözü ilə görə bilmirdi, o, bütün bunları uzaqdan-uzağa təsəvvür etməyə məcbur idi.

Bu sakit və rahat evdə həyat illər boyu onu sıxmışdı. O, ötən illəri təəssüflə xatırlayırdı, çünki Çexovun fikrincə həyat, demək olar ki, faydasız keçmişdi.

Ömür qısa idi, çox qısa idi və həyatın öz iti qanadını onun ömrünə toxundurub belə sürətlə keçməyi Çexovu daim narahat eliyirdi.

Həm də bu sözlər təkcə Çexova aid deyildi. Nədənsə, bu evə qədəm qoyanların hamısı öz taleyini düşünməyə başlayırdı: xüsusən o adamlar ki, ömrü bifayda keçirmişdilər və bunu birdən-birə dərk etmişdilər.

Görünür, Çexovun mənalı həyatı insanları öz taleleri barədə düşünməyə məcbur eləyirdi.

Qeydlərimin içindən “Fotolar silsiləsi” sözlərini seçib oxuyanda Çexovun çoxlu şəkillərini tapdığım axşamı xatırladım.

Mən şəkilləri xronoloji qayda ilə düzmüşdüm. Birinci şəkil gimnaziya dövrünə aid idi, sonuncunu Çexov ölümündən azca əvvəl çəkmişdilər.

O, özü özünü tərbiyə eləmişdi və bizə çox çətin bir dərs verib getmişdi: insanları sevmək dərsi, yazıçı işinə namusla yanaşmaq dərsi.

Mən ömrümdə bundan ibrətamiz bir şey görməmişdim. Çexovun bütün həyatı göz qabağında idi - dərdsiz-sərsiz meşşan, yüngül təbiətli ədabaz, sonra isə əsl Çexov, öz daxili gözəlliyi ilə insanları heyrətə gətirən böyük, alicənab bir insan.

O, özü özünü tərbiyə eləmişdi və bizə çox çətin bir dərs verib getmişdi: insanları sevmək dərsi, yazıçı işinə namusla yanaşmaq dərsi.

Sonuncu iki qeydimin hərəsi bircə sözdən ibarətdi: “Dahilik” və “Xeyirxahlıq”.

Bu qeydlərdə mənim üçün qaranlıq bir şey yoxdur.

Çexov dahi yazıçıdır. Buna şübhə ola bilməz. Lakin Çexovun təvazökarlığına hörmət əlaməti olaraq, onun barəsində yazanlar bunu ona açıq deməmişdi.

Çexovu əsəbiləşdirməmək üçün hətta onun ölümündən sonra da biz bu sözü deməyə utanırıq. O özü “dahi” sözünü bizə qadağan etmişdi.

Yalnız sözün əsl mənasında böyük adamlar Çexov kimi təvazökar ola bilərdi. Lovğa, iddialı, tərifbaz adamlardan onun zəhləsi gedirdi.

Çexov yazırdı ki, özünü baş keşiş kimi lovğa və iddialı göstərmək istedadsız yazıçıların ən səciyyəvi xüsusiyyətidir. Təvazökarlıq rus xalqının ölməz cəhətlərindən biridir.

Rus xalqının ən sadə və ən gözəl oğulları təvəzökar adamlar olublar. Onların heç biri özünü tərifləməklə, özgəyə gülməklə məşğul olmurdu, onlar özlərini başqa adamlara misal göstərmirdilər.

Hər hansı bir xalqın təmizliyi və mənəvi qüdrəti onun təvazökarlığındadır. Yekəxanalıq isə xalqın heçliyinə və kamil ağla malik olmamağına dəlalət edir.

Qeydlərin arasında oxuduğum “Xeyirxahlıq” sözü barədə çox danışmaq olar.

Bir insan kimi də Çexov olduqca xeyirxah idi, lakin əsas məsələ onun bir yazıçı kimi xeyirxah və humanist olmağındadır.

Bizim ədəbiyyatda Çexov qədər açıqürəkli, onun kimi qayğıkeş, özgənin dərdinə yanan, həmişə insanlara kömək əli uzatmağa hazır olan ikinci bir şəxsiyyət, bəlkə də, yoxdur.

O, xeyirxah olduğu qədər də amansız idi. Çexov nifrət etməyi bacarırdı, o, hər şeyi bağışlayan öyüd-nəsihətçi deyildi.

İtaliya kino sənətinin ən gözəl nümunələri - “Roma, saat 11-də”, “Velosiped qaçıranlar”, “Qatar sürücüsü”, “Polis işçiləri və oğrular”, “Yollar boyunca xəyallar” kimi filmlər Çexov humanizminin təsiri ilə yaranmışdır.

Bununla belə, Çexov insan ürəyinin sirlərinə, insan dərdinin, bədbəxt taleyin nə demək olduğuna çox yaxşı bələd idi, bunu bir həkim kimi bilirdi, bir yazıçı kimi bilirdi və insanlardan bir-birinə qayğı ilə yanaşmağı tələb edirdi.

Bu barədə Çexov dünya humanizminə böyük təsir göstərmiş və göstərməkdədir.

İtaliya kino sənətinin ən gözəl nümunələri - “Roma, saat 11-də”, “Velosiped qaçıranlar”, “Qatar sürücüsü”, “Polis işçiləri və oğrular”, “Yollar boyunca xəyallar” kimi filmlər Çexov humanizminin təsiri ilə yaranmışdır.

Bu cür humanizm və xeyirxahlıq bizim bir çox əsərlərimizdə çatışmır. Belə əsərlər kasıb əsərlərdir. Onlar ən vacib bir keyfiyyətdən - oxucu qəlbinə təsir etmək qüvvəsindən məhrumdurlar.

Köhnə papiros qutusunun üstündəki qeydlərim bundan ibarətdir. Onların sayəsində mən gözəl insan və gözəl yazıçı Çexov barəsindəki fikirlərimi sizinlə bölüşə bildim.

Çexovun həyatı əsl xoşbəxtliyin mümkün olduğunu göstərir, ürəkdə xoşbəxt olmağa inam doğurur, biz həmin bu həyat üçün çalışır, döyüşür və qələbə çalırıq.

Kultura.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG