Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:49

Prezident: “Bizi istəməyən qüvvələr irad tuturdu”


Prezident Oyunların məşəlini qəbul edir, 7 iyun, 2015-ci il

Prezident Oyunların məşəlini qəbul edir, 7 iyun, 2015-ci il

Mehriban Əliyeva: “Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq"

-

“Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir”.

Bunu iyunun 29-da Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbirdə prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmiş inkişaf etmiş ölkələr də özlərini göstərmək istəyirlər. “Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik”.

İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanın Avropa Oyunlarının keçirilməsindəki rolundan da danışıb.

Deyib ki, “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə verib. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoyub”.

“HEÇ BİR QARA QÜVVƏ BİZİ QORXUDA BİLMƏZ”

“Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.

Bunu isə həmin tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İlham Əliyevə xitabən deyib.

Mehriban Əliyeva deyib ki, “çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.

“ŞƏRƏFLİ KAPİTAN İDİNİZ”

Mehriban Əliyeva çıxışında İlham Əliyevə daha bir neçə dəfə minnətdarlığını bildirib:

“Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.
Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.

Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun! Çox sağ olun”.

İyunun 12-dən 28-dək Bakıda ilk Avropa Oyunları keçirilib. Azərbaycan idmançıları bu oyunlarda 21-i qızıl olmaqla 56 medal qazanıb.

Şərhləri göstər

XS
SM
MD
LG