Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

"Təkamül: İstifadə rəhbəri" kitabı nədən bəhs edir?


Yalçın İslamzadə

Yalçın İslamzadə

-

Elmi-kütləvi kitablar

Yalçın İslamzadənin kitab köşəsi

Francisco Ayala'nın “Təkamül: İstifadə rəhbəri kitabı

​Yazılı və vizual mediada birtərəfli təbliğat üstünlük təşkil etsə də, sosial şəbəkələr kainatın qısa müddətdə (bir neçə gündə) və hazır formada təbiətüstü bir güc tərəfindən yaradıldığına inananlarla kainatın, onun Günəş sistemi, Yer kürəsi, canlılar kimi tərkib hissələrinin təbiət qanunlarının idarəsi ilə yarandığına, - uzun bir tarixi olduğuna, müxtəlif kosmik və geoloji zamanlarda, təkamül yolu ilə “aşağıdan yuxarıya”, sadədən mürəkkəbə doğru istiqamət aldığına dair elmi nəticələri bölüşənlər arasında müzakirəyə imkan tanıyır.

Son dövrlərdə yaradılışı təbliğ etməyin həm də təkamül nəzəriyyəsini “çürütməkdən” keçdiyini anlayanların bəzəkli, səthi, yanlış, uydurma “fakt” və “bilgilər”-lə zəngin təkamül əleyhdarı kitablarının bolluğu müşahidə olunur.

Yaradılışçılarla təkamül tərəfdarları arasındakı mübahisələrdə yaradılışçılar dinlərin canlılar aləminə dair ciddi suallara cavab verə bilmədiyini bildikləri üçün açıqlamalarında ardıcıl möcüzələrə inanmağın sanki daha doğru olduğunu düşünərək, yaradılış nəzəriyyəsindəki boşluqlardan bəhs etmədən təkamül nəzəriyyəsinə qarşı bəzi arqumentləri qabardırlar.

Bu arqumentlərin onu asan hədəfə çevirdiyini düşünürlər.

Əslində, xüsusilə molekulyar biologiya, genetik araşdırmalar və təkamülçü psixologiya sahəsindəki tədqiqatlar, getdikcə artan sayda fosil tapıntıları, minlərlə alim və yaxşı təhciz olunmuş laboratoriyalar, qabaqcıl universitetlərin özəl sektor və dövlət tərəfindən dəstəklənən araşdırmaları Təkamül nəzəriyyəsinin doğruluğu əhəmiyyətli dərəcədə isbat edilmiş nəzəriyyə olduğunu göstərir.

Bu qədər elm insanlarının yanıldığına inananların daha yaxşı nəzəriyyə ortaya qoymadıqca təkamülü tənqid etmələri məntiqli deyil

Francisco Ayala Milli Elm Medalı laureatı, Kaliforniya Universitetində biologiya və fəlsəfə professorudur.

“Təkamül: İstifadə rəhbəri” adlı kitabında “Təkamül nədir?”, “Təbii seçmə nədir?”, “Həyat ağacı nədir?”, “İtmiş halqa nədir?” kimi başlıqlarda təkamül, növ, təbii seçmə, zəkada mirasın rolu kimi mövzular aydın və sadə dildə izah edilir.

Ara keçidlər və gözün təkamülü kimi qarşı tərəfin nəzəriyyənin zəif saydığı tərəfləri işıqlandırılır.

Kitabda həmçinin əxlaqın mənşəyi, yaradılışçılığın doğru olub-olmadığı da müzakirə edilir.

ABŞ-da yaradılışçıların təkamül nəzəriyyəsinin qadağan edilməsi üçün apardıqları mübarizədən bəhs edilir.

Bir zamanlar 4 əyalətdə təkamül nəzəriyyəsinin tədris edilməsi qadağan olunmuş olsa da, ABŞ Ali Məhkəməsi 1968-ci ildə dövlət məktəblərində təkamülün tədrisini qadağan etməyin Konstitusiyaya zidd olduğunu qərara almışdı.

Kitab, təkamül nəzəriyyəsinin ilkin anlayışları və prinsipləri haqqında bu nəzəriyyə ilə tanış olmaq istəyənlər üçün olduğu kimi, təcrübəli oxucuların da faydalana biləcəkləri mənbədir.

Kitab oxucuların təkamülü daha yaxşı anlamalarına və bu nəzəriyyəni uğurla müdafiə edib qarşı tərəfin önə sürdükləri nəzəriyyənin ziddiyətlərinə fokuslanmağa kömək edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG