Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:57

Gədəbəyli sahibkarın başına gələnlər...


Arxiv fotosu
Arxiv fotosu

-

"Ölkə başçısının sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua aldım. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar".

Sahibkar Oqtay Əliyev
Sahibkar Oqtay Əliyev

"RÜŞVƏT VERMƏDİM, DAĞITDILAR"

Başına gələnləri AzadlıqRadiosunun “Qaynar xətt”inə nəql edən Gədəbəy rayonu, Miskinli kənd sakini Oqtay Əliyevdir. Onun sözlərinə görə, icra hakimiyyəti heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürüb. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri də olub. Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalakənd meşəbəyliyinin 20 hektar sahəsindən istirahət-turizm məqsədi ilə istifadə etmək üçün həmin müəsssisə ilə 5 illik müqavilə də bağlanılıb. Sahibkarın iddiasına görə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin maddi maraqları olub və ondan külli məbləğdə rüşvət istənilib.

“Obyektin bir hissəsi dağıdılandan sonra məni Gədəbəy Rayon İcra Hakimiyyətinə çağırıdılar. Başçının birinci müavini məndən tikintiyə yenidən icazə verilməsi üçün 100 min dollar pul istədi. Təklifi ilə razılaşmadım və Bakıya gəldim. Paytaxtda olarkən icra başçısının göstərişi ilə əraziyə buldozerlər yeridilərək min bir əzab-əziyyətlə tikdiyim istirahət mərkəzini yerlə-yeksan ediblər”.

Sahibkar düşünür ki, turizm obyekti tikməklə onlarla işsizə iş yeri yaranacaqdı, büdcəyə vergi ödəniləcəkdi. Yerli məmurlar buna mane olublar.

“Rayonda işsizlik baş alıb gedir. Gedib Rusiyada işləyib zülmlə pul qazanıb gətirib doğma rayonumuza sərmayə qoymaq istəyirik, ancaq imkan vermirlər. Axı nə üçün icra başçısı sahibkarlığın və turizmin inkişafına əngəl yaradır? Bu qədər özbaşınalıq və qanunsuzluq olmaz. Tam tikilib başa çatan obyekti sökmək hansı qanuna sığır? Prezident dəfələrlə vurğulayıb ki, döyüş bölgəsində yerləşən rayonlarda əhalinin rifahının yüksəldilməsi məqsədilə hər cür şərait yaradılmalıdır. Öz maddi imkanım hesabına tikib başa gətirmək istədiyim obyekti vurub dağıtdılar”.

Arxiv fotosu
Arxiv fotosu

MƏHKƏMƏ SAHİBKARA ZİYAN VURULDUĞUNU TƏSDİQLƏYİB

Oqtay Əliyev ona 170 min manata başa gələn həmin obyektin dağıdılması ilə bağlı Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırlıb və Oqtay Əliyevə məxsus həmin turizm obyektinin həqiqətən də Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən əsassız olaraq söküldüyünü bir daha təsdiqləyib. Nəticədə məhkəmə qərar qəbul edib. Cavabdeh Gədəbəy rayon İcra hakimiyyətindən 66 min 626 manat tutulub ki, buda iddiaçı Əliyev Oqtayın xeyrinə ödənilsin.

Oqtay Əliyev bu məhkəmədə qələbə qazandığını deyir. Cavabdeh tərəf məhkəmənin qərarını icra etməkdənsə sahibkarın başqa bir obyektini dağıdıb.

“7 il əvvəl hər bir sənədi-sübutu ilə ərzaq mağazası tikmişdim. Keçən ilin sonunda səhhətimlə əlaqədar Sumqayıta getdim, bir müddət orada qaldım. Orada qaldığım müddətdə - bu il fevralın 12-də xəbər tutdum ki, icra hakimiyyəti başçısının göstərişi ilə mənə məxsus olan mağaza da içərisindəki ərzaqlarla, əmlakla bilrikdə dağıdılıb”.

Sahibkar deyir, ona 50 min manat zərər dəyib, lakin sökülmüş obyektə görə kompensasiya ödənilməyib.

"Mağazanın içərisindəki soyuduculara qədər hamısı ayrı-ayrı şirkətlərdən kreditlə alınmışdı. Avadanlıqları daşıyıb hara töküblər, hələ də yerini tapa bilmirəm. İndi şirkətlər avadanlqıların pulunu tələb edir".

"MƏNİ MÜFLİSLƏŞDİRDİLƏR, KİRAYƏLƏRDƏ QALIRAM"

Deyir, mağazanı sökməmişdən əvvəl onu külli miqdarda cərimələyiblər. Şikayətləri əsasında həmin cərimələr ləğv edilsə də sahibkar, necə deyərlər, qəzəbdən qurtara bilməyib və mağazası sökülüb.

"Evim sahibkarlıq fəaliyyətimlə əlaqədar bankda girovdadır, bütün ümidimi o mağazaya bağlamışdım ki, işlədib evimi girovdan qurtarım. Məni ailəlikcə müflisləşdiriblər. İndi kirayələrdə yaşayıram".

Gədəbəy rayon icra hakimiyyətindən bildiriblər ki, turizm obyektinin söküntüsü ilə bağlı artıq məhkəmə qətnaməsi var və əlavə nəsə deməyə ehtiyac yoxdur. Mağazanın sökülməsinə gəlincə, bunu rayonda aparılan abadlıq-quruculuq işləri ilə əlaqələndirdilər.

XS
SM
MD
LG