Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

"Bir hekayəyə bəzən bir il vaxt sərf edirəm"


Rövşən Danyeri
Rövşən Danyeri

-

"Kundera deyirdi ki, yazarlar müasir dövrün kahinləridir. Ancaq mən yazarkən hazırki vəziyyəti nəzərə almıram.

Ümumiyyətlə, ədəbiyyatda hansısa hadisələrə söz atmaq, yaxud da nələrəsə işarə verməyin əleyhinəyəm".

"U döngəsi" hekayəsi ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Rövşən Danyeri ilə söhbət

- Rövşən, səni siyasi jurnalistikadan tanımışam ilk dəfə. Amma gec-gec də olsa, bədii mətnlər yazırsan. İstərdim oxucular üçün öz ədəbi karyerandan və planlarından danışasan?

– Jurnalistikaya başlayan gündən ədəbiyyatdan yazıram. İlk dəfə adyazar.az saytında fəaliyyətə başlamışam. Bədii yaradıcılığa gəldikdə isə, çox da məhsuldar deyiləm. Çünki yazmaq xatirinə yazmağın əleyhinəyəm.

Rövşən Danyeri
Rövşən Danyeri

Bir hekayə üçün bəzən bir il vaxt sərf edirəm. Bəzən irad tuturlar ki, artıq sənin kitabın çıxmalı idi. Ancaq mən içimdən keçirmədiyim mətni yaza bilmirəm. Bu məsələdə maksimalistəm. Hətta bəzən olur ki, həyatda hər hansı bir hadisə ilə qarşılaşırsan. Düşünürsən ki, bunu yazsam, oxucuların marağına səbəb olar. Ancaq bu mənim hekayəm deyil deyə yazmıram. Birinci hekayəmdən “U döngəsi”nə qədər öz üslubumu formalaşdırıram. Düşünürəm ki, hər dəfə bu istəyimə daha da yaxınlaşıram.

- Səni jurnalistikanın qurbanı olan, çoxlu sayda yazılmamış hekayələrin, romanların müəllifi bir yazar hesab etmək olarmı? Ümumiyyətlə, jurnalistika yazarı hara aparır, böyük ədəbiyyata, yoxsa iflasa?

– Bu məsələ çox mübahisəlidir. Bir çoxları düşünür ki, jurnalistika, hadisələrin içərisində olmaq bir yazarın gələcək karyerasına müsbət təsir göstərir. Bəziləri də deyir ki, enerjini jurnalistikaya sərf etmək yazarı məhv edir. Məncə, bu, fərdi qaydada tənzimlənməlidir. Vaxt baxımından jurnalistika çox vaxt aparır. Ancaq yazmaq şakəri olan adamlar üçün jurnalistika əsl tapıntıdır.

Rövşən Danyeri
Rövşən Danyeri

- “Ədəbi Azadlıq”dakı hekayən “U döngəsi” təsirliydi. Maraqlıdır ki, son dövr oxuduğum bir neçə hekayədə eyni şeyə, xəyali bir cəmiyyətdə xalqın etirazı və bu etiraza hökümətin absurd, amansız reaksiyasına rast gəlirəm. Səncə, “xəyali cəmiyyət” əslində yazıçının qeyri-şüuru özünüsenzurası hesab olunmamalıdırmı?

– Mən ədəbiyyatda kiminsə özünə senzura tətbiq etməsini qəbul etmirəm. İnanmıram ki, elə mətn olsun ki, mən onu yazmaqdan qorxam, yaxud da çəkinəm. Nəticələri nə dərəcədə ağır olursa-olsun, istədiyim mətni həmişə yazaram. Sadəcə olaraq, mənim üslubum budur. Hətta sevgidən bəhs edən hekayələrimdə də qurama məkanlardan, absurd elementlərdən istifadə edirəm.

- Hekayəndə təbii resursları azalımış ölkə xalqının başına gələnlərdən bəhs olunur. Bu vəziyyət bir az da olsa bizim cəmiyyətin yaxın on illərdəki vəziyyətiylə səsləşir. Səncə, ədəbiyyatın ortaya qoyduğu bu cür alternativ gələcək modelləri sadəcə xəyalın gücünü göstərir, yoxsa ədəbiyyat gələcəyi görə bilər?

– Kundera deyirdi ki, yazarlar müasir dövrün kahinləridir. Ancaq mən yazarkən hazırki vəziyyəti nəzərə almıram. Ümumiyyətlə, ədəbiyyatda hansısa hadisələrə söz atmaq, yaxud da nələrəsə işarə verməyin əleyhinəyəm.

Rövşən Danyeri
Rövşən Danyeri

Ədəbiyyat zamanın üzərində dayanmalıdır. “U döngəsi”ni yazdıqdan sonra ədəbi zövqünə inandığım, dostlara göndərdim. Onlardan biri dedi ki, “Şübhəli oxucu kimi, hekayəni başdan-ayağa diqqətlə oxudum ki, görüm bizim cəmiyyətə işarə edəcək bir cümlən varmı? Əgər olsa idi, hekayə mənim üçün öz bədii dəyərini itirəcəkdi. Ancaq son nöqtəsinə qədər belə bir sözlə qarşılaşmadım”.

Mən yazarkən buna da işarə vursam, hekayəyə bu cümləni salsam, müxtəlif qruplardan dividendlər əldə edə bilərəm deyə düşünmürəm. Bu hekayəni bütün səhnələrini təsəvvür edib yazmışam. Yazarkən də hansısa bir yeri, məkanı düşünməmişəm. Hər halda siz belə düşünürsünüz.

Ancaq mənim bu hekayə haqqında bir oxucu kimi yozumum belədir. “U döngəsi” kapitalizmin sonundan bəhs edir. Hər şeyin bu qədər sürətlə istehlak edildiyi bir quruluşda çox keçməz ki insanlar da əmtəə kimi istifadə edilər. Bəlkə də hazırda da bunun müəyyən elementlərini görürük. Hekayədə insanların öldürülməsinə birbaşa yox, bir az geniş sferada baxsaq, görərik ki, əslində, kapitalizm gələcəkdə insanların hisslərini, insanlığını da belə tükədəcək. Yəni təkcə fiziki mənada ölümü düşünməmək lazımdır.

- “Ədəbi Azadlığın” on-line sorğusunda sənin hekayəndən daha çox səs qazananlar da var. Bəs sən özün özünə rəqib kimi kimləri görürsən? Ümumiyyətlə onluqdakı hekayələrdən xəbərin varmı? Hansı hekayə səni daha çox təsirləndirə bilib?

– Yəqin ki, sən də bilirsən ki, bu müsabiqədə “on-line səsvermə” heç də rol oynamır. Çünki belə olduğu təqdirdə manipulyasiya etmək olardı. Mən bilən, builki şeir müsabiqəsinin qalibi Könül Həsənqulu da heç də səsvermədə qabaqda deyildi. Keçən illərdəki müsabiqə ilə bağlı da belə nümunələr çəkmək olar.

Düzü, hekayələrin hamısını oxuya bilməmişəm. Ümumi nəzər salmışam. Bir şeyi deyim ki, bu, ralli yarışları deyil ki, kimsə-kiməsə rəqib olsun. Bütün hallarda ədəbiyyat udur. İndidən qalibləri təbrik edirəm.

Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG