Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:28

-

"Mən ona başa saldım ki, bizə çağırış indi ötürülüb, həmin gün də çağırışlarımız həddən artıq çox idi."

"Düşünürəm ki, təhlükə ola bilər. Çünki hazırda mən işdəyəm və o insan bizim stansiyaya da gəlir. Yəni hər hansı bir hadisənin olması gözləniləndir."

Çağrıldığı ünvanda boğazına bıçaq dirənən 10 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Şəfəq Alıyeva hadisənin təfərrüatlarını AzadlıqRadiosuna danışır.

Olay iyulun 5-də gecə saatlarında Binə qəsəbəsində baş verib. Şəfəq Alıyevanın dediyinə görə, xəstə Cahangir Əliyevə tibbi yardım göstərən zaman xəstənin oğlu Elbrus Əliyev gec gəldiyini bəhanə edərək onun boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib, boğazını kəsəcəyi ilə hədələyib.

- Bu ünvan bizim dəfələrlə, bir gündə 2-3 dəfə getdiyimiz bir ünvandır. 37 yaşında Elbrus Əliyev adlı bir şəxsdir. Onu həmişə müayinə edəndə elə bir xəstəlik görmürük ki, yardım edək. Sadəcə, həmişə bizə deyir ki, “venama bir “Analgin”, iki “Dimedrol” vurun, gedin”.

Müayinə etməyə imkan vermir. Vurmayanda problem yaradır. Ümumiyyətlə, təcili tibbi yardım və poliklinika həkimləri ilə çox kobud davranır, təhqir edir. Sonuncu dəfə gecə saat 2-yə 10 dəqiqə işləmiş atasının adına çağırış verib. Əvvəllər həmişə öz adına çağırış verirdi, amma son vaxtlar atasının adını yazdırırdı, amma evlərinə gedəndə deyirdi ki, “xəstə atam deyil, mənəm”. Həmin gün günorta bir dəfə də atasının adına çağırış vermişdi, başqa bir həkimimiz getmişdi, həqiqətən də atasına tibbi yardım göstərmişdi. Daha sonra 2-yə işləmiş çağırış mənə verilib.

Bilmirəm 103 xidmətinə nə vaxt zəng olub, bu zaman gecikmə olubmu? Amma mən başqa çağırışdan çıxıb getmişəm ora. Biz ünvana çatan kimi o başladı yenə təhqirə ki, “yenə gec gəlmisiz, mənim atam olduğuna görə gec gəlirsiz” və s. Mən ona başa saldım ki, bizə çağırış indi ötürülüb, həmin gün də çağırışlarımız həddən artıq çox idi.

Bıçağı çəkdi, o biri otağa keçib xrustal bir qabı atdı üstümə, əyildim, yerə düşdü sındı.

Dedim “xəstəni göstərin, baxım”. Atası qaranlıq otaqda idi, dedim “işığı yandırın”, yandırmadı. İşığı yandırdım, xəstəni müayinə etdim, o da, həmin vaxt ərzində 103 xidmətinin ünvanına təhqirlər yağdırırdı. Başımı qaldıranda gördüm ki, bıçağı boynumun sağ tərəfinə dirəyib. Dedi ki, “bu dəqiqə başını kəsəcəm”.

Kiçik hərəkətlərlə bıçağı boğazımda gəzdirirdi, çox qorxmuşdum. 10-15 dəqiqə bıçaq boynumda qalıb, bu müddətdə təhqir edib məni. Sonra dedi ki, “rəngin ağarıb, qorxmusan, yoxsa kəsəcəkdim başını”.

Bıçağı çəkdi, o biri otağa keçib xrustal bir qabı atdı üstümə, əyildim, yerə düşdü sındı. O biri həkim dərman adıyla çıxdı və maşından zəng edib polisə xəbər verdi. Üzünü çevirib o biri otağa keçəndə biz ordan qaçdıq, amma o, yenidən dalımızca stansiyaya gəlmişdi.

- Şəfəq xanım, dediz ki, dəfələrlə həmin şəxsin çağırışında olmusuz, onu müayinə etmək imkanınız olubmu, yəni bu cür aqressiv davranışın bir tibbi izahı varmı?

- Təcili yardım həkimləri olaraq geniş müayinə etmək imkanlarımız yoxdur. Ona görə hər hansı xəstə barədə 100 faizlik rəy deyə bilmərik. Müayinə zamanı səhhətində somatik olaraq elə bir xəstəlik aşkar etməmişik. Amma psixoloji durumu barədə heç nə deyə bilmərəm.

- Polisdə izahatınız alınıbmı, tibbi ekspertizadan keçmisizmi, hadisə ilə bağlı cinayət işi barədə məlumatınız varmı?

- Polis dərhal gəldi, izahatım alındı, tibbi ekspertizadan da keçmişəm. Digər məsələlərdən xəbərim yoxdur.

- Təcili tibbi yardım həkimi olaraq ilk dəfədir belə bir halla rastlaşırsız?

- Yox. Tək mən yox, təcili tibbi yardım həkimləri dəfələrlə belə hadisələrlə üzləşir, amma bu səviyyədə yox. Əlinə bıçaq alıb uzaqdan hədə-qorxu gələnlər olub, amma boğaza dirəmək ilk dəfədir. Bundan başqa az qala hər gün söyüşlərlə, təhqirlərlə üzləşirik.

- Bütün bunlara səbəb gecikmələrdirmi?

Həmin ünvana çağırışa bir daha getmərəm, çünki qorxuram. Yəqin ki, mərkəz ora başqa həkim göndərər.

- Yox, biz yalnız çağırışın sayı həddən artıq çox olanda gecikirik. Yəni səbəb gecikmə deyil. Sadəcə təcili tibbi yardım həkimlərinə qarşı bir aqressiya var. Bilmirəm, bəlkə ona görədir ki, bu həkimləri müdafiə edən yoxdur. Misal üçün, xəstəni göndərişlə xəstəxanaya aparırıq, xəstə yiyəsi təkid edir ki, başqa xəstəxanaya aparılmalıdır, başa salmağa çalışırıq, keçir hədəyə, təhqirə. Gecikdiyimiz hallar isə çox az olur. O ki qaldı Elbrus Əliyevin halına, gecikdin, gecikmədin onun davranışı elədir.

- Həmin ünvandan bir daha çağırış gəlsə, necə davranarsız?

- Həmin ünvana çağırışa bir daha getmərəm, çünki qorxuram. Yəqin ki, mərkəz ora başqa həkim göndərər. Çünki polisə müraciət etdiyimə görə o insan mənə qarşı daha da aqressivləşə bilər.

- O ünvana getməsəz belə, necə düşünürsüz, indi sizin üçün bir təhlükə varmı həmin olayla bağlı?

- Düşünürəm ki, təhlükə ola bilər. Çünki hazırda mən işdəyəm və o insan bizim stansiyaya da gəlir. Yəni hər hansı bir hadisənin olması gözləniləndir.

Binə qəsəbəsi üzrə sahə müvəkkili, polis mayoru Firdovsi Ömərovun AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisəni törətdiyi iddia olunan Elbrus Əliyevin izahatı alınaraq sərbəst buraxılıb.

Polis mayoru onu da deyib ki, məsələ ilə bağlı cinayət işi iyulun 9-da istintaqa veriləcək. Elbrus Əliyevə cəzanın verilib-verilməyəcəyini artıq məhkəmə müəyyənləşdirəcək.

AzadlıqRadiosu hadisə ilə bağlı Elbrus Əliyevin də mövqeyini işıqlandırmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG