Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

-

«Tər-su içindəyəm. Səhər, heç olmasa, meh əsirdi. İndi o da yoxdur. Yəqin bir 40 dərəcə isti var. Ancaq neyləməliyəm? İşləməliyəm. Buz kimi soyuq havada da, indiki kimi qızmar istidə də işləyirəm»…

Günorta saat 2-dir. Küçə təmizlikçisi Mirvari Kərimova əlindəki süpürgəni istidən əriyən asfalta çəkir. İşi növbəli olduğundan günorta vaxtı bu cür isti havada da işləməlidir.

Təkcə küçə təmizlikçiləri yox, tikintidə işləyən fəhlələr, bağbanlar, mağazalara yük daşıyanlar da qızmar iyul günündə açıq havada işləyir.

«Çox isti günlərdir. Qışa iş günü etməlidirlər. Ancaq biz məcburiyyətdən işləyirik. Çünki bura Azərbaycandır. Elə bir dövrdə yaşayırıq ki, 45 dərəcə isti də olsa, camaat işləyəcək».

Elməddin Əliyev

Elməddin Əliyev

Bunu isə tikintidə fəhlə işləyən Elməddin Əliyev deyir. Elməddin işsizlik ucbatından Masallıdan gəlib. 5 ildir tikintidə işləyir. Deyir ki, bu 5 ildə qızmar yay günlərində, temperatur 40 dərəcəni keçəndə belə, adi günlərdə olduğu kimi işləyir.

ƏMƏK QANUNVERICİLİYİ NƏ DEYİR?

Əmək qanunvericiliyinə görə, 41 dərəcə istidə iş dayandırılır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavinin Məhərrəm Məhərov AzadlıqRadiosuna deyir ki, iş dayandırılanda, ya da fasilə olunanda, işçiyə əməkhaqqı ödənilməlidir:

Bakıda istilər.

Bakıda istilər.

«Əmək qanunvericiliyinə görə, istilik 41 dərəcə selsidən artıq olduqda, açıq havada, günəş altında işləmək olmaz. 41 dərəcə birmənalı şəkildə qəbul olunub. Ya fasilə verilir, ya da iş tamamilə dayandırılır. Fasilə verilərsə, fasilə iş vaxtına daxil edilir və əməkhaqqı ödənilir. İş tamamilə dayandırılanda da, əməkhaqqının üçdə iki hissəsindən az olmayaraq yenə də işləyənə əməkhaqqı ödənməlidir. İşəgötürən normaları pozursa, bu, əmək qaydalarının pozulması kimi qiymətləndirilir, 1000 manatdan 2000 manatadək cərimə olunur».

BAKIDA 38-40, BÖLGƏLƏRDƏ 40-42 DƏRƏCƏ İSTİ GÖZLƏNİLİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayına olan hava proqnozunu açıqlayıb. İyulda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında 30-35, bəzi günlərdə 38-40 dərəcə olacaq. Bölgələrdə isə istilik bəzi günlərdə 42 dərəcəyə çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG