Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

-

"Çətin dağlıq şəraitində yaşayırıq. Yay-qış su sarıdan əziyyət çəkirik. Qış aylarında sular donur, bizim sudan istifadəmiz böyük problemə çevrilir. Yayda da bir ovuc su tapmırıq".

Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri Musa Alıyev, Güləsər Alıyeva, Südabə Qurbanova kənddə susuzluqdan əziyyət çəkdiklərini bildirirlər:

"ÖZ VƏSAİTİMİZLƏ SU ÇƏKDİRMƏK İSTƏDİK"

Şikayətçilərin sözlərinə görə, suya olan ehtiyaclarını ödəmək üçün kənd bələdiyyəsinə üz tutsalar da, faydası olmur:

“Ailə və təsərrüfatımızın suya olan ehtiyacını ödəmək məqsədi ilə Söyüdlü bələdiyyəsinə rəsmi müraciət etdik. Bələdiyyə ərizəmizə müsbət cavab verdi. 16 avqust 2012-ci ildə Söyüdlü bələdiyyəsinin qərarı ilə bizə Slavyanka bələdiyyəsi ilə həmsərhəd olan “Qiyasın” dərəsindən öz vəsaitimiz hesabına yaşadığımız evlərin həyətinə su çəkdirməyə icazə verildi. Borc-xərc hesabına, ailənin olan-qalan pulunu xərcləyib su xəttinin bir hissəsini çəkdik, qalan hissəsinə də lazım olan avadanlığı aldıq. 4 min manat xərc qoyduq. Lakin Söyüdlü bələdiyyəsinin sədriFərman Abdullayev imkan vermədi ki, biz su xəttini həyətimizə gətirək. Səbəbini soruşduqda dedi ki, guya bizə ayrılan su başqalarının suyunun azalmasına səbəb olur, ona görə bizim sudan istifadəmiz üçün verilən qərar ləğv olunur".

Kənd sakinlərini düşündürən odur ki, su çəkilişi yarımçıq saxlanılacaqdısa, niyə onları xərcə salırdılar? İndi bu xərci onlara kim ödəyəcək? Bir də iddia edirlər ki, əslində səbəb deyilən kimi deyil. Əsl səbəb odur ki, bələdiyyə suyu başqalarına baha qiymətə satır.

İŞ MƏHKƏMƏYƏDƏK UZANIB, AMMA...

Kənd bələdiyyəsindən bildiriblər ki, bu məsələ rayon məhkəməsinədək uzanıb. Ancaq kəndlilərin iddiası təmin olunmayıb. Hakim Maarif Kazımov 2 il əvvəl Qətnamə çıxarıb ki, kənd sakinlərinin çəkilişini başa çatdıra bilmədikləri su boruları başqalarının suyunu kəsir.

Bələdiyyədən onu da bildiriblər ki, kəndlilərin xərc çəkib aldıqları su boruları elə öz həyətlərindədir. Bu xərc isə kəndlilərin iddia etdikləri kimi 4 min yox, 2 min manat civarında olub.

Kənd sakinləri isə razılaşmır:

"Bizim məhkəmələrin müstəqilliyi kağız üzərindədir. Kimin pulu çoxdursa, hakimi "görüb" istədiyi qərarı çıxartdırır. Bələdiyyə sədri kəndin yarısını zəbt edib, özü üçün mal-qara sürüsü saxlayır. Əhali onun mal-qara sürüsündən axan çirkab suları içməyə məcburdur".

"AZƏRSU" ASC: REGİONLARIN SU TƏCHİZATI DİQQƏTDƏDİR

Kəndlilər deyir, Gədəbəy rayon İcra Hakimiyyətindən onlara və qarşı tərəfə təklif edilib ki, ailələrə ayrılan su bölünsün. Lakin qarşı tərəf buna razılaşmayıb:

“İcra başçısı ilə əhali arasında sədd yaradıblar, ona səhv məlumat verirlər, ona görə problemimizi kimə deyək, bilmirik”.

“Azərsu” ASC-dən bildirilib ki, qurum regionların su təchizatının yaxşılaşdırılması üçün layihələr həyata keçirir. İlk növbədə Bakı və Abşeron yarımadası, daha sonra digər şəhərlər və rayon mərkəzləri, onlara yaxın kəndlər su ilə təmin olunacaq. Sonra isə su qıtlığından əziyyət çəkən kəndlərin su təminatı planlaşdırılıb.Su təchizatından əziyyət çəkən kənd sakinləri çox hallarda fərdi qaydada özlərini su ilə təmin edirlər ki, bu da onlara baha başa gəlir. Onun üçün ən məqbul variant odur ki, həmin vətəndaşlar “Azərsu”ya yazılı müraciət etsinlər, biz də onların problemini araşdıraq”. ​

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG