Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:05

-

"1 il 2 ay keçib, Dolu yağması nəticəsində əmlaklarımıza dəyən zərərlər hələ də aradan qaldırılmayıb".

Ötən ilin may ayında Qərb bölgəsinə güclü dolu düşüb. Daşkəsəndə təbiətin şıltaqlığından istifadəyə yararsız vəziyyətə düşmüş evlərin çoxu hələ də bərpa olunmayıb.

VAXT KEÇDİ, HƏR ŞEY YADDAN ÇIXDI"

Rayon sakini Etibar Cəfərov deyir, 1 ildən çoxdur nə çardağı tamamilə dağılmış evi bərpa edirlər, nə də kompensasiya ödəyirlər ki, bu işi adamlar özləri görsün.

"Dolu evləri vurdu, dam örtükləri dağıldı. Gəldilər, icradan yazdılar, amma eləcə də qaldı. O vaxt dedilər ki, əvvəl bina evlərini düzəldirlər, həyət evlərini düzəltməyə pul yoxdur. Söhbət bir az köhnələn kimi həyət evləri də yaddan çıxdı".

Etibar Cəfərov 2-ci qrup əlildir, təbii fəlakətin vurduğu zərəri təkbaşına aradan qaldırmaq imkanı yoxdur:

"Təqaüdə baxan adamam. Yağan yağış evimin içərisinə dolur. Hadisədən sonra Fövqəladə Hallar Nazirliyindən gəlmişdilər, bir də icra hakimiyyəti başçısının müavini gəlmişdi... Yazdılar, getdilər, amma heç nəyi düzəltmədilər. Evimizin əşyaları da o vaxt suyun altında qaldı. Mebellər, məişət əşyaları - hamısı çürüdü, paslandı, yararsız hala düşdü".

Qəzalı ev

Qəzalı ev

EVLƏR VAR Kİ, HƏLƏ DƏ ÖRTÜKSÜZ QALIB

Yerli icra hakimiyyəti bu ailəni Etibar Cəfərov şikayət yazandan-yazana yada salır. Ailə başçısı deyir, gəlirlər, 5-10 şifer, bir az taxta, qum söz verib gedirlər. Hər dəfə eyni vədləri eşitməkdən qulaqları tutulub.

"Axı o vaxt hadisə günü Rayon Fövqəladə Hallar Komissiyasından da, icra hakimiyyətindən də gəlib zərər dəymiş evləri qeydiyyata aldılar. Yardım edəcəkləri barədə vəd verdilər.Yəni ötən 1 il 2 ay ərzində 5-10 evi düzəltməyə imkanları çatmadı? Bu maliyyə vəsaiti büdcə üçün qəpik-quruşdur. Adamların çoxu dövlət qurumlarının mərhəmət və məsuliyyətinə bel bağlamayıb, borc-xərclə dam örtüyünü təmir etdirdi. Ancaq mənim kimi imkansız ailələr var ki, evi hələ də örtüksüz qalıb".

Daşkəsən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev həmin vaxt bildirmişdi ki, güclü dolu 15-ə yaxın çoxmərtəbəli yaşayış binasının, eləcə də onlarla həyət evinin dam örtüyünü sıradan çıxarıb. Çoxmərtəbəli binalar daha çox zərər görüb. İlk olaraq onların, daha sonra həyət evlərinin təmiri reallaşacaq.Komissiya sədri bildirmişdi ki, 2 ay ərzində bütün evlərin dam örtüyü yenilənəcək.

Lakin evi hələ də örtüksüz qalmış Etibar Cəfərovun şikayətini icra hakimiyyətinə çatdırmaq üçün bu dəfə qurumdan heç kəs qulaq kəsilmədi. İcra hakimiyyətinə vurulan zənglər cavabsız qaldı.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG