Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

-

Amin Mehdi

ŞEİRLƏR

Nəsə çatmır elə bil

evimizin havasında

anamın mətbəxində

bir də mənim

bax bu balaca otağımda.

Çıxdım dəhlizə ki,

bir az hərəkət edim

bəlkə yuxum qayıtsa,

səni görməyi gedim.

eyvanda qonşumuzun

paslı paltar sərgisi

xəstə qonşumuzun da

ağrılı iniltisi.

Bir də, zalım qızı,

sənin rəsmin elə bil

yuxumu çəkib ərşə

nəsə ee nəsə

Vallah nəsə çatmır elə bil!

Bir çimdiklik yanağın,

Bir qucaqlıq qolların

Bir söhbətlik dodağın

Bir gəlişlik ayağın

Bir də bir mesajlıq barmağın

Qısası,

Nəsə çatmır...

Vallah nəsə çatmır elə bil!

***
İllər əvvəl
göydə süzən bir ulduz

yerdə arzu tutan adamlar görmüşdüm.

Elə sarılmışdılar ki, arzulara, ümidlərə

ulduzlara inanıb öz arzumla öpüşmüşdüm.

Uşaqlıq deyək.

İllər sonra

Göydə süzən bir ulduz

yerdə arzu tutan adamlar gördüm.

Mənim kimi bir körpə də

bərk-bərk sıxıb gözlərini

əllərini də sinəsinə.

Pıçıldıyır öz-özünə:

- Həmişə gülmək istəyirəm.

Bəlkə də körpənin qəlbini qırdım,

Bəlkə də qorudum saf arzusunu.

Böyüklük deyək!

Üstünə yeriyib

İllərin hökm edən pıçıltısıyla:

"Səma da məzarlıqdır

Ölümü gözləyən ulduzlarıyla.

Və ölülər, gedənlər

bir də göydə süzənlər eşitmir bizi!” - dedim…

***
Bir kişi bir qadına güvənməyi

Anasında

Bir qadın da bir kişiyə güvənməyi

Atasında öyrənmişdi.

Kaş uşaq qalıb sevgilərimizi,

əllərimizi və…

və ən əsası qəlblərimizi

bir kişiyə ya bir qadına qıfıl etsəydik.

Onda nə qırılmazdıq

nə də böyüməzdik,əzizim.

Çünki qadınlar ana

kişilər ata olanda sevilə bilir.

Bir də kaş, sevgilim,

mən sənə ata

sən də mənə ana ola biləydik.

Körpənin ataya,

anaya bağlandığı tək

bağlanaydıq bizə.

Yalansız,dolansız,

zamansız düşünəydik bizi.

Çünki,sevgilim,

insanlar ata

və ana olanda öyrənir

dəyər verməyi…

Bir də hər tək səbrə

getməməyi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG