Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:39

Müəllimlərin maaşı qalxır, zərbəsi tələbəyə dəyir


Bakı İqtisad Universiteti
Bakı İqtisad Universiteti

-

“Türkiyədə hər bir dosentin 16-18 kvadrat metrlik kabineti var. Hər bir dosentin assistenti var, texniki işlərini o assistent görür.

Üstəlik, təqaüdə çıxanda dövlət onlara təxminən 25 min manat birbaşa ödəniş edir, aylıq maaşının da 80 faizi qədər təqaüd kəsir".

İqtisad Universiteti müəllim və professor heyətinin vəzifə maaşını artırıb. Artıq yeni vəzifə maaşları kafedra müdirləri üçün 1500, professorlar üçün 1300, dosentlər üçün 880, baş müəllimlər üçün 760, müəllim və assistentlər üçün 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.

Yeni artımlardan sonra universitetin pedaqoji heyəti üzrə orta aylıq əmək haqqı 985 manat olub.

İqtisad Universitetinin mətbuat xidmətindən deyirlər ki, əvvəlki maaşa görə kafedra müdiri 1062, professor 821 manat alırdı. Əgər kafedra müdirində artım təxminən 500 manatdırsa, müəllim və assistentdə 40-20 manatdır. Universitetdən sadəcə onu deyirlər ki, artım ali məktəbin daxili imkanları hesabına, xüsusilə də təhsil haqlarının hesabına olub.

Bakı Dövlət Universiteti də son iki ildə professor-müəllim heyətinin əmək haqqını qaldırıb. Ölkənin ən iri ali məktəbində dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin əmək haqqı isə 830 manat civarında müəyyənləşib.

Təhsil haqqı hesabına maaş artımı

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən deyirlər ki, professor-müəllim heyətinin əmək haqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Mətbuat xidmətindən onu da əlavə edirlər ki, bəzi müəllim-professorlar fərdi qrant layihəsi ilə işləyəndə gəlirləri ikiqat qalxır.

Tibb Universiteti də bu yaxınlarda professor-müəllim heyətinin maaşını qaldırdığını bildirib.

Ancaq Azərbaycan Texniki Universitetinin tələbələrinin Facebook sosial şəbəkəsində idarə etdikləri səhifədə iddia olunur ki, müəllimlərə yaxşı maaş verilsəydi, savadlı kadrları özəl şirkətlərdə işləməyi yox, universitetdə dərs keçib yeni kadrlar hazırlamağı üstün tutardılar:

“Yeni kadrların əksəriyyəti özəl şirkətlərə lazım olan dərəcədə savadı olmaması səbəbindən müəllim işləyir. Savadlı kadrlarınsa əksəriyyəti özəl şirkətləri seçirlər. Müəllimləri qınamayın, yaxşı maaş verilsəydi, yaxşı kadrlar gəlib sizə dərs keçərdilər.

Müəllimləri qınamayın, yaxşı maaş verilsəydi, yaxşı kadrlar gəlib sizə dərs keçərdilər.

Belə düşünürəm ki dövlətdə əhalinin yüksək səviyyədə savadlanmasını istəməyənlər var, ona görə maaş qalxmır. Elm hər şeyin təməlidir, elmi öyrədən isə müəllimdir”, -deyə səhifədə yerləşdirilən bir statusda deyilir.

“...bəs onda biz niyə aşağı maaş alırıq?”

Gəncə Pedaqoji Universitetinin adının çəkilməsini istəməyən müəllimlərindən biri AzadlıqRadiosuna müsahibəsində deyir ki, onlarda əmək haqqı heç də paytaxtdakı həmkarları kimi yüksək deyil:

“Həyat şəraiti eynidir, eyni qiymətə kommunal xərclərin var, ərzaq Bakı ilə eyni qiymətdir, dediyimiz dərs proqramları eynidir, bəs onda biz niyə aşağı maaş alırıq?”

Müsahibimiz deyir ki, aylıq əmək haqqı təxminən 350-400 manatdır: “Əlavə iş axtarıram, hansı sahə olursa, olsun. Bəzən müəllimliyi atmaq istəyirəm, ailə sahibiyəm, uşaqlarım var”.

“Vətəndaşın cibinə girmək yolu”

Vurğun Əyyub
Vurğun Əyyub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, bir müddət Türkiyə universitetlərinin birində çalışmış Vurğun Əyyub deyir ki, Azərbaycanda müəllimin əməkhaqqı səviyyəsi acınacaqlı vəziyyətdədir:

Təhsil haqlarından yığılan vəsaitdən müəllimlərə müəyyən vəsait ayırırlar, amma bu vəsait sığortaya cəlb edilmədiyindən gələcəkdə özünü müəllimin təqaüdündə göstərməyəcək

“Təhsil haqlarından yığılan vəsaitdən müəllimlərə müəyyən vəsait ayırırlar, amma bu vəsait sığortaya cəlb edilmədiyindən gələcəkdə özünü müəllimin təqaüdündə göstərməyəcək”.

Vurğun Əyyubun sözlərinə görə, dövlət məktəblərində təhsil haqqını qaldırıb bununla da müəllimin maaşını qaldırmaq “vətəndaşın cibinə girməkdir”.

Türkiyədə hər dosentin assistenti var

Müsahibimiz İqtisad Universitetinin açıqladığı vəzifə maaşlarını yüksək saymasa da, digər ali məktəblərlə müqayisədə normal hesab edir. O, Türkiyədə müəllimlərə yaradılan şəraiti də xatırlayır:

“Əslində Azərbaycandakı vəziyyətlə heç müqayisəyə belə gəlmir. Mən hələ xarici vətəndaş kimi orda Azərbaycanla müqayisədə xeyli yüksək maaş alırdım. Həftədə də 10 saat dərs deyirdim. Orda müəllimə yaradılan şərait bir başqadır. Təsəvvür edin, hər bir dosentin 16-18 kvadrat metrlik kabineti var idi. Hər bir dosentin assistenti var idi, texniki işlərini o assistent görürdü. Üstəlik, təqaüdə çıxanda dövlət onlara təxminən 25 min manat birbaşa ödəniş edir, aylıq maaşının da 80 faizi qədər təqaüd kəsir”.

Azərbaycanda dövlət və qeyri-dövlət аli təhsil müəssisələrində professor-müəllim heyətinin sayı 15 mini ötür. Onların 13 mini dövlət ali təhsil ocaqlarının payına düşür.

XS
SM
MD
LG