Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37

Azərbaycan Avropa Şurasından çıxa bilərmi?


Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti olarkən, 2009

Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti olarkən, 2009

-

Mehman Əliyev: “İndiki vəziyyət 2000-ci ili xatırladır”

Son günlər Azərbaycan rəsmilərinin dilindən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasını tərk edə biləcəyi haqda eyhamlar səslənməkdədir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov iyunun 26-da jurnalistlərə deyib ki, bu sessiyada baş vermiş hadisələr “bizi ciddi düşünməyə vadar edir. Avropa Şurası ilə yalnız insan hüquqları ilə bağlı deyil, ümumiyyətlə əməkdaşlığın zərurəti var, yoxsa yoxdur.

Bu, ən ciddi sualdır və bu sualla sessiyadan evə dönürük”.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə iyunun 25-də AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi hesabata münasibətdə Tvitterdə yazıb:

“Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.

Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.

“İNDİKİ SİTUASİYA 2000-Cİ İLİ XATIRLADIR”

Mehman Əliyev

Mehman Əliyev

“Əlbəttə, Azərbaycan Avropa Şurasını tərk etməyəcək”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosuna belə deyir.

O, rəsmilərin açıqlamalarından danışarkən söyləyir ki, indiki situasiya ona 2000-ci ildə - Azərbaycanın Avropa Şurasına üzv olmaq ərəfəsində baş verənləri xatırladır:

“O vaxt da onlar parlament seçkilərinin demokratik keçirilməsi məsələsini tələb kimi ortaya qoydular. Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyev bunu etmək istəmirdi.

O zaman da deyirdilər ki, biz Avropa Şurasına getməyəcəyik, Azərbaycana münasibətdə Qərbin ikili standartlarından danışırdılar və s.

Nəticə belə oldu ki, 2001-ci il yanvarın 7-də parlamentə əlavə seçkilər keçirildi. AXCP və Sabir Rüstəmxanlının partiyasından nümayəndələr parlamentə keçdi və onunla da məsələ sanki bitdi. Yanvarın 25-də Azərbaycan Avropa Şurasının üzvü oldu.

İndi də oxşar vəziyyətdir, biz parlament seçkiləri ərəfəsindəyik, seçkilərin demokratik keçirilməsi və müxalifətin Milli Məclisdə təmsil olunması məsələsini qoyurlar. Azərbaycan da yenə eyni radikal bəyanartları verir: “ikili standartlar, ədalətsiz baxışlar, müsəlman ölkəsi...”

Məncə, 2010-cu ildəki vəziyyət təkrarlanacaq. Yəni müxalifətdən olan bir sıra namizədlər parlamentə keçəcək, siyasi məhbuslar azad olunacaq. O zaman da belə olmuşdu”.

Azərbaycan 2001-ci ildən Avropa Şurasına üzv olub və bir sıra öhdəliklər götürüb. Bundan başqa, ölkə vətəndaşının Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

Mehman Əliyev deyir ki, bir tərəfdə Avropa Şurası, o biri tərəfdə Azərbaycan radikallıq göstərsə də, sonda güzəştə getməyə məcbur olacaqlar: “Ancaq yarımçıq və kompromisli bir nəticə olacaq”.

“100 FAİZ DEMƏK ÇƏTİNDİR”

REAL Hərəkatının üzvü Azər Qasımlı da hökumətin belə addım atacağına inanmadığını söyləsə də, bəzi şübhələri var: “100 faiz demək çətindir ki, hakimiyyət doğrudanmı Avropa Şurasından çıxmaq istəyir və nəticə olaraq digər Avropa institutları ilə inteqrasiyadan imtina etmək niyyətindədir.

Belə olarsa aydın məsələdir ki, burda Azərbaycanın xarici siyasət vektoru 100 faiz dəyişəcək, Rusiyayla yaxınlaşacaq. Bunlar bilərəkdənmi bu siyasəti yürüdürlər, yoxsa Avropa Şurasına hədə-qorxu gəlilrlər, söyləmək çətindir.

Amma bir şeyi deyə bilərəm ki, hakimiyyətin son iki ildə atdığı addımlar məndə şübhə oyadır. Bəlkə də Azərbaycan xarici siyasətini dəyişmək və Rusiyayla daha da yaxın münasibətdə olmağı hədəfləyir. Yəni artıq balans siyasətindən danışmaq olduqca çətinləşir”.

Azərbaycan 2001-ci ildən Avropa Şurasına üzv olub və bir sıra öhdəliklər götürüb. Bundan başqa, ölkə vətəndaşının Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG