Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

-

Günay SƏMA ŞİRVAN

Kəbutər ba Kəbutər...

Azad ölkəmin bir şəhəridir
doğulduğum şəhər.
Küçələrində
azmış arzularım
sərgərdan dolaşmaqda...

Doğulduğum şəhər deyil
yaşadığım şəhər.

Bu Şəhər
şehli kirpiklərini Günəşlə qurudar,
yosun-yosun saçlarını yağışla yuyar.

Ağacları -

yaz - gümüşü cicəkli,

payız - qızılı ləçəkli.

Qucağa sığmayan qovaqlar,
Büzülən dodaqlardan uzaq,
Gün altında uzanıb
xumarlanan çəmənlər
necə də xoşbəxtdir.

Bu şəhərin
azadlıq havasının nəğmələri
arzulu könüllərin
aydın səmada
asudə süzən
qanadlarıdır.

Burada sevdalılar
sevgilərini gizlətməyə məcbur deyillər.
Nə əl-ələ tutmaq,
nə xəyallar qurmaq yasaq deyil.
Eşqdən qanad taxanları
maşınlar fitə basmır...
Sevənlərin
ürək çırpıntıları
çiliklənmir
mentalitetin ayaqları altında.

Qadağalar
və çərçivələr içində böyümüş
bir kənd uşağı üçün
bu Şəhəri sevmək çətin deyil, əslində.

Ancaq,
nəyə gərək o Günəş ki,
doğuşunu birgə seyr etmirik...
Nəyə gərək o yağmur ki,
birlikdə islamırıq...

İllər şahiddir ki,
nə nərmənazik ağcaqayınlar,
nə də nazlı-qəmzəli cökələr
kölgə sala bilmədi
ürəyimin
mətin çinar sevdasına.

Bir gün,
Sənsiz yaşanan səadətdən--
göz yaşına bürünən gülüşdən qurtulmaq üçün,
çırparam üstümdən
bu şəhəri.

Anladım dost, anladım...
Qarğalar şəhərində
göyərçinlər
yuva qura bilməz:
Konəd həmcens ba həmcens pərvaz.
Kəbutər ba kəbutər, baz ba baz.*

-----------------
* “Hər kəs öz həmcinsi ilə uçar,
Göyərçin göyərçinlə, şahin şahinlə”. Nizami

Günün bütün mövzuları

XS
SM
MD
LG