Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:50

"İnternetdə day-day yoxdur"


Nail Zeynalov
Nail Zeynalov

-

İnternet fenomeni Nail Zeynalov: “Ley-Pey Qəmbər olmazdan əvvəl heç kim idim”

Onunla Günel Mövlud söhbətləşib

20 “layk” üçün yazdığım vaxtlar olub

- Nail, oxunan bir yazıçını, məşhur şou adamını belə, qısqandıracaq qədər populyarlığınız var sosial şəbəkələrdə. Sizcə, bu, nəyə görədir?

- Düzü, ürəyimdən “Nail, sən istedadlısan, pis yazmırsan, ona görə burda anormal heç nə yoxdu” demək keçir, amma bilirəm ki, bu, belə deyil.

Dostluğumda olan birinin kitablara salınası statusuna 5 "layk" gəldiyini görəndə elə bir hiss keçirirəm ki, sanki o, halal yolla pul qazanır, mən rüşvətxorluqla.

Yəni istedadlıyam, arada babat da yazıram, amma səbəb bu deyil.

Çünki xeyli istedadlı insan tanıyıram ki, yazdıqlarına maraq olduqca azdır.

Dostluğumda olan birinin kitablara salınası statusuna 5 "layk" gəldiyini görəndə elə bir hiss keçirirəm ki, sanki o halal yolla pul qazanır, mən rüşvətxorluqla.

Əlimdən də o statusları paylaşmaqdan başqa heç nə gəlmir. Amma sonra özüm də uzun müddət 20 layk üçün yazdığımı xatırlayıram.

Heç nə dəyişməyib. Onda necə yazırdımsa, indi də elə yazıram, pis, yaxud, yaxşı. O ki qaldı, sosial şəbəkələrdəki müğənnilərlə, necə deyim, artist tayfasıyla müqayisə eləsək, onlara da diqqət az deyil.

Məsələn, Kənan M.M.-in qəmgin fotoları da xeyli bəyənmə toplayır. Bilirsiz, bir söz də deyim, belə bir söhbət gəzirdi ki, "Facebook"-da ancaq seksi qızlar, erotik fotolar, nə bilim, tipik Ayka M-ovalar çoxlu "layk" toplaya bilər.

Mənim dostluğumdakı insanlar, izləyənlər, statusları bəyənənlər sübut elədilər ki, bu, heç də belə deyil.

Yəni qətiyyən yaraşıqlı olmayan, soyunmayan, heç qadın da olmayan birinin paylaşdıqlarına xeyli "layk" gələ bilər. Xeyli uzun cavab oldu, amma yenə də suala konkret cavab verə bilmədim.

Qohumlarımı dostluğumda saxlamıram

- Bir çox iş, şou, siyasət adamları səhifələrini ödənişli reklamla belə istədikləri dərəcəyə çatdıra bilmirlər. Amma bildiyim qədərilə siz reklamdan istifadə etmirsiniz?

- Ödənişli reklamdan istifadə eləməmişəm, - düzü buna maddi imkanım da yoxdur. Amma dostlar statusları paylaşdıqca daha çox insan dostluq göndərir, izləyənlər artır.

Əslində, "Facebook"dan kənarda da necə deyərlər, reklam olunuram. "Facebook" həyatımızın bir hissəsidir və tutaq ki, bir neçə dost bir məkanda toplaşanda aralarından telefonla qurdalanan biri tapılır, o da ordan oxuduğunu digərlərinə danışır, beləcə yayılır.

Mən, məsələn, qohumlarımı dostluğumda saxlamıram, amma bu yaxınlarda bir qohum yığıncağında atam yaşda biri dayımla bağlı statusumu danışdı, məclisdəkilər də gülüşdülər.

Əminəm ki, o insanlar "Facebook"da yoxdur, amma hər hansı formada onlara qədər yayılıb.

Sosial şəbəkələr TV-dən daha çox mediadır

Hər halda ağıllarına da gəlməzdi ki, o statusu mən yazmışam.

Bir az da əsəbləşdim ki, yazdığıma gülürlər, müəllifi yadda saxlaya bilmirlər, köpəyuşağı. Elə bil, bayatı yazıram... Amma yenə də xoşuma gəlir bu.

- Sizcə, sosial şəbəkələrin bu mənada mediadan, TV-dən fərqi nədir ki, burda populyarlıq qazanma prinsipləri tamam başqadır?

Niyə az qala bütün ölkənin tanıdığı bir çox aparıcı, müğənni sosial şəbəkədə məşhur ola bilmir, amma verilişi, klipi, şousu olmayan bir gənc İnternet fenomeninə çevrilə bilir?

- Sosial şəbəkələr TV-dən, media dediyimiz digər sadaladıqlarımızdan daha çox mediadır, məncə, ona görə.

Və deyəsən, həm də ona görə ki, burda yaradıcılıq üçün həqiqi şərait var, day-day yoxdu, sponsorlar o qədər də rol oynamır.

Yaradıcılıq dedim, düzü, bilmirəm, nə qədər yaradıcılıq sayılır bu. Mən jurnalistikanı bitirmişəm.

İndi fikirləşirəm ki, o fakültədə oxuyanda televiziyada işləmək arzum olub, istəmişəm ki, öz şoum olsun, gülmək tutur. Hər halda bir "jurfak" tələbəsinin arzusu bu istiqamətdə olmalıdır.

Amma indi elə vəziyyət yaranıb ki, gəlib yalvarsalar, yerli televiziyalarda işləmərəm.

Ley-Pey Qəmbər bir az da Kefli İskəndərdi…

- Bir az da özünüzdən danışaq, Ley-Pey Qəmbər olmamışdan əvvəl kim idiniz? Bildiyim qədərilə maraqlı bir tarixçəniz var.

- Əslində, Ley-Pey Qəmbərdən əvvəl heç kim. İdman mətbuatında yazırdım, dar çərçivədə oxucuya xitab eləyirdim.

Onda da tanınmırdım. Ora elə bir yerdir ki, ancaq idman ictimaiyyəti bir-birini tanıyır, kənardan maraq yoxdu. Bir dəfə metroda baxdım ki, bir kişi köşə yazımı oxuyub gülür.

Yaxınlaşdım, köşədəki fotoya oxşamaq üçün də bir az vurnuxdum, kişi məni süzdü, "bu dəqiqə tanıyacaq" dediyim vaxt qayıtdı ki, niyə narahatsan, haran ağrıyır, bala?

Amma bir ara dostumuz "Xəzər TV"-yə qonaq çağırırdı, elə olurdu ki, insanlar küçədə tanıyırdı, yaxınlaşırdı.

İdman mətbuatından sonra da futbol klubuna dəvət almışam. 3 il də orda işləmişəm.

Bu işin maraqlı tərəfi odur ki, mən nə futbolu sevirəm, nə də jurnalistikanı. Amma vəziyyət elə gətirib ki, mənim məşğuliyyətlərim sevmədiyi insanla ailə quran, ailəsindən narazı olan, amma uşaqların xatirinə heç yerə getməyən insanlardakı kimidi.

Yazı, sonra futbol, indi də yenidən Ukraynaya futbolla bağlı işləməyə gedirəm...

- Soruşmağa da utanıram, amma niyə Ley-Pey Qəmbər? Bu, ironik bir ad idimi? İsa Qəmbərin soyadına bir kinayə idi, ya nə idi?

- Hə, Qəmbər olması insanları bir az çaşdırırdı, amma İsa bəylə əlaqəsi yoxdur. Əslində, Ley Peyğəmbərdi, amma bir az da ictimai qınaqdan uzaq olmaq üçün Ley-pey Qəmbər kimi yazdım.

Baxdım ki, o da pis alınmayıb. Ley-pey həm də kefli mənasını verir deyə, Ley-pey Qəmbər də bir növ Kefli İsgəndər kimi alındı...

Atam hirslənib məni dostluğundan çıxartdı

- Niyə yenidən Nail Zeynalov oldunuz?

- "Facebook" saxta profilləri bağlayır və mənə də bu barədə bildiriş gəlmişdi, məhəl qoymamışdım. Sonra profil bağlandı, real ad-soyadım olan sənəd-filan istədilər, göndərdim, sonra açıldı, oldu Nail Nurəddin oğlu Zeynalov.

Bu dəfə də baxdım ki, çox uzun olub, yenidən müraciət elədim, qısaltdılar - oldu Nail Zeynalov. Bu dəfə də atam adımda Nurəddinoğlu olmadığına görə incidi, dostluqdan çıxardı.

Yenə dəyişdirmək üçün müraciət elədim. Cavab verdilər ki, olmaz! Düzünü desəm, Ley-pey Qəmbər daha ürəyimcə idi. Elə daha rahat idim həm də.

Öz adıma keçəndən sonra bir az özümü yığışdırmışam. Həm də onu dərk elədim ki, anonimlik daha cəsarətli yazmağa şərait yaradırmış.

- Doğrudurmu ki, dostluğunu qəbul edəsiniz deyə sizə min manat pul təklif edən olub?

- Bəli, min, hətta 2 min manat təklif eləyən də olub... Amma, məncə, bunlar zarafatdı. Hər halda, elə olmasını istəyərdim. Çünki ciddi olublarsa, heç gülməli deyil yəni.

Fikirləşdim ki, bu gedişlə Meydan.Tv bankrot olacaq…

- Deyəsən, mətbuatda yazmağı dayandırmısınız. Səbəb nə oldu?

- Bilirsiz, mənim ciddi mətbuatda yazmağa başlamağımın sizin ailənizlə bağlı tarixçəsi var. Həyat yoldaşınız Hacı statusumu yazı kimi vermək istədiyini demişdi, mən də çox sevinmişdim.

Sonra siz yazanda ki, buna görə 50 avro qonorar alacam, fikirləşdim, Meydan TV bu gedişlə iflasa uğrayar.

Sonra Kəramət Böyükçöl və atası Qəşəm Nəcəfzadə ilə bağlı statusla hər şey dəyişdi

O status-yazıdan sonra mətbuatdan başqa təkliflər gəlmişdi, amma özümü daimi yazmağa hazır hesab eləmirdim deyə, razılaşmamışdım.

Bütün bunlar mənim statuslarıma 20-30 "layk" gələn vaxtların söhbətidi.

Sonra Kəramət Böyükçöl və atası Qəşəm Nəcəfzadəylə bağlı statusla hər şey dəyişdi. Mətbuatdan da xeyli təklif aldım.

Elə oldu ki, dostumun məsləhətiylə onun dediyi sayta yazmağa başladım. Düzü, indi də istəyirlər ki, yazım. Yəni "yazma" deməyiblər hələ ki.

Qonorarımı da vaxtında ödəyiblər həmişə. Sadəcə, mən tənbələm. Bir də ki, Facebookda status kimi yazanda özümü daha rahat hiss eləyirəm.

- Sosial şəbəkələrdə istər yazar, istər siyasətçi, istərsə də aktivist kimi fəaliyyət nə qədər effektlidir?

- Nə qədər effektli olduğu vəziyyətə görə dəyişir, amma, məncə, mütləqdir. İndiki halda daha yaxşı variant yoxdu. Həm daha azad, senzurasız... Siyasətçilər üçün, əsas da müxalifət üçün başqa kütləvi platforma demək olar ki, yoxdu.

Bir qayda olaraq, kitab, yaxud, başqa maarifləndirici şeyləri paylaşmağa razılaşıram

​Hər nə qədər "İnternetdə insanlar olduğu kimi deyil" desələr də, ölkədəki həqiqi vəziyyət barədə mesaj verə biləcəyimiz, ölkədəki real vəziyyəti göstərə biləcəyimiz başqa vasitə demək olar ki, yoxdur.

Əslində, heç nəyin AzTV göstərdiyi kimi olmadığını göstərmək üçün yeganə yer İnternetdir.

- Profilinizdə, səhifənizdə nəyisə paylaşasınız deyə, sizə nəsə təklif olunubmu?

- Əsasən reklam xarakterli materiallar olur. Bir qayda olaraq, kitab, yaxud, başqa maarifləndirici mahiyyətli şeyləri paylaşmağa razılaşıram, qapı-pəncərə sexinin reklamını eləmirəm hələ ki.

Çünki çox tələbkar kütlə formalaşıb dostluğumda. Elə bil ki, 5 manat qazansam, onları narahat eləmiş olacam.

Bu tələbkarlıq bütün paylaşımlarda hiss olunur. Ümumiyyətlə, bir dövrdən sonra anladım ki, bu profil artıq mənim deyil, daha əvvəlki kimi ağzıma gələni yaza bilmərəm, o dəqiqə dözümsüzlük göstərirlər.

Qızımın sosial şəbəkədən tanış olduğu oğlanla ailə qurmasına pis baxmıram

- Övladınız artıq sosial şəbəkələrdən istifadə edirmi? Ümumiyyətlə, bununla bağlı gələcək siyasətiniz necədir?

- "Facebookda", "Instagram"da profil açmışıq, öz telefonu var, "Whatsapp"dan istifadə eləyir. Cümlələri tam yaza bilməsə də, səs yazısı, foto göndərir. Yəni necə davranmalı olduğunu bilir.

Mən buna oxşar sualı adətən müğənnilərə-filan verəndə görmüşəm. Səsi yoxdur, özü boşluqdan gəlib düşüb bu sahəyə, oxuya da bilmir, amma milyonlar qazanır.

Soruşanda ki, övladınızın da bu sənətdə olmasını istəyərdinizmi, deyir yox, qətiyyən!

Axı sən özün istedadsızsan, amma bu sahənin hesabına adam olmusan... Necə də ikiüzlü yanaşmadır!

Məndə tam o vəziyyət deyil, yəni sosial şəbəkə hər insanın ola biləcəyi yerdi, mənim üçün özümü ifadə eləyə biləcəyim tək-tük yerlərdən biridir.

Çoxu deyir ki, İnternet vaxtımızı alır, həyatdan qopuruq, inkişafımızı ləngidir-filan. Qətiyyən razı deyiləm bu fikirlərlə.

Sanki "Facebook"dan əvvəl azərbaycanlılar kosmosa çıxmışdılar, indi "Facebook" mane olur. Hansı vaxt çatışmazlığından danışırıq ki?

Bir xeyli adam tanıyıram, "Profilimi bağlayıram, daha səmərəli işlərlə məşğul olacam" deyib, bir həftə sonra toy disklərinə baxmaqdan bezib qayıdıb.

Bir sözlə, istəyərəm ki, övladımın da həyatında İntenetin müəyyən yeri olsun. Çünki İnternet həm də sosiallaşmaqdır, informasiyadır, istəsən, ondan yararlı bir şey kimi istiifadə eləmək olar.

Bir az uzun cavab oldu, qısa ifadə eləməli olsam, qızımın sosial şəbəkədən tanış olduğu oğlanla ailə qurmasına pis baxmıram.

XS
SM
MD
LG