Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Sahibkarların yoluna niyə qaranlıq çöküb?..


Arxiv fotosu
Arxiv fotosu

-

“Kəndlərdə elektrik dirəkləri yox səviyyəsindədir. Burada dirəkləri naqillər saxlayır. Yüngül külək əsən kimi enerji verilməsində problemlər yaranır. Hələ yay fəslidir, amma demək olar ki, hər gün işıqlar sönür”.

Bunu "Qaynar xətt"ə Ağsu sahibkarları deyir. Onların sözlərinə görə, elektrik enerjisi sarıdan yaşadıqları problemdən cana doyublar.

"ELEKTRİK QITLIĞIDIR"

"Əsas problemimiz transformator çatışmazlığındandır. “Ağsu şəhər-2” xəttindən istifadə edirik. Xeyli müddətdir enerji qıtlığı yaşayırıq. Bizim xəttin üzərində 400-ə yaxın abonent və 70-ə qədər obyekt var. İaşə və avtomobil sexlərindən ibarət olan bu obyektlərin əksəriyyəti 3 faza ilə işləyir. Daha doğrusu, işləyə bilmir. Çünki 100 voltdan artıq cərəyan yoxdur xətdə. Heç bir elektrik cihazından istifadə etmək olmur - nə evdə, nə də obyektlərdə! Səbəbi də məlumdur: 400 kvt-lıq transformatorun əvəzində istifadəmizdə 160 kvt-lıq transformator var. Hazırda transformatorla sonuncu abenentin mənzili arasındakı məsafə 2 kilometr olar ki, bu da cərəyanın yolda itməsinə səbəb olur”.

Sakinlərin sözlərinə görə, Ağsu Elektrik Şəbəkəsinə etdikləri çoxsaylı müraciətlərinə "transformator yoxdur" cavabı alıblar.

“Deyirlər ki, Kürdəmirdəki və Şirvandakı transformator sexləri bağlanıb, təmir üçün indi transformatorları Sumqayıta aparırlar. Orda bir neçə transformator var ki, 6 aydan çoxdur təmirə göndərilib, hələ də xəbər yoxdur. Ağsu da qalıb ehtiyat transformatorsuz...”

PUL TOPLAYIB TRANSFORMATOR DA ALIBLAR

Bundan sonra sakinlər işə özləri əl qatmalı olublar. Pul toplayıb transformator da alıblar:

“İyirmidən çox obyekt sahibi yığışıb 4 min manata 160 kvt-lıq transformator aldıq. Ağsu Elektrik Şəbəkəsinə müraciət etdik ki, transformatorun quraşdırılmasını təmin etsinlər. Xəttin üzərinə düşən yük paylaşdırılsın. Transformatorun yerini də rahatladıq, bircə qaldı düz yanından keçən xəttə qoşulması. Ancaq bu dəfə də bildirdilər ki, Qəbələ Elektrik Şəbəkəyə tabe olduqlarına görə, özbaşına qərar qəbul edə bilməzlər.

“Azənerji” ASC-dən bildirilib ki, Ağsu sahubkarlarının elektrik enerjisi ilə bağlı problemi ilə bağlı quruma da məktub daxil olub. Qurum da öz növbəsində Qəbələ Elektrik Şəbəkəsinə məktub yollayıb ki, transformatorun quraşdırılması 3 yağ açarı qiymətləndirilməsi ilə təmin oluna bilər. Bu isə sahibkarları qane etmir:

"Bir yağ açarı 3 min manat deməkdir. Belə çıxır ki, biz deyilən transformatorun quraşdırılması üçün “Azərenerji”yə 9 min manat ödəməliyik”.

XS
SM
MD
LG