Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:18

Ünvanlı sosial yardımın paylanma mexanizmi təkmilləşdiriləcək


Millət vəkilləri ünvanlı sosial yardımın verilməsi mexanizmindən narazıdırlar

Millət vəkilləri ünvanlı sosial yardımın verilməsi mexanizmindən narazıdırlar

Azərbaycanın xüsusən ucqar rayonlarında ünvanlı sosial yardımların verilməsində vətəndaşlarla məmurlar arasında mübahisələr parlamentdə də müzakirə olundu. Noyabrın 14-də Milli Məclis 2007-ci ilin dövlət büdcəsini müzakirə edərkən millət vəkilləri bildirdilər ki, ünvanlı sosial yardımı ala biləcək şəxslərin gəlirlərinə qoyulan tələblər o qədər də ədalətli deyil. Deputat Cəmil Həsənli bildirdi ki, kənddə bir hektar torpağı olan vətəndaş bu yardımı ala bilmir. Halbuki enerjidaşıyıcılarının, yanacağın qiyməti artdığından 2005-2006-cı illərdə kənd əhalisinin böyük bir qismi pay torpaqlardan istifadə edə bilməyib. Belə bir vəziyyətdə onların ünvanlı sosial yardımdan da kənarda qalmaları ədalətsizlikdir.

Millət vəkili Gültəkin Hacıyeva isə bildirir ki, Sərsəng Su Anbarı Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan ölkədə 100 hektarlarla torpaqlar suvarmadan kənarda qalıb. Həmin torpaqların sahibləri olan aztəminatlı ailələr də əkib-becərmədikləri sahələrə görə ünvanlı sosial yardım ala bilmirlər. Xanım Hacıyeva yada salır ki, rəsmi rəqəmlərə görə, hazırda ölkədə əhalinin 29 faizi yoxsuldur. Bu isə 2,8 milyon adam deməkdir. Ünvanlı sosial yardımı isə 50 minə yaxın adam alır ki, bu da həmin 2,8 milyon adamın heç 2 faizi də deyil: «Deməli, ünvanlı sosial yardım ölkə əhalisinin yoxsul hissəsinin böyük əksəriyyətini əhatə etmir. Bu da ciddi problemlərin və narazılıqların yaranmasına gətirib çıxarır».



«Deməli, ünvanlı sosial yardım ölkə əhalisinin yoxsul hissəsinin böyük əksəriyyətini əhatə etmir. Bu da ciddi problemlərin və narazılıqların yaranmasına gətirib çıxarır»
Gültəkin Hacıyeva əlavə edir ki, ünvanlı sosial yardımın əhaliyə verilməsində yaranan problemlərin aradan qaldırılması və ehtiyacı olanların onu ala bilməsi üçün bu vəsaitin paylanma mexanizminə yenidən baxılmalıdır.

Ünvanlı sosial yardımın aztəminatlı ailələrə verilməsində problemlər sadalananlarla bitmir. «Azadlıq» radiosunun bölgə müxbirləri adamların həm də sosial yardım üçün tələb olunan sənədlərin çoxluğundan, məmurların sui-istifadə və süründürməçiliklərindən narazı olduqlarını deyirlər.


İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Şamil Sadıqov Milli Məclisdə bildirdi ki, ehtiyac meyarı əsasında ödənişlərin – yəni ünvanlı sosial yardımın paylanmasında bu və digər problemlərin yaranması həmin mexanizmin yeni formalaşmasından irəli gəlir. Həqiqətən də bu mexanizmin təkmilləşdirilməsinə ehtiyac var: «Ünvanlı sosial yardımın paylanma mexanizminin təkmilləşdirilməsinə qayıdacağıq».


2007-ci ilin dövlət büdcəsində yaşayış minimumu adambaşına orta hesabla 64, ehtiyac meyarı isə 35 manat nəzərdə tutulur. Millət vəkilləri bu həddin yetərli olmadığını və məbləğin artırılmasını təklif etsələr də, parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının rəhbəri Ziyad Səmədzadə hesablamalar zamanı mövcud imkanların nəzərə alındığını bildirir.


Yaşayış minimumu ilk dəfədir ki, dövlət büdcəsində öz əksini tapır. Bəzi millət vəkilləri deyirlər ki, 2010-cu ildə ehtiyac meyarını yaşayış minumumuna çatdırıb ondan xilas olmaq lazımdır. Əlbəttə ki, bunun nə dərəcədə baş tutacağını qarşıdakı 2-3 ildə müəyyənləşdirmək mümkün olacaq. Hələlik isə məlum olan odur ki, gələn il iyulun 1-də ehtiyac meyarı 40 manata çatdırılacaq.


Ünvanlı sosial yardımın verilməsi də ehtiyac meyarına əsasən hesablanır. Yəni hökumət vətəndaşın ehtiyac meyarından az olan gəlirinə sosial yardımı əlavə edib, onun gəlirini ehtiyac meyarına çatdırmaq istəyir.


Hökumət aztəminatlı vətəndaşlara ünvanlı sosial yardım verilməsi proqramının icrasına bu ilin iyulundan başlayıb. İndi parlamentdəki müzakirələrdən aydın olur ki, rəsmilər onun vətəndaşları narazı salan şərtlərinin dəyişdirilməsi üzərində düşünürlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG