Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:18

Üzərinə erməni dilində yazılıb...


Azər Musaoğlu
Azər Musaoğlu

-

"Araq şüşələrini götürüb məntəqədən kənarda, neytral ərazidə asfalta çırpdım. Qırıq şüşələri də yığıb zibilqabına atdım.

Yekəqarın sərhədçi hirsindən gözləri bərəlmiş quzğun kimi üzərimə şığıdı..."

"Nə Azərbaycana keçə bildim, nə də Gürcüstana qayıda bilirəm. Türkiyədən də deportasiya olunmuşam."

Azər Musaoğlu

Neytral ərazi və ya “Xlebnaya doroga”

(Olmuş əhvalat əsasında)

Bir ay İstanbulu boş-avara dolaşdıqdan sonra nəhayət, rus dilini bildiyimə görə, bir ətir mağazasında satıcı kimi işə götürdülər.

Mağazanın qarşısında gələnə-gedənə zorla ətir qoxlatdırır, satdığım ucuz ətirləri orijinal adıyla rus, ukrain, moldovan və başqa avropalı turistlərə sırımağa çalışır, üstlərinə-başlarına ətir səpirdim.

Belə şeylərdən zəhləm getsə də, “patronumun” gözünə girmək üçün hər şeyə dözməyə hazır idim.

Bir gün heyvərə, idmançıya oxşayan birinə ətir təklif elədim. Sakitcə yoluyla gedirdi. Arxasıyca düşüb köynəyinə ətir fısqırtdım.

Dönüb yumruğunu necə ilişdirdisə, xəstəxanada ayıldım. Alman turisti hesab etdiyim həmin heyvərə sən demə, türk imiş.

Səhəri gün məni deportasiya edib Gürcüstana göndərdilər. Tanış uşaqlardan 60 dollar zorla borc yığa bildim.

Evə üzü qara qayıtsam da, əslində deportasiya olunmağıma sevinirdim. Uzun yol getməkdən zəhləm gedir. Avtobusda tanımadığım adamın yanımda əyləşməsindən özümü yol boyu narahat hiss etdim.

Sarp sərhəd keçid məntəqəsində avtobus məni tualetdə qoyub getdi. Az qalırdım asfaltın ortasında oturub ağlayım.

Artıq Gürcüstan tərəfdə olduğumu anlayıb ayıldım sanki. “Taxi” yazılı maşınlara yaxınlaşıb vəziyyətimi başa saldım.

Yaşlı taksi sürücüsü 15 lariyə avtobusa çatdıra biləcəyini dedi. Gürcü sürücünü qucaqlayıb öpmək istəyirdim.

Maşına oturdum. Yol boyu türkləri nə ki var, söydüm. Yeməkxanada dayanmış avtobusu uzaqdan görəndə rahatlaşdım. Yaxınlaşıb avtobus şoferinin “payını” verdim, taksi sürücüsü də mənə dəstək verirdi.

Birtəhər özümü sakitləşdirib, taksi sürücüsünə təşəkkür etdim, pulunu verib sağollaşdım.

5 larini geri qaytardı ki, şvilo, nəsə alıb yeyərsən. Gözlərim doldu, keçib avtobusdakı yerimdə oturdum.

Ortacala avto dayanacağında özümü tam vətəndə hiss edərək cəsarətləndim, avtobus sürücüsünə özünü yaxşı aparmasını, buraların onun üçün “Kurtlar vadisi” olmadığını dedim.

Avtobus sürücüsünün davaya qoşulmamasına sevinib qalib kimi aralandım.
Evə girəndə hamı gözümün altının qaraltısına baxıb məni danlamağa başladı.

Gözümün qaraltısı yenicə çəkilmişdi ki, Bakıdan dostum zəng edib toyuna dəvət etdi.

Bəhanəm olsa da, getməyə bilməzdim. Bir tərəfdən də yenə avtobus, yenə uzun yol, yenə tanımadığım adamlar dəhşətli əzab kimi gözlərim önündə canlanırdı.

Qatarla getsəydim, heç olmasa rahat uzanıb yata bilərdim. Di gəl ki, qatara bilet baha olduğundan yenə avdobusla gedəsi olacaqdım.

Yola çıxanda özümlə yük götürməkdən zəhləm gedir. Dostumun istəyilə iki şüşə bir litrlik "Xlebnaya doroga" arağı, bir köynək, bir şalvar və diş fırçamla pastamı idman çantama qoyub yollandım "Krasnı mosta".

"Qırmızı körpü" sərhəd keçid məntəqəsinin Gürcüstan tərəfindən yoxlanışı keçib neytral əraziyə adladım. Azərbaycan tərəfində yekəqarın, bığlı sərhəd işçisi çantamı boşaltmağımı əmr etdi.

Dedim, iki şüşə arağ, bir şalvar, köynək və diş fırçamla pastadan başqa heç nə yoxdu.

Yekəqarın kişi üzümə tərs-tərs baxıb yüksək, acıqlı tonla çığırdı:

- Mən bilirəm, ya sən?! Çantanı aç deyirəm, aç da!

Çantanı açıb içindəkiləri çıxardım. Araq şüşələrini kənara qoyub:

- Bunlar olmaz! -dedi.
- Niyə?
- Üzərinə erməni dilində yazılıb.
- Axı nə dəxli var?
- Ay balam, sən bilirsən, ya mən? Dedim olmaz! Çantanı da götür keç get.
- Siz niyə mənimlə belə danışırsız? Mən Gürcüstan vətəndaşıyam və Gürcüstan vətəndaşıyla pis davrandığınıza görə sizdən şikayət edəcəm.
- Get kimə istəyirsən şikayət elə. Qanunu pozduğuna görə sənin özünü həbs edərlər.
- Axı mən hansı qanunu pozuram? İki litr araq aparıram, bunun nəyi qanunu pozur?
- Üzərinə erməni dilində yazılıb. Erməni malıdı!
- Nə yazılıb axı? Oxuyun, bilim nə yazılıb. Siz erməni dilini bilirsinizmi?
- Axmaq-axmaq danışma. Keç get. Mən erməni-zadammı erməni dilini biləm. Deyəsən, başına iş gəzirsən, - yaxınlıqda durub baxan əsgər formalı gəncə təərəf döndü:

- O araqları aparın içəri.
- Dayan, a kişi, hara aparırsan? Arağa pul sayıb vermisən? Olmaz deyirsən, qoy olmasın. Daha içəri niyə aparırsan?! Axşam "yaman həriflədim" deyib, loxların sağlığına içəçəksən, hə?

Araq şüşələrini götürüb məntəqədən kənarda, neytral ərazidə asfalta çırpdım. Qırıq şüşələri də yığıb zibilqabına atdım. Yekəqarın sərhədçi hirsindən gözləri bərəlmiş quzğun kimi üzərimə şığıdı.

- Dayan, a kişi, Gürcüstan vətəndaşına əl qaldırırsan? Hansı səbəblə?
- Qanuna tabe olmadığına görə qollarını qandallayıb dama basacam səni yavaş...
- Öz halal malımı sındırdığıma görəmi? Mən səni başqa ölkənin vətəndaşına hədə-qorxu gəldiyinə görə dama basdıracağam.
- Sən vətən, xalq düşmənisən? Erməninin malını niyə Azərbaycana keçirmək istəyirsən?
- Ay kişi, ermənin lap belə... Erməni malı niyə olur?! Gürcüstan istehsalıdı. Hansı ölkələrə ixrac olunursa, həmin dillərdə yazılıb üzərinə.
- Nə fərqi var? Üzərinə ki, erməni dilində yazılıb. Bu yetərlidi.
- Şuşanın, Xankəndinin də adları indi erməni dilində yazılır. Sənin deməyinlə Qarabağ da ermənilərindi?..

Bunu demişdim ki, üzərimə cumub qolumu burdu. Dizlərim yerə gəldi. Başımıza sərhəd işçiləri və bir neçə başqa insan toplaşdı.

Yekəqarın qolumu var gücüüylə sıxır, hirsindən ağzı köpüklənə-köpüklənə:

- Qandallayım qollarını? Basım səni qoduqluğa ağlın başına gəlsin? Təxribat törədirsən sən? Buna görə göndəriblər səni bura? - deyə, yoldaşları sakitləşdirməyə çalışsa da, çığıraraq üzərimə ittihamlar yağdırırdı

Köynəyimin cibindən pasportumu götürmək istəyirdi ki, tez əlindən qapdım. Bir əli qolumu burur, o biri əli ilə də pasportumu dartırdı.

Məni birtəhər bu heyvərənin əlindən alıb kənara çəkməsəydilər, qolumu sındıracaqdı. "Yekəqarın təxribatçı", "ermənipərəst", "vətən xaini", "qraz", "küçük" kimi sözləri ünvanıma yağdıraraq yerində rahat dayana bilmir, var-gəl edirdi.

Gənc sərhədçi “Azərbaycana xoş gəldiniz! Keçib gedə bilərsiniz” - deyib əzilmiş pasportumu mənə uzatdı.

Pasportu götürüb qayıtdım neytral əraziyə. Hələ bu ölkənin girəcəyində başıma belə oyun gəldi, gör Bakıya gedib çatana kimi məni nələr gözləyir - öz-özümə düşünərək toya getməkdən vaz keçdim.

Yenidən Gürcüstan tərəfə yaxınlaşdım, evə qayıtmaq istədiyimi deyib pasportumu nəzarətçiyə uzatdım. Pasportumun niyə əzik olduğunu soruşdu.

Hadisəni ona danışıb yekəqarının yeddi arxa dönənini söydüm. Pasportum cırılmışdı. Ona görə də bir neçə saat gözləməli idim.

Məntəqədən aralanıb neytral ərazidə səkinin üzərində oturdum. Bir tərəfdən özümə yazığım gəlir, digər tərəfdən də toya getməmək üçün yaxşı bəhanəm olduğuna sevinirdim.

Nə Azərbaycana keçə bildim, nə də Gürcüstana qayıda bilirəm. Türkiyədən də deportasiya olunmuşam.

Bu neytral ərazidə sözün əsl mənasında ortada qalmışdım. Uşaq vaxtı bağlarına oğurluğa düşdüyümüz qoca arvadların “ortada qalın” qarğışını indi yaxşı dərk edirdim.

Ortada qalmaq çox pis şeymiş. Nə eyni dildən, dindən olan millətin səni qəbul edir, nə də böyüdüyün torpağın adamları.

Bütün “çörək yolları” üzümüzə bağlıdı. Ortada qalmışıq.

3 saat neytral ərazidə “ortada qaldıqdan” sonra pasportumla bağlı problem həll edildi.

Marşrutkaya minib Rustaviyə yola düşdüm. Evə çox gec gəldiyimə görə yol boyu gürcü sərhədçilərə də nə ki var, söydüm.

Axşam qolum yaman ağrıdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG