Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:54

.

Bir polis zabitinin qəmli həyat hekayəsi

Onu doğmalarından savayı heç kəs arayıb-axtarmır. Nə bir tədbirə dəvət alır, nə telefonuna zəng gəlir.

Hərdən taxta qapını poçtalyon döyür və “yuxarılara” etdiyi müraciətlərin cavabını gətirir. Qaranlıq gecədə sükutu bayırda çaqqal ulartısı, it hürüşü, içəridə isə daş, taxta gəmirən siçovulların civiltisi pozur. Hərdən üstünə “təcili yardım” gəlir...

Bir vaxtlar polis mundirində keçmiş Sovet İttifaqını qarış-qarış gəzən Qubad Vəliyev 1993-cü ildən bəri İmişli rayonunun Qaradonlu kəndində ötən əsrin 30-cu illərində hərbi zastava üçün tikilən anbar binasında köçkünlük həyatı yaşayır. Bundan əvvəl isə 4 uşaq və ahıl yaşlı anası ilə birgə sallaqxanada məskunlaşıblar.

“Uşaqlıq illərimdən yadımda müharibə, aclıq, səfalət qalıb”

Qubad Vəliyev polis zabiti olarkən

Qubad Vəliyev polis zabiti olarkən

​“Mən1941-ci ilin fevralında Füzuli rayonunun Saracıq kəndində doğulmuşam. Onda atam hərbi xidmətdə olub. Biz onun başına nə gəldiyini dəqiq bilmirik. Ailəmizə gələn cavab bu olub ki, atam Moskva ətrafında gedən döyüşdə itkin düşüb. Beləcə nə o mənim üzümü görüb, nə də mən onun.”

​Qubad Vəliyevin həyat hekayəsini həyəcansız dinləmək mümkün deyil. Şirinli-acılı bütün xatirələri müharibədən, mübarizədən, “laməkan”lıqdan keçir:
“Uşaqlıq illərini xatırlamaq çox üzücüdür. Nə doyunca çörək tapırdıq, nə də adam içinə çıxmağa paltarımız vardı. Çətinliklə orta məktəbi bitirib Sumqayıta getdim, burada işə düzəldim. İşim dəmir boruları politilen örtüklə sarımaqdan ibarət idi. Sonra əsgərliyə getdim. Hərbi xidmətim Qazaxıstanda, düz 3 il davam etdi.”

Hüquq-mühafizə orqanlarının barəsində çıxardığı qərarlar ləğv olunur

Qubad Vəliyev xidməti başa vurandan sonra bir müddət Qazaxıstanda yaşayır. Eyni vaxtda Alma-Ata milis məktəbinə daxil olub. Sonradan təhsilini Moldovanın Kişinyov şəhərində davam etdirib. O, 10 il Odessa-Kişinyov nəqliyyat milisində növbətçi müvəkkil işləyib:

Qubad Vəliyev

Qubad Vəliyev

“O illərdə xidmət yerinin dəyişdirilməsi çətin məsələ idi. Gərək göndərən və qəbul edən orqanların hər ikisi buna razılıq verəydi. Azərbaycana qaytarılmağımda anamın sovet rəhbərlərinə müraciəti, ailəli, 2 övladımın olmağı ciddi rol oynadı. 1975-ci ildə Cəbrayıl rayon daxili işlər şöbəsində xidmətimi davam etdirdim.”

Qubad Vəliyev 1978-ci ildə SSRİ DİN-in Kiyev Ali Milis Məktəbini bitirib. Lakin elə həmin il ona qarşı cinayət ittihamı irəli sürülüb və respublika prokurorluğunun təqdimatı ilə daxili işlər orqanından xaric edilib. O, işin ən yüksək səviyyədə araşdırılması üçün inadlı mübarizə aparır və buna nail olur. Nəticədə respublika hüquq-mühafizə orqanlarının barəsində çıxarılan qərarları ləğv edilir və zabit kimi əvvəlki işinə qaytarılır.

Qubad Vəliyevin ailəsində qab-qacağı

Qubad Vəliyevin ailəsində qab-qacağı

Təqaüdə çıxmağı ilə köçkünlük başlayıb...

Qubad Vəliyev xidmətinin son illərini Füzulidə keçirib. O, deyir ki, Dağlıq Qarabağ ətrafında başlanan və sonradan miqyası genişlənən milli münaqişənin ilk vaxtlar əsas ağırlığı polisin üzərinə düşüb: “Düz 818 gün döyüş şəraitində, ön mövqedəki postlarda olmuşam. Təqaüdə çıxmağıma sayılı günlər qaldığı bir vaxtda - 1993-cü ilin avqustun 17-də doğma kəndim işğal olundu. Təzə ev tikmişdim, dam örtüyü ağ dəmirdən idi. Postlarda olduğumdan içərisindəki əşyaları başqa yerə apara bilməmişdim. Bütün əmlakı qoyub, əynimizdəki paltarla evdən çıxdıq.”

“Mənəvi zövq alası bir şey qalmayıb”

Məcburi köçkünlərin “müvəqqəti məskunlaşma”sı 22 ildir ki, davam edir. Bu müddətdə Qubad kişinin övladları böyüyüb, ailə qurublar, anası vəfat edib. Sığındıqları anbar binasının ətrafında əkdiyi ağaclar boy verib, geniş qol-budaq atıblar. Həyat yoldaşı ilə vaxtlarının çoxu bu ağacların altında keçir. Ağaclardan birinin “sinəsindən” güzgü, budaqlarından qayçı, daraq asılıb.

Qubad Vəliyevin qaldığı ev

Qubad Vəliyevin qaldığı ev

Yaşları 70-i ötsə də, köçkün təqaüdçülər bekar oturmaq istəmirlər, iri və xırda buynuzlu heyvanlar, ev quşları saxlayırlar.

Qubad kişi zabitlərə olan biganə münasibətdən narazılıq edir: “Bütün Avropa ölkələrində təqaüdə çıxan zabit qeydiyyatda olur. Onun həyat tərzi, məişət şəraiti ilə maraqlanırlar. Bizdə harada, necə yaşadığımızı, nə köməyə ehtiyac olduğunu soruşan yoxdur. Budurmu insana münasibət, humanizm? Mənim maddi yardımdan çox mənəvi dəstəyə ehtiyacım var. Eyni şeylərin təkrarı bezdiricidir. Kəsəsi, mənəvi zövq alası bir şey qalmayıb.”

Təqaüdçü zabit keçmiş və indiki polislərin vəziyyətini baməzə şəkildə müqayisə edir: “Etiraf edim ki, cavanlıqda möhkəm “vuran” olmuşam. O vaxt yemək bol idi. Hara getsən üzünə çörək vardı - quzu kəsən kim, hinduşka, toyuq çığırtması bişirən kim. Polisin günü yeyib-içməkdə keçirdi. İndikilər acdır...”

Şərhləri göstər

XS
SM
MD
LG