Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:39

Bəlkə yazarlar birləşib yazsınlar?..


"Turpun nağılı"-na illüstrasiya
"Turpun nağılı"-na illüstrasiya

-

Turpu birlikdə çıxarmaq

Madam ki, tək-tək dünya ədəbiyyatına çıxa bilmirlər, bəlkə Azərbaycan yazarları birləşib bir əsər yazsınlar?

Məsələn, Ukraynada Maks Fray adlı müəllif əslində iki qadındır, birləşib bir imzayla yazırlar.

Ədəbiyyat turpunu köməkləşməklə yerdən çıxarmaq olarmı? Bu sualla yerli ədəbiyyat adamlarına müraciət etdik.

Azad Qaradərəli:

"Bizim halımız hər sahədə gülməli (oxu: ağlamalı) olduğu kimi, ədəbiyyatda da elədir. Bizdə iki adamın yox e, lap beş adamın birləşib bir əsər yazması halı çoxdan var.

Amma özləri üçün deyil, müdirləri üçün, deputat yazıçı üçün. Mən sizə cild-cild kitab göstərə bilərəm ki, onları həmin yazıçı deyil, onun mirzələri yazıblar yaxşı qonarar müqabilində.

O ki qaldı dünyaya çıxmağa, bizim dünyaya, Azərbaycanın özünə də yolumuz bağlıdır.

Biz Azərbaycan yazıçısının Azərbaycan oxucusuna əlimiz çatmır. Və Azərbaycan oxucusu deyilən bir şey də yox. Nəzərə alsaq ki, bir kitabı almağa 5-10 manat arası pul lazımdır, bu pul bizim insanımızda yoxdur.

Amma hər qaranlıq gecənin bir sabahı olan kimi, bizim ədəbiyyatımızın da gələcəyinə inanıram. Fədəkar gənclərin hesabına bizim bu çətinliklərdən də çıxa biləcəyimizə inanıram. Bununçün azı bir 50 il vaxt lazım gələcək. Amma olacaq."

Seymur Baycan:

"Bizdə bunun nümunəsi olub. Həsən Seyidbəyli və İmran Qasımov bir yerdə yazıblar. İndi kim nə qədər yazıb, onu bilmirəm. Düşünürəm, kimlə yaza bilərəm, həm mövzu üst-üstə düşsün, həm də üslub.

Məncə, "Biz dünyaya niyə çıxa bilmirik" sualı ətrafında ciddi müzakirə etməliyik. Pafossuz, ağıllı-başlı, ədəb-ərkanla...

Rasim Qaraca:

Bu cür aksiyalar nisbətən azad cəmiyyətlərdə mümkündür. Bizdə kimsə çıxıb bundan ötrü adamı qınayar, döyər və ya həbs edər. Orijinal aksiyalar etmək təhlükəlidir.

Buna görə də bədii mətnin müxtəlif ifadə formalarının içərisində biz ən şablon olanları seçirik. Tarixi romanlar və ya ölmüş yazıçıların əsərləri dəbdədir.

Canlı, yaşayan, eksperimental hər şey böyük təzyiqlə üz-üzədəir. Yazıçılar və hətta oxucular kontroldadır.

Hətta yeni pırtlayan gənc yazarları da yaradıcılıq deyil, onun imitasiyası maraqlandırır və oxucular da guya oxuyurmuş kimi davranırlar.

Belə olan halda Maks Fray Azərbaycanda uğur qazanmayacaq.

Cavanşir Yusifli:

İndi bizimkilər - azərbaycanlı yazarlar dünyada çap edilirlər; ingilis, fransız və sair dillərdə. Ancaq bu hələ "dünyaya çıxmaq" demək deyil.

Əgər aparcı motiv olaraq kimlərisə təqlid ediriksə (və bunun artıq bir tarixçəsi varsa-!), demək, funksiya və təyinat əvvəlcədən yerini tutmuş olur: lokal, yaxud regional ədəbiyyat, filial, şöbə, necə istəyirsiniz adlandırın.

"Dünyaya çıxmaq" heç nəzərdə tutduğunuz standartları qəbul eləmək də (mənimsəmək) deyil, onlara qarşı nələrisə qoymaqdır. Nəzəri baxımdan bu məsələ zənnimcə, belədir.

"Turp" məsələsi bizdə alınmaz, bu fikrə zənnimcə, o qədər də yaxşı baxılmır.

Sovet dövründə rəhmətlik Qulu Xəlilov müştərək hekayələr yazırdı; birini "Azərbaycan" jurnalına gətirmişdi. Yusif Səmədoğlu gülmüşdü: hekayəni də müştərək yazarlar?!

Bu gün hansı mətnləri dünyaya çıxarmaq üstündə baş sındırsaq, əlimizə bir şey gələrmi? Bu sual verilməlidir və heç bir güzəşt olmadan cavab axtarılmalıdır.

Yazıçıları... qoyaq kənara, biz axtaraq bu sualın cavabını. Məlum olacaq ki, dünyaya çıxarmaq istədiyimiz mətnlərin bir çoxu ruhu, ideyası, fəlsəfəsi sönükdür, heç nəyə yaramır.

Sorğuların birində "Qətl günü" ən yaxşı nəsr əsəri seçilmişdi. Yəqin bu romana səs verənlər də orada Bulqakovun amansız təsirini danmırlar.

Ancaq bu əsərdə maraqlı "hadisə" Bulqakovun təsirindən çox xəstə obrazıdır. Həmin obraz və mətləb dərindən işlənsəydi və konseptual səviyyəyə qaldırılsaydı...

Ancaq elə mətnlər də var ki, onları bu gün dünyada hamı oxumalıydı. Məsələn, M.Cəfərlinin "Bərpaçı", "Bənna" və "Bağban" romanları.

Oxuduğum və tərcümə elədiyim romanlardan bir neçə baş yuxarıdı bu mətnlər. Ancaq heç bizim mühitdə adekvat reaksiya verilməyib onlara. Bu məqsədə nail olmaq üçün müəyyən stereotiplərdən və şişirtmələrdən uzaqlaşmalıyıq.

Günel Mövlud:

Azərbaycanlı yazarların ədəbi zövqləri, bacarıqları, işləmək tərzləri, templəri yerlə göy qədər fərqlənir bir-birindən.

Yazıçı var, hər gün yazır, yazıçı var, ildə bir dəfə özünü işləməyə məcbur edir. Həm də, ayrı-ayrılıqda biz çox şöhrətpərəstik.

Heç kim istəməz ki, uğuru kiminləsə bölüşsün.

Sevinc Elsevər:

Bizimkilərin eqosu fışqırır. Hər kəs istəyir ki özü qabarsın. Az adamın eqosu buna yol verər ki, birləşib yazsın.

Bizimkilər heç birləşib dükan aça bilmirlər, bir az şərikli işləyən kimi "bölək, bölək" deyirlər, belə batan minlərlə şirkət var.

AYO-da da "Birinci kim yaratmışdı" söhbəti oldu. "Nəfəs" ədəbi qrupu da onun üstündə dağıldı. Hamısı istəyirdi desin ki, bu qrup mənə görə ayaq üstədir.

Musa Əfəndi:

Məncə, burda mümkün olmayan şey yoxdur. İki və daha artıq yazıçı tək imzayla çıxa bilər. Amma bu, bizim tək-tək dünya ədəbiyyatına çıxa bilməyəcəyimiz mənasına gəlmir.

Digər tərəfdən də, bu, ciddi qərardır. Koalisiya yaradıb mövcud hakimiyyəti devirmək cəhdinə də oxşayır, sadəcə arzuedilən, çatılmaq istənilən nöqtələr fərqlidir.

Bir də, inanmıram ki, yazıçı eqosu buna imkan versin. Sırf Azərbaycanda bunu qadın yazıçılar edə bilər (məncə, bizim coğrafiyaya da aid etmək olar bunu: sovet ölkələri, Şərqi Avropa üçün də xarakterik ola bilər). Amma kişi yazıçılar belə "koalisiya" fəaliyyəti seçməzlər, məncə.

Oxu zalı

XS
SM
MD
LG