Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:18

-

"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nin məlumatına görə, hadisə Xırdalan şəhərinin Qalubiyyə küçəsində baş verib.

Bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olub. Bankın binasını mühafizə edən polis əməkdaşı Vüqar Vahid oğlu Əsədov basqınçılara müqavimət göstərib. Həmin şəxslər polis əməkdaşını bıçaqlayıblar.

Hadisəni törədənlər hələlik məlum olmayan səbəblərdən məqsədlərinə çatmayıblar və xəzinədən pul götürə bilməyiblər. Cinayətkarlar bankın binasını tərk edərkən polis əməkdaşı Vüqar Əsədov yaralı vəziyyətdə onları zərərsizləşdirməyə çalışıb. Bu dəfə basqınçılar odlu silaha əl atıblar və mühafizəçiyə atəş açıblar. Vüqar Əsədov güllə yarası da alıb.

İsti izlərlə hadisəni törədənlərdən biri saxlanılıb. Məlum olub ki, o, "Kapital Bank"ın hadisə baş verən filialında inkassator vəzifəsində çalışır. Həmin şəxs bir neçə gün əvvəl məzuniyyət götürübmüş. Saxlanılan inkassatorun adı açıqlanmayıb.

Yaralı polis əməkdaşı Vüqar Əsədov isə əvvəlcə Daxili İşlər Nazirliyinin hospitalına, oradan isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır. İnkassatorla birlikdə basqında iştirak etmiş şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

XS
SM
MD
LG