Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Ucuz kafelərdə etdiyimiz bahalı söhbətlər...


Labaratoriya siçanına heykəl, Rusiya, Novosibirsk
Labaratoriya siçanına heykəl, Rusiya, Novosibirsk

-

"Sən seçilmişlərdənsən və bu seçilmişlərlə birlikdə üzərində böyük bir missiya var!"

"Yoldaşlar, əvvəla təklif edərdim ki, bir-birimizi qırmayaq. Mehriban olaq. Onsuz da deyilənə görə, dünyamızın axırı heç də yaxşı olmayacaq."

Eyyub Məmmədov

Hekayə

SİÇANIN KƏRAMƏTİ

Meqalomaniyanın mistikası və ya mistik meqaloman

Həmid kimi vasvası adam üçün evdə siçanın olması əsl dəhşət idi. Artıq üç günə yaxın idi ki, Həmid olmazın əziyyət çəkirdi.

Evin hər tərəfinə tələlər qoymasına baxmayaraq, siçan tələyə yaxın gəlmir və siçanın evdə sağ-salamat o tərəfə-bu tərəfə qaçması faktı Həmidin bütün ovqatını təlx edirdi.

Siçanın evdə olması yadına düşdükcə, canına cicişmələr dolan Həmid siçanla bağlı paranoyalar görməyə başlamışdı. Bəzənsə bu paranoyalar həqiqətin özü olur, yemək masasında bir göz qırpımında o tərəfə-bu tərəf şütüyürdü.

Bu isə həm onu iyrəndirir, həm də rahatlığını pozurdu. Bu gedişlə Həmid yəqin etdi ki, təcili tədbir görməlidir.

Həmişəki kimi səhər oyanıb əl-üzünü yuduqdan sonra mətbəxə keçdi. Təbii ki, son zamanlar siçanın ağır qoxusundan mətbəxdə nəfəs almaq demək olar ki, mümkünsüzləşmişdi.

Həmidin əzabları şiddətləndi. Görəsən, bu siçanı necə tutmaq olar? O, siçanı tutacağı halda ona verəcəyi cəzanı da müəyyənləşdirmişdi. Lakin, bir sual ortaya çıxır: Həmid iyrəndiyindən siçana əl vura bilərdimi?!

Düzdür, bu sual bir anlıq onun özünə gülünc gəlsə də, ancaq bu insan həyata elə xırdaçı insan kimi gəlmişdi ki, hətta bir dəqiqə sonra nə olacağının problemlərini də indidən düşünüb yaşamağa məcbur idi.

İstənilən halda bu, vacib sual olaraq qalırdı. Siçanı necə tutmaq olar?
Evdən bu fikirlə çıxıb yavaş addımlarla dalanı döndü. Qonşu küçəylə paralel küçədəki dostuna çoxdandı baş çəkmək istəyirdi.

Lakin son günlər işlərə başının qarışması və ən əsası siçan məsələsinin ortaya çıxması Həmidə heç cür getmək imkanı vermirdi.

Onsuz da soyuqqanlı və adamayovuşmaz olan Həmid, ayda-ildə bir dəfə hansısa tanışının evinə gedər-getməz, son zamanlar da bu problemlərin ortaya çıxması demək olar ki, dostu ilə münasibətlərini soyutmuşdu.

Bu da Həmidi məcbur edirdi ki, arada inciklik qalmasın deyə, dostuna baş çəksin. Onsuz da dostuyla edəcəyi elə bir söhbət yox idi. Həmişəki kimi hal-əhval, uzun-uzadı sükut, ən yaxşı halda isə dostuna siçan problemini danışa bilərdi.

Küçəyə girəndə camaatın meydana yığışdığını gördü. Hamı diqqətlə meydanın mərkəzində oturub tamaşa göstərən adama baxırdı.

Bu orta yaşlı bir cadugər idi. Üz-gözündən zəhər yağan bu adam baxanları heyrətə gətirəcək nömrələr göstərirdi. Həmidi maraq bürüdü.

İnsan izdihamının içindən boylanan Həmid bir anlıq fikirləşdi ki, bəlkə bu adam ona kömək edə bilər. Yəqin ki, rahat və tez şəkildə… siçan problemini həll etsə-etsə, o edəcək.

Bu düşüncəylə, o, tamaşanın bitməsini gözlədi. Bayaqdan tamaşanın bitməsini gözləyən Həmid cadugərin tək qaldığını görüb fürsətini əldən buraxmamaq üçün ona yaxınlaşdı.

Salamlaşıb hal-əhval tutdu. Sehrbaz qısa, konkret nə istədiyini soruşanda Həmid deyəcəklərindən utansa da, vəziyyətin çıxılmaz olduğunu yadına salıb, əhvalatı danışmağa başladı.

Köməyi qarşılığında nə qədər lazımdırsa, hörmət edəcəyini və tez bir zamanda bu işə əlac etməsini xahiş etdi. Cadugər, deyəsən, səbrli və təmkinli adam idi. Uzun-uzadı fikirləşdikdən sonra dedi:

- Hə, mümkündür ancaq biraz çətin olacaq.

Həmid çətinliyin nə olacağını fikirləşməyə macal tapmamış cadugər davam etdi:

- Qorxmursansa, evə ilan buraxarıq, qurtarar, gedər.

“Evə ilan buraxarıq” sözünü eşidən Həmidi sanki, elə ilanın özü sancdı.Bir anlıq özünü itirən Həmid məsələ bu qədər qəliz olduğuna görə bir ağız özünü söydü.

Dünyanın ən gicbəsər əhvalatları yalnız onun başına gələ bilərdi. Və gəlmişdi də.
“Necə yəni evə ilan buraxmaq..? Yox, bu heç cür ola bilməz! Lənət şeytana! Mən bir də o evdə yaşaya bilmərəm! Yox, olmaz!” – bu fikirlərlə ordan uzaqlaşmaq istəsə də, nədənsə ayaq saxladı.

Bəlkə də son ümid olaraq, başqa bir variantın olub-olmayacağını soruşmaq istəyirdi. Lakin susdu. Elə susdu ki, deyərdin, bu dəqiqə olum, yoxsa ölüm arasında seçim etməlidir.

Müştərisinin tərəddüdə qaldığını görən cadugər rəncidə olduğunu gizlətməyə cəhd edərək dedi:

- Bax, cavan oğlan, elə bir problem olmayacaq. İlanı salacam evə, siçanı tutandan sonra ilanı götürüb aparacam. Narahat olma, ilan əl ilanıdır. Öyrədilmiş ilan sahibinin əmrindən çıxmaz!

Başqa əlac yox idi. Onsuz da siçanı çıxaracaq başqa bir varinat bilmirdi. Həm də ətraflı düşünsə, on beş dəqiqəlik çətinliyi vardı. Sonra isə bu bəladan birdəfəlik xilas olacaqdı.

Həmid cadugərlə razılaşıb, gözləməyə başladı. Qadın sarı torbanın içərisindən bir qutu götürüb içinə baxdı , sonra qutunun ağzını bağlayıb, yenidən torbaya qoydu.

Onlar Həmidin evinə tərəf üz tutub getməyə başladılar. Sanki Həmidin üzərindən böyük bir yük götürülmüşdü. Nəhayət, o evə rahat girib-çıxa bilər, siçan qoxusu gəlmədən yata bilərdi.

Həmid iki-üç gün idi ki, rahatlığa qovuşmuşdu.

Böyük məqsədləri olmayan bir adam kimi kiçik şeylərdən zövq almaq istəyirdi Həmid. Onun üçün su kranının xarab olması qlobal su problemindən daha önəmli idi.

***

Bir müddətdən sonra Həmid evdən yenə səs eşitməyə başladı. Deyəsən, yenə evə siçan girmişdi. Hiss edirdi ki, evdə nəsə o tərəfə-bu tərəfə gedir. Lakin onun qarşısına hələ ki, siçan çıxmamışdı.

Bir gecə Həmid boğulduğunu hiss etdi. Buna qədər tez-tez yuxuda uzun yol getdikdən sonra susuzluqdan dil-dodagı quruyardı.

Özünü birf evə verməyini və evin qapısını döyəndən sonra illər əvvəl ölmüş sevgilisinin çıxıb ona bir stəkan su verməsini, suyu içəndə boğazında qaldığını, daha sonra boğulduğunu görüb ayılardı.

Bu dəfə isə yuxudan boğula-boğula ayılmışdı. Deyəsən, həqiqətən boğulurdu. Lakin bildiyi o idi ki, deyəsən, o, bu dəfə sudan yox, boğazına dolanmış nədənsə boğulur.

Əvvəl boğazındakının nə olduğunu ayırd edə bilməsə də, yavaş-yavaş gözləri bərabərinə şaquli istiqamətdə ucalan ilanı gördü. Qorxudan dili-dodağı tutulan Həmid sadəcə “aman Allah” deyə bildi.

Gecənin ağır sükutuna səpilən bu pıçıltıları, ilanın “sakit ol” deməsi duman kimi qovub dağıtdı.

Birinci zərbədən özünə gəlməyə macal tapmayan Həmid, bu dəfə İlanın danışdığını gördükdə artıq huşunu itirdi. İlan vəziyyəti belə görüb bədənini bir az boşaltdı.

Həm də qurbanının artıq boğulduğundan ehtiyatlanıb, biraz geri çəkildi. Və heybətli səslə soruşdu:

- Yəqin tanıyarsan məni?

Heç nə anlamayan Həmid sadəcə başını yelləyə bildi. Həyatının sonunu yaşadığını düşündü. İndi ilandan mərhəmət gözləyirdi.

İlan, Həmidin ürəyindəkilərini duyub sözə başladı:

- Qorxma, sakit ol! Səni öldürməyəcəm! Yadındadırsa, mən bir müddət bu evə siçan tutmaq üçün gəlmişdim. Siçanı tutandan sonra onu uddum. Bu mənim bir həftəlik yeməyim idi.

Biz – sahibimlə birlikdə burdan ayrılıb başqa bir yerə getdik. Lakin bütün bunlar boş şeydir. Necə deyərlər, bunun bizim söhbətimizə adiyyatı yoxdur. Eşit, bil və agah ol, ey dili-qafil insan!

Sən seçilmişlərdənsən və bu seçilmişlərlə birlikdə üzərində böyük bir missiya var! Sən bir məmləkətə təyin olunmusan. İşin mahiyyəti və gedişatı haqda sonra məlumat verəcəm.

Hələlik bunu bil ki, bu işdə sənə bir neçə səninkimilər kömək edəcək. İndi isə yat, istirahət elə! Sabah danışarıq.

Dəhşətli gecədən sonra, Həmid özünü yad bir planetdəymiş kimi hiss edirdi. Hələ də başına nə gəldiyini tam anlamayaraq, divanda uzanmış ilana baxır, bu dəhşətdən nə vaxt qurtulacağını düşünürdü.

İlanın onun evində peyda olması onun bütün həyatını alt-üst etmişdi. İndi öz-özünə düşünürdü ki, bu ilan istənilən vaxt, adi bir qəzəblənmədən onu sancıb öldürə bilər.

Həm də ilanın dünən dediyi qəribə missiya da onun üçün maraqlı qalmışdı. Düzdür, ilan bütün əsas tapşırıqlar haqda özü məlumat verəcəyini desə də, Həmid səbrini basa bilməyib soruşdu:

- Əlahəzrət maranşah! Bilmək olarmı, mən hansı məmləkətə, hansı missiya üçün təyin olunmuşam? Tapşırığa nə vaxt başlayacağam və tapşırıq nədən ibarət olacaq?

İlan biraz fısıldayıb, sözə başladı:

- Demək, “Alçaldılmış və Təhqir Olunmuş İnsanlar Ölkəsi” adlı bir ölkə var. Bu ölkəyə gedəcəksiz. Hələlik, bunu bilsən, bəs edər. Ancaq, indi hazırlaş, bir azdan ilk yığıncağı kecirəcəyimiz yerə gedirik.

Uzun və qaranlıq tuneldən keçdikdən sonra, nəhayət ki, gəlib, köhnə və paslanmış qapının önündə dayandılar. İlan kənara çəkilib fısıldadı:

- Aç!

Əvvəlcə otaqdakı tutqunluq və boğucu havadan dolayı Həmid içəridə neçə nəfər olduğunu yəqinləşdirə bilmədi. Ancaq gördüyü o idi ki, içəridə neçə nəfər adam vardısa, hamısı da eyni ölçüdə, eyni boy-buxunda və ən qəribəsi də bu idi ki, sanki hamısı Həmidin özü idi.

İlk təəssüratdan şoka düşən Həmid, bütün bu olanların davamı kimi artıq heç nəyə təəcüblənməyəcəyini dəqiqləşdirdi. Uzun masanın ətrafında bir yer tapıb əyləşdikdən sonra, maraqla ətrafdakılara göz gəzdirdi.

Doğrudan da, burdakıların hamısı eyni boyda, eyni buxunda, eyni biçimdə və ən nəhayət, Həmidin özü idi ki, vardı.

İlan bir-bir hər kəsi Həmidlə tanış etməyə başladı:

- Tanış ol, bu, solçu Həmiddir. Bəşəriyyətin rifahına inanır. Hegelin “tarixi dialektizm”i və Trotskininin “Permanent inqilabi nəzəriyyəsi” əsasında insanların kollektiv təfəkkür vasitəsilə birgə yaşamasının mümkün olması ideyasını əsas formul olaraq görür.

İndividual insan problematikasını həll etməyi zəruri sayaraq, insana ayrıca fərd olaraq güvənmir. Optimistdir.

İkinci tərəfadşımız postmodern Həmiddir.

Texnologiya cəmiyyətini inkar edən, Hegelin tarixi dialektikasının mənfi yöndə inkişaf etdiyini bildirən, insanın heyvani başlanğıcdan qopub sosial fərd olması təklifini uğursuz eksperment adlandıran və bunun da məntiqi nəticəsi kimi, bəşəriyyətin sonunu elə insanların gətirəcəyini deyən postmodern Həmid ağlı inkar edir.

Xaotik düşünür. Pessimistdir.

Üçüncü dostumuz mistik Həmiddir. O, rasional təfəkkürə qarşıdır. Desakralizasiya, maarifçilik adı altında cəmiyyətin arxaik dəyərlərindən qopmasını tənqid edir, mistik təfəkkürün aliliyinə inanır, paranormal hadisələrdən məna axtarmağa çalışır.

Dördüncü dostumuz konspiroloq Həmiddir. Bizi idarə edən gizlin qüvvələrin bizim üzərimizdə labüd ağalığını tanıyır, yaşadığımız panoptikonda əsas mərkəzi idarəedən qüvvənin bəşəriyyətlə münasibətini ekzistensial absurdizm fəlsəfəsi ilə açmağa səy göstərir.

Bundan başqa, digərlərindən liberal Həmid, anarxist Həmid, maarifçi Həmid, filantrop Həmid və s. nümayəndələri təqdim etdikdən sonra əsas Həmidi, yəni, qonağı göstərək dedi:

- Dostlar, bu da yeni dostumuz Həmiddir. Hələlik, onu simvolizə edən adı yoxdur. Ancaq bu problem deyil. Gəlin, əsas məsələyə keçək.

Demək, “Alçaldılmış və Təhqir Olunmuş İnsanlar Ölkəsi”nə ezam olunacaq heyətimizin əsas missiyası bütün ilkin sivilzasiyanı dağıtmaq, yerinə yeni sivilizasiya yaratmaqdır.

Tipik Palanik paradiqması. Bu yolda əsas məfkurəmizə ciddi təsir göstərməyəcək şəkildə hərə öz təkilfini irəli sürə bilər.

İlanın sözü ağzından qurtarmamışdı ki, hamı bir-birinə girdi. Kimi qurtuluşu solda, kimi sağda görür, kimi ideoloji arınmadan bəhs edir, kimi ümumiyyətlə, bu insanların konsensusa gələ bilməyəcəyini vurğulayırdı.

Təxminən yarım saatlıq mübahisədən sonra sözü plüralist Həmidə verdilər. Plüralist Həmid təəsüflə başını yellədi. Belə olduğu halda sentimental Həmid ayağa qalxaraq, uzun və təsirli bir nitq söyləməyə başladı:

- Yoldaşlar, əvvəla təklif edərdim ki, bir-birimizi qırmayaq. Mehriban olaq. Onsuz da deyilənə görə, dünyamızın axırı heç də yaxşı olmayacaq.

Necə deyərlər, “Big Bang”-ın axırı “Big Crunch” olacaq. Ona görə də, gəlin bir-birimizi sevək. Necə ki, həyat bizə bu yaşımızda çox şeylər öyrədib. Axı biz görə-görə gəlmişik.

Götürək elə gəncliyimizi – əvvəl-əvvəl pafoslu çıxışlarla başladıq. Nə də olsa, həyatın ən anlamlı, ən məsum dövründəydik. Yaşadığımız mühit bizə ambisiyalar yükləmişdi.

Bu çarpışmadan sağ qurtulmaq üçün özümüzə bir yol tapıb çıxmaq istəyirdik. Fərqlənmək eşqinə düşdük.

Vətənpərvər olduq, dindar olduq, asdıq, kəsdik, utopiyalar qurduq, öz dünyamızı yaratdıq və özümüz də bilmədən boz kütləyə qarışdıq. Öz dünyamızla birlikdə əriyib, yavaş-yavaş itməyə başladıq.

Dönüb arxaya baxanda anladıq ki, sanki, heç parlamamışıq, sadəcə milyonlarla ulduz kimi biz də mövcud olmuşuq.

“Sakit, mühafizəkar, rahat bir həyatdan atılırıq birdən-birə dünyaya. Yüz minlərlə dalğalar çalxalanır, hər şey tərk edir bizi” – Hötedən oxumuşdum bunu.

Bəlkə də atılmaq istəməzdik. Kimlərsə götürüb atdı. Bir andaca başa düşdük ki, ümumiyyətlə biz heç nəyik. Və ən əsası da odur ki, nə olub-olmamağının da bir önəmi yoxdu.

Sonda bir qarış torpaq olacaqsansa, Kafka təbirincə desək, “Ölümün olduğu bu dünyada, heç bir şey çox da ciddi deyil əslində…”

Sanki, boş bir düzənlikdəydik. Hardan gəlib, hara gedəcəyimizi bilmirik. Axtarıq, axtarırıq, amma tapa bilmirik.

Kitablar işə yaramır. Kitabları yazan filosoflar acizdir. Düşünəndə insanın ağlamağı gəlir. Həyat ilk şillələrini vurmağa başlayır.

Sözün əsl mənasında özünü göstərməyə başlayır. Ən pisi də özümüzü ifadə etməyə çətinlik çəkdik. İnkar edildik. İnkar etdik.

Azad olmağa çalışdıq. İnkar etdiklərimiz bizi inkar edəndə, cəmiyyətdə təkləyəndə, min cür ayamalar qoşanda ucuz kafelərdə etdiyimiz bahalı söhbətlər bizi həyatdan usandırmadı.

Yaşamaq eşqi verdi bizə. İnkar etdikcə sevildik. Gördük ki, hər nə olursa, olsun, insanın məqsədə çatmağı üçün müəyyən bir yolu getməyi vacibdir.

“Allah var” deyə-deyə gözümüzə soxan insanların yoxmuş kimi hərəkətlərini görəndə içimizdə nəsə ağrıtdı bizi. Kimsə “vicdan” dedi, kimsə “mərhəmət” dedi.

Hərdən qutularla siqaretə verdiyimiz pulu dilənçiyə qıymayanda vicdanımıza şübhə etməyə başladıq. İtirə-itirə gələrkən, onu da itirməkdən qorxursansa, demək vicdanın var.

İlahi ədalətə inanmayıb, ədalətsizliyə qarşı vuruşanlar öyrətdi bizə – nədir vicdan! Ortada dəyişməyən bir həqiqət var. Hamımız torpaq olacağıq.

Ona görə də madam ki, bir həyati və bəşəri missiyamız var, onda, gəlin, bu missiya uğrunda birləşək, içimizdən bir nəfəri proporsional şəxsiyyət kimi formalaşdıraraq, onu tapşırığı həll etmək üçün göndərək.

Uzun və təsirli nitq hamını kövrəltmişdi. Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, səhərdən dinib-danışmayan mizantrop Həmid, yerində otura bilmir, o tərəfə-bu tərəfə var-gəl edir, bəzənsə, dözə bilməyəndə başını divara vururdu.

Təklif isə hamını qane etmişdi, deyəsən. Çünki kifayət qədər ağıllı və məntiqli təklif idi.

Xüsusilə də, hər kəsin yaxasını kənara çəkməyə çalışdığı bir vəziyyətdə əsas o bir nəfəri təyin etmək vacib məsələ idi.

Bu bir nəfər varinatı isə sentimental Həmidin deməsinə görə daha çox yeni üzvə - yəni qonaq Həmidə uyğun idi.
Bütün bu olanları təəcüb və maraqla izləyən Həmid, heç nə deyə bilmədi. Deyəsən, o da bu mübahisələrdən bezmişdi.

Ən əsası ilanın qorxusundan hələlik bir əks fikir səsləndirməyə tələsmirdi. Və hələlik, ən yaxşısı, gedişatı izləmək, sonda ilanın verəcəyi qərarı gözləmək idi.

Təxminən beş saatlıq məşvərətdən sonra, ilan, yekun qərarı dəqiqləşdirib, bəyan etdi:

- “Alçaldılmış və Təhqir Olunmuş İnsanlar Ölkəsi”nə yoldaşların dediyi kimi, bir nəfərin ezam olunmasını daha məqbul sayaraq, qərara alırıq:

Əsas və vacib missiya olaraq, bu bəşəri, taleyüklü və şərəfli vəzifəni yerinə yetirmək, yəni “Alçaldılmış və Təhqir Olunmuş İnsanlar Ölkəsi”ni bu bataqlıqdan qurtarmaq vəzifəsi yeni dostumuz “Proporsional Həmidə” tapşırılır. Uğurlar!

Otaqdan ilk çıxan Həmid uzun, dar tuneldə yola düzəldi. Kürəyinə yapışmış tərli köynəyi xəfif rüzgarda yellənirdi.

Hələliksə qarşısında sözün hər iki mənasında uzun bir yol vardı. Bu yol şərəfli və müqəddəs yol idi. Baxmayaraq ki, tunelin sonunda işıq görünmürdü.

XS
SM
MD
LG