Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

-

Kitabxanalarda özünə-xidmət

“Üç il Britaniyada, 1 il ABŞ-da müxtəlif kitabxanaların ardıcıl oxucusu olmuşam. Hər həftə ya kitab götürmüşəm, ya da qaytarmışam” – bir azərbaycanlı deyir. “Ancaq kitabxanaçı ilə cəmi bir dəfə üz-üzə gəlib söz mübadilə eləmşəm, bunun da səbəbi kitab olmayıb. Uşağım kitabxanadan çıxmaq istəmirdi, onun başını aldatmaq üçün kitabxanaçıdan stiker istədim.”

Bəs necə olur ki, bir insan üç il bir kitabxananın oxucusu olur, ancaq kitabxanaçıyla "söz mübadilə eləmir", yəni danışmır. Bəs o, kitabları necə götürür? Necə qaytarır?

Bu şəkildə gördüyünüz qurğunun sayəsində. Xarici kitabxanalarda oxucuların özünə-xidməti geniş tətbiq olunur.

Kitabxanaya girən oxucu kitab rəflərinin arasında gəzərək seçdiyi, yaxud elektron axtarışla rəfdəki yerini tapdığı kitabı götürüb kitabxanaçıya yaxınlaşmır. Əvəzində bu qurğuya yaxınlaşır.

Qurğu "RFID özünə-xidmət" adlanır, ənənəvi kitabxanaçını əvəz edir.

Hər kitabın arxasına yapışdırılmış kitabxana ştrix-kodu sayəsində oxucu kitabı qurğunun içinə tutan kimi ekranda həmin kitabın adı çıxır. Altında isə: “Kitabı borc götürürəm” aktiv lövhəsi.

Barmaq bu yazıya toxunan kimi oxucu biletini də bayaq kitabı yaxınlaşdırdığın yerə tutmaq tələb olunur.

Hər biri saniyə çəkən bu iki prosedurla kitabxanadan kitab götürmək mümkün olur.

Dövlət kitabxanaları kitabı üç, yaxud beş həftəlik limitlə verir. Üç həftə müddəti tamam olandan sonra hər keçən gün üçün kitabın üstünə 20 qəpik kimi kiçik bir məbləğ gəlir.

Kitabı qaytaranda da həmçinin. Qaytarmaq istədiyin kitabı qurğunun ştrix-kod oxuyan hissəsinə yaxınlaşdıran kimi ekranda "Qaytarmaq istəyirəm", "Oxuma vaxtını uzatmaq istəyirəm" menyüsü çıxır.

Kitabxanaya olan pul borcunu da bu özünə-xidmət maşını qəbul edir. Məsələn, beş günlük gecikdirmə üçün 1 manatı bu maşına salırsan. Cərimə pulu borclu ola-ola yeni kitablar götürmək mümkündür. Bu, əksər kitabxanaların qaydasına görə, borc 100 manata çatana qədər mümkün olur.

Bəs kitabxanaçı nə iş görür? Kitabxanaçı kitabları səliqəyə, sahmana, sistemə salır. Kitabxanaçı kitabxanadakı sülh və əmin-amanlıq şəraitinə nəzarət edir. Kitabxanaçı kitabxanada uşaqlar üçün nağıl oxumaq günü, böyüklər üçün kitab müzakirəsi kimi tədbirləri təşkil edir.

Xaricdə yaşayan azərbaycanlı deyir ki, Azərbaycana gələndə həvəssiz, bəzənsə deyingən kitabxanaçılarla rastlaşır, onda bu özünə-xidmət maşınlarının həsrətini çəkir.

Onun fikrincə, yeddimərtəbəli (AMEA-nın yeni Elmi Kitabxanası kimi), çoxpilləkənli, çoxmebelli, çoxştatlı, çoxxalçalı kitabxanalar tikməyə milyonlar sərf etməkdənsə, hər kitabxanaya bir dənə bu maşından alıb qoymaq faydalı olardı.

Oxu zalı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG