Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda kimin günü xoş keçir


Rəşid Şerifin karikaturası «Bıçaq kəsməyən pullar»
Rəşid Şerifin karikaturası «Bıçaq kəsməyən pullar»

.

AXI BELƏ DEYİL...

Mənə həmişə elə gəlib ki, həyatda hər şey «Böyüyəndə kim olmaq istəyirsən» sualından başlayır. Böyüklər bu sualı verirsə, kiçiklər də cavab tapırsa, deməli, həyat özünün normal axarında gedir...

Bunu niyə deyirəm? Çünki elə hey özümdən soruşuruam ki, axı sən nə istəyirsən? Düzü, elə böyük istəyim yoxdur - bu ölkənin və cəmiyyətin hara səmt götürdüyünü anlamaq istəyirəm...

Mənə elə gəlir ki, həqiqət haradasa ortada, daha doğrusu, aradadır: nə müxalifətin radikal bəyanatlarında, nə də hakimiyyətin aşırı şişirtmələrindədir...

Bu günlərin söhbətidir. Dayanacaqda durub avtobus gözləyirdim. Birdən gözüm köşkün önündə qalanmış qəzetlərə sataşdı. Müxalifət qəzetlərindən birini götürüb vərəqlədim. Bir də gördüm ki, özümdən də asılı olmadan «Axı belə deyil!» sözlərini pıçıldayıram...

Bununla demək istəmirəm ki, ölkədə hər şey qaydasındadır. Yox, əsla. Ən azı ona görə deyə bilmərəm ki, özüm və dostlarım məhz bu hakimiyyətin «atalıq qayğısı» sayəsində, az qala, «ev dustağı»na çevrilmişik...

LAP NEKRASOV KİMİ...

Amma bəlkə bizə də bu məsələyə bir qədər fərqli aspektdən yanaşmaq lazımdır. Hələ 200 il əvvəl rus şairi Nikolay Nekrasov belə bir poema yazmışdı ki, «Rus elində kimin günü xoş keçir?» («Кому на Руси жить хорошо?»)…

Biz də gərək sualı belə qoyaq: «Azərbaycanda kimin günü xoş keçir?». Onda baxıb görərsən ki, hətta cavab da tapmaq olur...

O adamların günü xoş keçmir və o adamlara yaşamaq çətindir ki, ortastatistik azərbaycanlının qane olduğu azadlıqdan çox azadlıq istəyirlər. O adamlara çətindir ki, onlar özlərinin səslərinin necə sayılmasının və kimin adına yazılmasının fərqindədirlər. O adamlara çətindir ki, onlar daha tələbkardırlar, hökumətin necə işləməsiylə maraqlanır və hökumətin daha şəffaf fəaliyyətini istəyirlər. O adamlara çətindir ki, onlar parlamentin indiki durumuna dözə

bilmirlər. O adamlara çətindir ki, onlar məhkəmələrin siyasi qərarlarını qəbul edə bilmir, «femida»dan haqq və ədalət umurlar...

Sözün qısası, bu ölkədə demokratiya istəyənlərin günü xoş keçmir. Amma nə qədər ağır olsa da, etiraf etməliyik ki, onlar o qədər çox deyil, bəlkə də azlıqdadırlar.

Ən qəribəsi isə budur ki, həmin adamlar ölkədən getmək haqqında ən az düşünənlərdir. Beləcə, çıxılmaz vəziyyət yaranır: nə çıxıb gedə bilirlər, nə də...

Qalanlarınınsa problemləri elə də böyük deyil - iş tapmaq və imkan varsa, daha yaxşı iş tapmaq, özünü və ailəsini dolandırmaq...

BARIŞA BİLMƏYƏNLƏR...

...Müqayisə aparanda görürsən ki, cüzi də olsa, çoxluğu qane edə biləcək inkişaf var. Bunu deməyə bizi o sövq edir ki, daim ölkəni ölü vəziyyətdən çıxara biləcək yollar arayışındayıq...

Düşünürəm ki, müxalifət də öz mövqeyinə korrektələr etməlidir. Bir-iki aydan sonra, pis-yaxşı, parlament seçkisi başlayacaq. Onlar indi dediklərini o vaxt da desələr, gülünc duruma düşəcəklər...

Əslində, insanlar hər şeyi görürlər. Pisi də, yaxşını da, olanı da, olmayanı da...

O başqa məsələdir ki niyə etiraz etmirlər? Bir az əvvəl söylədim ki, etiraz edənlər və etmək istəyənlər azlıqdadır... Adi bir fakt deyim, bir qədər özəl olsa da, hər halda, çox ibrətamizdir. Moskva Universitetində 5 azərbaycanlı eyni kursda oxuyurduq. Onlardan dördü şəraitə uyğunlaşaraq (axı bizdə belə deməyi sevirlər!) karyerasını qura bildi. Bir nəfər - bu sətirlərin müəllifi isə şəraitlə barışa bilmədi...

İndi özünüz düşünün. Deməli, təxminən hər beş nəfərdən biri barışa bilmədi! Bu, 20 faiz edir. Amma əslində, qat-qat aşağı faizdən söhbət gedir...

İnsanların, azı, 90 faizi üçün həyat müəyyən duruma gəlib və qısa desək, müəyyənlik yaranıb...

İMTAHANLAR İNDİKİ KİMİ KEÇİRİLSƏYDİ...

Düzdür, bəzən təlaş dolu müqayisələr də aparılır. Məsələn, bu yaxınlarda buraxılış imtahanlarının nəticələri çox böyük həyəcan yaşatdı. Amma sovet təhsilini görmüş bir adam kimi deyirəm ki, o vaxtlar imtahanlar indiki ciddiliklə keçirilsəydi, nəticələr bundan çox-çox pis olardı...

Sovetlərin vaxtında bir sinifdə azı 30 şagird oxuyardı. Onlardan 5-6-sı babat oxuyar və qalanlarını isə, sadəcə, yola verərdilər ki, sinifdə qalan olmasın...

DƏYİŞƏ BİLMİRİKSƏ...

Üstəlik, nəzərə almaq lazımdır ki, insanların böyük əksəriyyəti həmişə daha az tələblə çıxış edir. Tələblərin də çoxu maddi xarater daşıyır - iş, maaş, ev, ailə, maşın və s. Ona görə, biz onların qarşısına öz mənəvi tələblərimizlə çıxanda, «ağı da qara görəndə» anlaşılmazlıq yaranır...

Bir-iki il öncə partiya rəhbərlərliyindən istefa verən bir müxalifət lideri çox ibrətamiz söz demişdi. Demişdi ki, bu illər içində nə mən hakimiyyəti dəyişə bildim, nə də hakimiyyət məni...

Demək, Azərbaycanda 10-15 faiz adam var ki, nə hakimiyyəti dəyişə bilir, nə də hakimiyyət onları...

Bəs onda nə etməli? Yenə Qərbin təcrübəsinə üz tutaq. Oralarda - 60-cı illərdə bənzər durumla üzləşənlər dedilər ki, cəmiyyəti və hakimiyyəti dəyişə bilmiriksə, onda özümüzə «adalar» quraq, heç olmasa, bu yolla həyatımızı maraqlı edək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, sən də fikirlərini bölüş.

Ən son yazılan

XS
SM
MD
LG