Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

Yayın qızmarında qışı düşünüb donan adam


Arxiv fotosu
Arxiv fotosu

-

Azı 75 yaş verərsən bu kişiyə... Başı dazlaşıb, dişləri tökülüb, beli bükülüb, üzü, əlləri qırışıb... Gerçəkdə 58 yaşı var. 6 ildir parklardakı oturacaqlarda yatır.

Fərhad Hüseynov əslən Sabirabad rayonundandır. Adam küçədə yaşayır.

ÖVLADLARI ONDAN İMTİNA EDİB

"Vaxtilə normal həyatım olub, evim, işim olub. Özüm ali təhsilliyəm. Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini bitirmişəm. O vaxtdan ixtisasım üzrə iş tapa bilmədiyimdən fəhləliklə məşğul olmuşam. Həbsdə olanda əmlakım əlimdən çıxıb".

Deyir, üç qızı var, hamısı da ailəlidir. 14 il əvvəl həyat yoldaşı vəfat edəndən sonra növbəli qaydada qızlarının evində yaşayıb. Ancaq neçə ildir ki, övladlarının heç biri onu evində saxlamaq istəmir. O da düz 6 il əvvəl küçəni seçib:

"Yayda çətinliyim yoxdur. Skamyalarda başımı atıb yatıram. Ancaq qış gələndə canıma vəlvələ düşür. Qışın şaxtasında açıq havada gecələmək... Hər gecə yatanda kəlmeyi-əhadətimi deyirəm. Səhərə sağ çıxmağa gümansız oluram çünki..."

Deyir, qışda binaların bloklarında gecələyir:

"Zibilxanadan karton qutuların kağızlarını yığıb, yorğan-döşək əvəzinə üstümə örtürəm".

İstədiyi odur ki, onu ya qocalar evinə, ya da başqa bir sığınacağa yerləşdirsinlər.

"Bilgəhdəki qocalar evinə müraciət etmişəm. Dedilər 3-4 il əvvəldən növbəyə yazılmaq lazımdır. Yaşımın elə vaxtıdır ki, küçədə qalmaq mənlik deyil. 3-4 ilə mən torpağın altında olaram. Yayın qızmarında növbəti qışın gəlişini düşünüb donuram".

SIĞINACAQ VERƏNİ DƏ OLSA...

Əl açıb dilənmir. Mənliyinə sığışdırmır. Köhnə tanışları onun daim Neftçilər metrostansiyası tərəflərdə dolaşdığını bildiklərindən tez-tez onu tapıb çörəkpulu, pal-paltar verirlər. Bircə sığınacaq verəni yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Fərhad Hüseynov quruma rəsmi müraciət etməlidir.

XS
SM
MD
LG