Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

-

"Bölgələrimizdə vəziyyət daha acınacaqlıdır. Təsəvvür edin, insanlar sevgilisi olan qızı hər an təhqir etməyə, döyməyə, söyməyə hazırdırlar"

Tural Şahtaxtinski

QATIL UŞAQLAR

Hər gün ölkədə məişət mövzularına, mental dəyərlərə görə cinayətlər olur, hər il bu hadisələrin daha da artdığının şahidi oluruq.

Səbəb isə cəmiyyətdə belə hadisələrə qarşı susqunluğun olmasıdır.

Hətta cinayətkarların alqışlanmasının da şahidi oluruq. Bir neçə gün öncə məhəllədə sevgilisi ilə öpüşdüyünə görə öldürülən gəncin xəbəri gəldi.

Təbii, hadisəyə etiraz edən insanlar oldu, amma nəticəsiz qaldı. Yenə həmişə olduğu kimi çoxluq "günah öləndədir" dedi.

Təcrübəm onu göstərir ki, baş verən hər hansı hadisəyə etiraz edən yoxdursa tez unudulur və adiləşir.

Öpüşdüyünə görə insan öldürülürsə və bu işdə kütlə qatilə haqq qazandırırsa, demək, bu ölkədə insan həyatından ucuz heç nə yoxdur.

Bəs bu insanlar necə qatil olur?

Azərbaycanda insanları uşaqlıqdan cinayətə sürükləyirlər. Onları qeyrətli olmağa, bacısını, anasını hər addımda izləməyə çağırırlar.

Diqqətli olsaq görərik ki, anasının əlindən tutub gedən bir uşaq, ətrafda olan həmcinslərinə qarşı heç də xoş münasibət bəsləmir.

Bir neçə dəfə şahidi olmuşam, oğlan uşaqları küçədə və ya başqa yerlərdə anasının tanımadığı bir insanla söz kəsməsini görüb narahatlıq keçirir.

Onlar həmyaşıdları ilə oynayarkan belə, bir-birinə ana, bacı söyüşləri söyməyə meyilli olurlar.

Sanki bu yolla bir-birini aşağılamış sayırlar. Elə lap uşaqlıqdan bacılarının məhəllədə oynamasını diqqətlə sezirlər, onlara qadağalar qoymağa başlayırlar.

Bizim ölkənin insanları lap uşaqlıqdan bu cür tərbiyə olunurlar, - biz onların böyüyüb artıq qatil olduğunu görəndə təəccüblə yanaşırıq.

Valideyinlər dizlərini yerə qoyub ağlayanda bircə dəfə düşünmürlər ki, axı özüm övladımı uşaqkən belə tərbiyə etmişəm.

Burada təəccüb ediləsi heç nə yoxdur, diqqətli olsaq anlayarıq ki, onlar uşaqlıqdan elə qatil kimi böyüdülür.

Məsələnin kökündə qadının uşaqlıqdan azadlığının əlindən alınması durusa, kişinin də uşaqlıqdan qatil təfəkküründə böyüdülməsi durur.

Ona görə də cəmiyyətdə bu tip cinayətkarlar üstün tutulur, onların böyüyüb törətdiyi cinayətə görə kütləvi etiraz olmur.

Onlar öz ailələrində, qohumda, qonşuda, məhəllədə, hara getsələr belə söhbətlərin, əməllərin şahidi olurlar və bunu normal qəbul edirlər.

Məsələnin kökündə qadının uşaqlıqdan azadlığının əlindən alınması durusa, kişinin də uşaqlıqdan qatil təfəkküründə böyüdülməsi durur.

Bu gün bizim məktəb tələbələrinə "belə mövzulardan uzaq dur" - demək mümkün deyil. Onlar hər addımda sənə qarşı çıxmağa hazırdırlar. Sual olunur: Məktəbli bir uşağın belə mövzularda həssas olması haradan qaynaqlanır?!

Axı dərslikdən baş açmamalı olduqları bir vaxtda onlar bu mövzuları haradan mənimsəyirlər?

Bölgələrimizdə vəziyyət daha acınacaqlıdır. Təsəvvür edin, insanlar sevgilisi olan qızı hər an təhqir etməyə, döyməyə, söyməyə hazırdırlar.

Qınanan və qınayan insanların artıq uşaqlıqdan beyninin küncündə hər an oyanmağa hazır olan bir qatil yatır.

Hələ onun atası, anası, qardaşı varsa, yaxınından tutmuş lap uzaq qohumuna qədər, - hər addımda qınanacaq.

İnsanlar gözlərinin qarşısında qatil görməkdən zövq alırlar.

Qınanan və qınayan insanların artıq uşaqlıqdan beyninin küncündə hər an oyanmağa hazır olan bir qatil yatır.

Bir balaca psixoloji təzyiqə məruz qalan kimi onların uşaqlıq travması özünü göstərir.

Mən düşünmürəm ki, bu yazımla bütün cəmiyyəti qatil olmaqdan xilas edəcəyəm, amma məsələnin çıxış yolu var. Valideyinlər övladlarını itirmək istəmirlərsə, onları uşaqlıqdan bu mövzulardan uzaq tutmalıdır.

Yoxsa sonradan beynin bunu qəbul etməsi çətin olur. Onlar adi söyüşə görə, cinayət işləməyə hazır olurlar.

Düşünün bu ölkənin müəllimindən tutmuş aliminə qədər, heç kəsə uşaqlarınızın tərbiyəsində etibar yoxdur. Sizin uşaqlar hər addım təhlükə qarşısındadır, onların beyninə bu zəhəri ötürmək çox asandır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG