Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

-

Oğuz Ayvaz

Yeni şeirlər

Yazıla bilməyən şeir

küçələr adamsızdı,

külək səkilə sevişir,

bu gün adamlar yoxa çıxıb

qəssab dükanın yanında,

erkək buğa miskin baxışlarıyla

öləcəyi saatı gözləyir,

arxasında küçə pişiyi

ət axtarışında,

buğanın adı bir azdan

ət olacaq,

bu mənzərəyə hansısa

filmdə baxmışdım:

orda pişiyə buğanın əti çatmırdı.

buğanın gözlərindəsə

saysız-hesabsız

ulduzlar axışır,

göy üzünə qaranlıq ilxı tək sürünür,

qəssabın əlindəki bıçağın

parıltısı buğanın gözlərindən

daha zəif, daha sönük.

küçə rəssamı

bu mənzərəni

çəkə bilməyəcək qədər

aciz, miskin...

mənsə bu şeiri

yaza bilməyəcək,

narkozdakı kimi onların

hərəkətlərini izləyəcək...

Anti-faciə

səninlə aramızda

faciə yoxdu,

aramızda iki milyon

insan ölməyib,

güllələr gecənin

bətninə sancılmayıb,

yollarımızda

tanklardan, toplardan

danışmağa dəyməz,

bizim aramızda

faciə olmayıb,

indi mən müharibədə

əllərini itirmiş

adamı tanıyıram

o, heç bir əşyaya

toxuna bilmir,

mən sənə uzanan

əllərimi itirdim, vəssalam

bizim aramızda

faciə olmayıb...

Afrodita

ilk görüşümüzü xatırlayıram,

yağış yağmırdı,

bürkü idi,

istidən nəfəs ala bilmirdik,

sən parıltılı gözlərinlə,

çiçəkli donunla gəlmişdin,

filmə bənzəyirdi gəlişin

ya da bir şeirə,

sən bu şeirin misrasısan,

gözlərin, əllərin,

saçların şeirimin qafiyələri

utanıram bədənin haqda

bir şey deməyə

bədənin yazılmayan

bir hekayə

ya da bir roman

maşınlar küçələrə axışmışdı,

yolların bakirəliyi pozulmuşdu,

qadınlar bizə baxıb

sənə paxıllıq edirdilər,

sən yuxudan duran

uşaq kimi,

sevimli və biraz da dəcəl,

mən hələ də

o görüşü unutmadım...

mən səni xatırlamıram,

sən mənim yanımdasan...

Şərhləri göstər

XS
SM
MD
LG