Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

-

"Üçbucaq, dördbucaq formalı başı, əcaib quruluşlu bədən forması olan insan və heyvan personajları gələcək nəslə nə verə bilər?!"

Şəhla Aslan

EYNŞTEYN VƏ NAĞILLAR

Səbirsizliklə iftar vaxtını gözləyirdim. Uşaqlıq xatirələrim bir-bir gözlərimin önünə gəlirdi. Nədənsə, uşaqlıq barədə xəyala dalanda iki şey gəlib durar qarşımda: biri nənəm, biri də nənəmin dediyi nağıllar.

Çoxlu nağıl kitabları oxusam da, nənəmin dilindən eşitdiklərimin təsiri daha çox idi. Yəqin ki, o da bunları öz nənəsindən eşidib, nənəsi də nənəsindən.

Beləliklə, zamanın qaranlıqlarından süzülə-süzülə gələn, get-gedə zənginləşən, sehr pərdəsinə bürünən bu nağıllar nənələrin ruhuna, deyim tərzinə daha yaxın olduğundan onlarda eşitdiklərimiz heç vaxt unudulmur. Amma…

Amması odur ki, rabitə qırılmışdır, əziz oxucu!

İndi nə nağıl deyən var, nə qulaq asan. Nağıl adına quraşdırılan cizgi filmlərinin isə olmağından olmaması məsləhətdir.

Üçbucaq, dördbucaq formalı başı, əcaib quruluşlu bədən forması olan insan və heyvan personajları gələcək nəslə nə verə bilər?!

Qatarlar danışır, oynayır, daşlar oxuyur, qaçır… Nə bilim nələr, nələr! Bunlara baxan uşaqların təxəyyülü necə formalaşır?

Uşaqlığımda qulaq asdığım nağılları yada saldıqca bir həqiqət aydın oldu. Özüm də bundan heyrətə düşdüm ki, bir vaxtlar mümkünsüz görünənlər, indi artıq nağıl deyil.

Artıq yeni nağıllar lazımdır. Yenilərini isə yazan varmı? Xeyr. Nağıl janrına müraciət edən qələm sahibləri demək olar ki, yoxdur.

Məgər, təyyarələrin olduğu indiki dövrdə uçan xalça uşaq təxəyyülünü əvvəlki kimi qıcıqlandıra bilərmi?! Mobil telefon olduğu halda “sim-sim, qapını aç!” kimə maraqlıdır?

İnternet dövründə hər şeyi bilən cadugərə, sehrbaza ehtiyac yoxdur. Bəs yeni nağıllara qulaq asmayan indiki uşaqların aqibəti nə olacaq?...

Bir qadın Albert Eynşteyndən soruşur ki, uşağı necə tərbiyə etmək lazımdır ki, böyüyəndə dahi olsun. Böyük düha sahibi olan Eynşteyn cavab verir:

- Ona nağıl oxumaq lazımdır.

- Bəs sonra? – qadın təəccüblənir.

- Sonra, daha çox, daha yeni nağıllar oxumaq lazımdır. Nağıllara qulaq asmaqla böyüyən uşaqların təxəyyülü, fantaziyası geniş olur. Böyüyəndə də qeyri-mümkün şeyləri mümkün etmək meylini saxlayır və kəşflər edir.

Mənsə nağıl haqqında bundan yaxşı bir şey demək mümkün deyil. Doğrudan da, fantaziyanın qanadları reallığa doğru uçmaqda kömək edir.

Təxəyyülü inkişaf etməmiş uşaq böyüyəndə praktiki cəhətdən mümkün olmayan bu şeyin reallaşması yolunda baş sındıracaqmı? Xeyr!

Məgər indiki yazarların içində milli, müasir personajlar iştirak edən nağıllar yaza biləcək istedadlı gənclər azdırmı?!

Mən əminəm ki, real təhlükəni qəbul edən səlahiyyət sahibləri yarışlar, müsabiqələr, tərcümə tədbirləri və digər vasitələrlə bu ölgünlüyü aradan qaldıra bilərlər.

Belə olarsa, tezliklə Andersenlər kimi yazarlar yarana bilər.

Axı, min illərlə biz nağılla böyümüşük və bəşəriyyət bu nizamla indiki səviyyəyə gəlib çatıb.

İndi isə, hər şeyin üstündən xətt çəkib əndrabadi obrazları yeridirik körpələrin beyninə.

Mədəsini geni dəyişdirilmiş çipsilərlə zəhərlədiyimiz balaların beynini də ölçüsü, forması, dili, tərbiyəsi dəyişmiş “super qəhrəmanlar”la məşğul edirik.

Məncə, dayanmaq, “stop” demək lazımdır. Hərə öz boynuna düşəni etməlidir.

Qələm əhli qollarını çırmayıb uşaqlar üçün nağıllar yazmalıdır. Yüzündən, minindən biri əsl nağıl olacaq, elə o da bəsdir.

Doğrudan da, Ramazan bərəkətli aydır. Qeyri vaxtlar ağlıma belə şeylər heç vaxt gəlməzdi. Bəlkə deyəcəksiniz ki, istidə oruc tutanda, elə adamın ağlına sərsəm-sərsəm şeylər gələr də! Olsun, razıyam.

Amma, onu bilirəm ki, çipsi yeyib super qəhrəman oyunlarına baxan, nağıl oxumayan indiki uşaqlar böyüyəndə, lap 50 dərəcə istidə, bir həftə ac-susuz qalsalar da, xəyallarına belə şeylər gəlməyəcək.

Bəs, ağıllarına nələr gələcək? Bax, elə bundan qorxdum və yazdım…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG