Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01

Heydər məscidini polis üç tərəfdən qoruyacaq


-

Heydər məscidi xüsusi qorunan obyektlər siyahısına daxil edilib. Ona görə də gecə-gündüz mühafizə olunacaq.

Heydər məscidini üç tərəfdən polis qoruyacaq. Bunu məsciddə gündəlik namazların icraçısı – imam Hafiz Abbasov deyir.

Onun sözlərinə görə, Heydər məscidi xüsusi qorunan obyektlər siyahısına daxil edilib. Ona görə də gecə-gündüz mühafizə olunacaq. Səbəbini belə izah edir:

“Böyükdür, yenidir, xüsusi tikilidir, ona görə də qorunacaq”

Günü bu günsə məscidi hərbi geyimdə olan mühafizəçilər qoruyurlar.

Açılışı ötən ilin dekabrında olan, amma hələ də qapısı inanclıların üzünə bağlı qalan Heydər məscidi Azərbaycanda ən böyük ibadət evidir. Üçmərtəbəli tikilidə 5-7 min arası müsəlmanın namaz qılacağı deyilir. Onun üst qatı xanımlar üçün ayrılıb.

Heydər məscidi

Heydər məscidi

Məscidin dörd minarəsi var, hər biri 95 metrdir və Hafiz Abbasovun sözlərinə görə, Qafqazda ən hündür minarə Heydər Əliyevin adına olan məscidə məxsusdur.

Hafiz Abbasov onu da deyir ki, məscid hər iki məzhəbə mənsub olanların üzünə açıq olacaq. Burda həm imam, həm də axund fəaliyyət göstərəcək.

O ki qaldı, məscidin nə zaman açılacağına, bunu dəqiq bilən yoxdur. Mühafizəçilərdən biri onun Ramazan Bayramında istifadəyə veriləcəyini söyləsə də, Hafiz Abbasov deyir ki, bu haqda göstəriş yuxarı qurumlardan gəlməlidir. Bu suala bəlkə də doğru cavabı məscid-kompleksin rəhbəri Sabir Həsənli verə bilərdi. Ancaq onun da özünü pis hiss etdiyini, “sistem altından qalxıb güclə işə gəldiyini” söyləyirlər.

Hafiz Abbasov dini ayinlərin icrası üçün xırda-para işlərin qaldığını, onlar başa çatan kimi məscidin hamının üzünə açılacağını bildirir.

“DEYİLƏNLƏRİN DOĞRULUĞUNU BİLMƏK ÜÇÜN GƏLDİK”

Heydər məscidi

Heydər məscidi

Məscidin qapısı açıq olmasa da, geniş həyəti – 12 hektar ərazidə yerləşir – fəvvarələr, ətrafdakı ağ skamyalar, yaşıllıq diqqəti cəlb edir. Ara-sıra adi adamlar bura gəlib tikiliylə maraqlanır. Üç nəfər yaşlı xanım da Heydər məscidinin sorağını eşidib tamaşasına gələnlərdəndir. Esmira Bağırova:

“Gəlmişik bu məscidi ziyarət edək. Əhya günüdür. Allah hamıya kömək olsun, hamının Orucu qəbul olunsun. Bu məscidə birinci dəfədir gəlirik. İnşallah açılar, biz onda da gələrik”.

Afət Quliyeva və Xuraman Mehdiyeva da ona qoşulublar:

- Ziyarətə gəlmişik. Eşitdik ki, Heydər Əliyev məscidi tikilib, dedilər gözəldir, biz də deyilənlərin doğruluğunu bilmək üçün onu ziyarətə gəldik.

- Gözəl məsciddir. Allah prezidentimizi qorusun.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytındakı məlumata görə, Azərbaycanda 2054 məscid var, onlardan 135-i Bakı şəhərində yerləşir.

Elşən Məmmədov məscidin tikintisində iştirak edənlərdəndi. O, deyir ki, burda namaz qılmaq istərdi. Yanındakı dostu isə “Mən buranın nə zaman açılacağını heç gözləmirəm də” deyib uzaqlaşır.

ÖLKƏDƏ 2 MİNDƏN ÇOX MƏSCİD VAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytındakı məlumata görə, Azərbaycanda 2054 məscid var, onlardan 135-i Bakı şəhərində yerləşir.

Bu məlumatda 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunduğu, 306 məscidin dövlət tərəfindən tarixi abidə kimi qorunduğu da bildirilir.

Rəsmi məlumata görə, 1993-2003-cü illər ərzində ölkədə 517 məscid tikilib, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub.

Bundan başqa, 2003-2013-cü illərdə ölkədə 216 məsciddə əsaslı təmir və yenidən qurma işləri aparılıb, dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.

Dini ekspert Elşad Miri AzadlıqRadiosuna deyir ki, inanclıların sayına baxanda Azərbaycan üçün 2000 məscid az deyil: “Əsas səhər namazlarıdır, bu zaman da insanlar məscidlərə sığışırlar. Bircə cümə günləri bəzən insanlar küçədə namaz qılırlar. Ancaq Heydər məscidinin açılması bu problemi müəyyən mənada həll edə bilər”.

Onun qənaətincə, mühüm olan ölkədəki məscidlərin sayı deyil, bu məsciddə namaz qılan, iman əhlinin çox olmasıdır və bunun üçün də dini maarifləndirmə gücləndirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG