Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

Leyla Yunus: «Mayor Yaqubov məni döyüb»


Leyla və Arif Yunusların son görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Leyla və Arif Yunusların məhkəmədəki görüntüləri

.

Məhkəmə zalına girən hər kəsin üzündə ilk öncə təəccüb sezilirdi. Şüşə qəfəs arxasında gördükləri yaddaşlarında qalan Leyla Yunus deyildi.

Hiss olunacaq dərəcədə itirilmiş çəki, seyrəlmiş və tamamilə ağarmış saçlar, çuxura düşmüş gözlər, bükülmüş bel və şalla bağlanmış bel nahiyəsi – bütün bunlar Leyla Yunusu tanınmaz etmişdi...

Leyla Yunusun həyat yoldaşına məktublarını da oxuyun:

...Ətrafda baş verənlər sanki onları düşündürmürdü. Bir ilə yaxındır ayrı düşmüş cütlük nəhayət ki, qovuşmuşdu, şüşə qəfəs arxasında olsa belə.

Yunusların bir-birinə göstərdikləri qayğı və nəvazişə sanki ətrafdakılar da mane olmaq istəmirdi.

Hətta hakimlərin zala gəlməsi və hazırlıq iclasını açıq elan etməsi də Yunusların dərdləşməsini sonlamadı.

KİMİNSƏ HİKKƏSİNİN QURBANI

Hazırlıq iclası baş tutdu – iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində. Yunuslar hakimin məhkəmənin tərkibi və bu kimi digər suallarına cavab verməkdə maraqlı görünmürdü, əl işarələri ilə kifayətlənirdilər.

Hakim Əfqan Hacıyev Yunusların məhkəmənin suallarını cavabsız qoymasının onların növbəti prosesə gətirilməməsinə səbəb ola biləcəyini qeyd etdi. Yunuslar heç nəyə məhəl qoymadan dərdləşməkdə davam edirdi.

Daha sonra vəkillər vəsatətlərlə çıxış etdilər. Əvvəlcə Arif Yunusun vəkili Əfqan Məmmədov çıxış etdi. Məhkəmədən müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılıb vəkilinin yanında oturdulmasını istədi.

İkinci vəsatət isə cinayət işinə xitam verilməsi ilə bağlı oldu. Bildirdi ki, Arif Yunusun əməlində cinayət tərkibi yoxdur:

«Cinayətin obyekti bizə hələ də bəlli deyil. Arif Yunus kimi aldadıb? Belə hal, ümumiyyətlə, mövcud deyil. Arif Yunus kiminsə hikkəsinə qurban getmiş biridir».

Leyla Yunusun vəkili Ramiz Məmmədov da müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatət qaldırdı. Daha bir vəsatət prosesin audio və video yazılışının aparılması ilə bağlı oldu.

Biz deyəndə ki, Leyla xanımın qaraciyəri parçalanır, bizə inanmırlar. Amma Avropadan gələn həkim belə bir preparat təyin edirsə, deməli, vəziyyət həqiqətən də pisdir.

«HƏBSXANADA ÖLMƏSİNİ İSTƏMİRƏM»

Daha sonra vəkil bildirdi ki, Leyla Yunusun cinayət təqibi zamanı həbsdə qalmaması üçün kifayət qədər əsaslar var. O, Leyla Yunusun səhhətindən danışıb. Bildirib ki, Avropadan gələn həkimlər ona dəyəri 40 min manat olan dərman – «Harvoni» təyin edib:

«Biz deyəndə ki, Leyla xanımın qaraciyəri parçalanır, bizə inanmırlar. Amma Avropadan gələn həkim belə bir preparat təyin edirsə, deməli, vəziyyət həqiqətən də pisdir.

Bu dərman Avropa Şurasının köməyi ilə alınıb Leyla xanıma. Həbsxanada ona ikiqıfıllı bir dolab verilib ki, bu dərmanı özü qorusun.

Leyla xanım şəkər, nevralgiya xəstəsidir, qadın xəstəlikləri ilə bağlı 6 dəfə və gözlərinin hər ikisindən cərrahiyyə əməliyyatı olunub. Bütün bunlar səhhətində təbii ki, müəyyən fəsadlar yaradıb. O, həm də Hepatit C-dən əziyyət çəkir.

Arif və Leyla Yunusa qarşı dövlətə xəyanət ittihamını ayrıca araşdıracaqlar. Ətraflı:

Mən bir Azərbaycan vətəndaşı kimi Leyla Yunusun həbsxanada ölməsini istəmirəm.

İstintaq materiallarında Leyla Yunusla bağlı yazılıb ki, «qeyri-müəyyən nüfuza malik birisi», amma mən demək istəyirəm ki, onun kimi nüfuzlu birinin həbsdən çıxması üçün istəsəniz, yetərincə əsaslar tapa bilərsiniz».

ŞAHİDLƏR SİYAHISINDAN ÇIXARILSINLAR

Vəkillər həm də hazırda fəaliyyəti dayanmış «Şəffaflıq Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanovun məhkəmədə iştirakına etiraz ediblər. Bildiriblər ki, Rəna Səfərəliyevanın bu işdə zərərçəkən kimi tanınmasına heç bir əsas yoxdur.

Vəkillər Leyla Yunusla da bağlı cinayət işinə xitam verilməsini istəyiblər.

Arif Yunusun başında şiş əmələ gəlib, xərçəng xəstəsi olduğu ehtimalı var, amma qapalı saxlanır, yanına həkim gətirilmir.

Bundan başqa, vəkil Elçin Qəmbərov istintaqın şahid kimi tanıdığı Sahib Məmmədov, Təhmasib Novruzov, Əkbər Həsənov və Mətanət Əzizovanın şahidlər siyahısından çıxarılmasını istəyib.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxışında vəsatətlərin heç birinə müsbət yanaşmadı. Yunusların həbsdən öncə istintaq zamanı çağırışlarına gəlməməsini, xüsusilə Leyla Yunusun davranışını əsas gətirərək onların həbs-qətimkan tədbirinin dəyişdiriləcəyi təqdirdə qaçma ehtimalını da real sayıb.

«AĞRILARIM ARTIB»

Hakimlərin müşavirədə olduğu müddətdə Leyla Yunus jurnalistlərə məlumat ötürməyə çalışdı. Bildirdi ki, Arif Yunusun başında şiş əmələ gəlib, xərçəng xəstəsi olduğu ehtimalı var, amma qapalı saxlanır, yanına həkim gətirilmir. Daha sonra öz səhhətindən danışdı:

Yunusların məhkəməsinə beynəlxalq reaksiyaları da oxu:

«Xarici həkimlərin təyin etdiyi həmin bahalı dərmanı qəbul etdikdən sonra ağrılarım artıb. Onlar tapşırmışdılar ki, həmin dərmanla paralel heç bir dərman qəbul etmək olmaz. Amma mən əlavə 6 dərman içirəm, onları içməsəm, dayana bilmirəm».

Hüquq müdafiəçisi məhkəməylə bağlı heç bir illüziya qurmadığını söyləyib:

«Elə istintaqla bağlı da illüziyam olmadığına görə istintaqda iştirak etməmişəm. Cinayət işi materiallarında dəhşətli saxtakarlıqlar var. Təsəvvür edin ki, qəzet materiallarından istifadə edib ittiham hazırlayıblar. Bu işin içində olan yüzlərlə faktlardan birini diqqətinizə çatdırıram. Arif Yunusa ona görə dələduzluq ittihamı irəli sürülüb ki, o özünün bir hesabından digər hesabına pul köçürüb».

Leyla Yunus ona edilən işgəncələrdən də danışdı:

«Onlar bizim fiziki məhvimizi qarşıya məqsəd qoyublar. Həbsxanada bizə işgəncələr verilir. Başıma, böyrəklərimə vurublar. Sentyabrın 23-də mayor Yaqubov məni döyüb. Mənə verilən sonuncu işgəncə iyunun 20-də olub. Gicgah nahiyəmdən o qədər vurublar ki, sol gözüm tamamilə görmür».

«QƏRARINIZ BƏLLİDİR»

Leyla Yunusun bu çıxışı məhkəmə nəzarətçilərini hərəkətə gətirdi. Əvvəlcə zalda oturanları bayıra çıxarmaq istədilər. Heç kəsin yerindən tərpənmədiyini görüb çıxış yolunu Yunusları zaldan çıxarmaqda tapdılar.

Onlar bizim fiziki məhvimizi qarşıya məqsəd qoyublar. Həbsxanada bizə işgəncələr verilir. Başıma, böyrəklərimə vurublar.

​Hakimlər müşavirədən qayıdıb qərarı elan edəndə qarışıqlıq yarandı. Leyla Yunusun «mən söz demək istəyirəm, mənə imkan verin» söyləməsinə məhəl qoyulmaması aranı qarışdırdı. Hakimlər qərarı Leyla Yunusun qışqırıqlı etiraz sədası altında oxudu. Bu müddətdə Leyla Yunus:

«Bu, ədalətsizlikdir. Siz mənə söz deməyə də imkan vermirsiniz. Mən bilirəm ki, sizə göstəriş verilib, heç nə sizin əlinizdə deyil, amma ən azından söz deməyimə imkan verin. Sizin qərarınız bəllidir» –deyə qışqıra-qışqıra etiraz etdi.

Hakim qaldırılan vəsatətlərdən heç birini təmin etməyib.

​Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.Növbəti məhkəmə prosesi iyulun 27-dədir.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG