Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:49

Andres Herkel: «Söz azadlığı sahəsində vəziyyət çox təhlükəlidir»


Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, 2 noyabr 2006
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, 2 noyabr 2006
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

«Azadlıq»: Cənab Herkel, son günlər bir qrup jurnalist aclığa başlayıb. Onlar Azərbaycanda azad sözə təzyiqlər olduğunu deyirlər. Bu günlərdə siz də Azərbaycanda oldunuz və hər iki tərəflə görüşmək imkanınız oldu. Vəziyyəti necə qiymətləndirirsiz?


Andres Herkel: Vəziyyət çox təhlükəlidir. Vəziyyətin təhlükəliliyi ondadır ki, bır sıra müxalifət qəzetləri çıxmır və ya böyük problemlərlə üzləşiblər. Bundan başqa, məhbuslar arasında hələ də jurnalistlər var. Elektron KİV-lərə lisenziya verilmir. Bu telekanalların aqibəti təhlükə altındadır. Bütün bunlar beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının qiymətləndirməsində, hesabatlarında əksini tapır. Bu, əlbəttə, təkcə ölkədə daxili plüralizm məsələsi deyil. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdəki etibarına təsir göstərir. Bu məsələ çox kəskin şəkildə qalxıb. Belə tendensiyalar davam etdiyi halda, mən bu məsələnin gündəmdən çıxarılmasını güman etmirəm.




«Bakıya son səfərimiz zamanı məhz bu məsələylə bağlı biz ölkənin siyasi elitası ilə dil tapa bilmədik. Və bu, məni çox, həddən artıq çox narahat edir ki, qiymətli dəyərlər olan azad söz və plüralizm haqda ümumi təsəvvürlər belə yoxdur»
«Azadlıq»: Qəzetçilər artıq aclığa başlayıblar. Sabahdan onlara hüquq müdafiəçiləri də qoşulacaq. Bu haqda nə deyə bilərsiz?


Andres Herkel: Bu, son həddir. Bu, ümidsizlikdən atılmış addımdır. Çox təəssüf ki, adamlar başqa çıxış yolunun qalmadığını düşünürlər. Məncə, hüquqi dövlətdə vətəndaşın aclığa əl atmasından öncə, siyasi istək və tələblərini ifadə etməsi üçün müxtəlif yollar olmalıdır. Mən həmin adamlara sağlamlıqlarını qorumağı məsləhət görərdim. Düşünmürəm ki, aclıq ən yaxşı yoldur. Sadəcə, bu onun işarəsidir ki, başqa yol qalmayıb. Təəssüf ki...


«Azadlıq»: Azərbaycanlı qəzetçilər çıxış yolunu həm də beynəlxalq qurumlara müraciət etməkdə görürlər. Redaktorlar eləcə də Avropa Şurası rəhbərliyinə müraciət etməyi planlaşdırırlar. Sizcə, bunun proseslərə təsiri olacaqmı?


Andres Herkel: İndi vaxtını dəqiq deyə bilmərəm, amma bilirəm ki, azad söz üzrə komitə Bakıda toplaşmalıdır. Bundan başqa, siyasi komitənin və başqa qurumların nümayəndələrinin Azərbaycana gəlişi də gözlənilir. Əlbəttə, mən AŞ PA prezidenti və ya Baş katibinin nə qərar verəcəyini deyə bilmərəm. Ancaq azad sözün vəziyyəti çox kəskindir. Elə biz həmməruzəçilər də məsələni kəskin şəkildə Monitorinq Komitəsinin toplantısında qaldıracağıq. Biz dekabrda komitəyə hesabat təqdim etməliyik və bu məsələ orda əksini tapacaq.


«Azadlıq»: Cənab Herkel, sizcə, vəziyyətin kəskinləşməsinin səbəbi nədir?


Andres Herkel: Azərbaycanda hüquqi dövlətin elementləri yetərincə möhkəmlənməyib. Problem də bundan irəli gəlir. Düşünmürəm ki, mətbuata belə təzyiq ölkənin inkişafına müsbət təsir edə bilər. Ola bilsin, bu cür hallar, yəni müxalifətin hakimiyyəti tənqid edə bilməməsi kiməsə müvəqqəti də olsa məmnunluq gətirir. Deyə bilmərəm. Məni narahat edənsə odur ki, Bakıya son səfərimiz zamanı məhz bu məsələylə bağlı biz ölkənin siyasi elitası ilə dil tapa bilmədik. Və bu, məni çox, həddən artıq çox narahat edir ki, qiymətli dəyərlər olan azad söz və plüralizm haqda ümumi təsəvvürlər belə yoxdur.


XS
SM
MD
LG