Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13

-

Dilqəm Carçalov

Timeline şəkilləri

Gecələr evlərinə qonaq gedirdim sevgilimgilin

mətbəxdə necə yemək yediyini,

çay dəmlədiyini,

otağında paltar dəyişdiyi yeri,

dəhlizdə güzgünün qabağında var-gəl eləməyini seyr edirdim

timeline şəkillərində.

Onda hələ sevib qurtarmamışdım mən,

hələ təzə başlayırdım baxmağa bağda çəkdirdiyi şəkillərinə.

Onda bilmirdim heç ailədə neçə nəfərdilər,

bilmirdim anasını nə qədər çox istəyir,

bilmirdim ki, tez-tez bacısının paltarlarını geyinir gizlicə.

Onda hələ təzə başlayırdım sevməyə

timeline şəkillərində sevgilimi.

Bir şəkili var idi hələ, əli belində

ən çox ona baxırdım

Elə bilirdim o da o şəkli mənə baxmaq üçün çəkdirib.

Gecələr qonaq gedirdim sevgilimgilə

ən çox mətbəxlərini bəyənirdim,

oturub atasının çəkdiyi siqaretdən çəkirdim,

hansı stəkandan çay içdiyini təxmin edirdim sevgilimin

Onda hələ bilmirdim heç çayı sevib, sevmədiyini,

məni sevib, sevmədiyi kimi.

Tutulub qalırdım elə mətbəxdəki o şəkildəcə

elə bilirdim indicə gəlib mənə çay dəmləyəcək,

elə bilirdim o şəkildən baxıb, səni sevirəm deyəcək.

Onda hələ sevib qurtarmamışdım mən

Təzə başlayırdım ki, sevim

Olmadı,

timeline şəkillərində qaldı mənim sevgim.

Üçün ikisi

Oyun oynamağı heç sevməmişdim mən,

ürəyim cığallıq edirdi tez-tez,

ya üçün ikisini gizlədirdi məndən, ya da top ‘ştanq’ın üstündən keçirdi

qışqırırdı üstümə ki, sən oynaya bilmirsən, keç qıraqda dur!

mən də ağlayaraq topu götürüb gedirdim

Elə o vaxtdan üçün ikisini də sevmirdim heç.

Sonra böyüdüm yavaş-yavaş

İlk dəfə həyatdan texniki timeout istədim, mənə qırmızı kart göstərdi

Bir əlimlə köynəyimin ətəyini qaldırıb,

tərimi silə-silə tərk etməyi öyrənirdim sevdiklərimi bir-bir

Hər tərk edişimdə də qayıdıb özümə gəlirdim bumeranq kimi.

Ürəyimsə həmişə cığallıq edirdi

Elə ilk sevdiyim qıza da yalan demişdi,

guya atam başqa bir məktəbdə müəllim işləyirdi.

Sonra böyüdüm yavaş-yavaş

Sevmədiyimi bilə-bilə həyat mənlə oyun oynayırdı yenə

Hamı dərsə tələsəndə, mən siqaret çəkirdim evdə,

dünən axşam filankəs məni niyə sevməmişdi deyə.

Həyatım bəlkələrlə dolmuşdu ağzına qədər,

çıxıb getməklərdəydi bir-biri ilə qaçdı-tutdu oynayan arzularım,

gecələrdən gecələrə gizlənirdi bir-birindən xəyallarım

və hamı dərsə tələsirdi, məndən savayı

mən isə evdə oturub həyatla oyun oynayırdım,

üçün ikisi və timeout!

Günün bütün mövzuları

XS
SM
MD
LG