Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

-

«Bu gün dünya miqyasında iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan dövləti güclü dövlətdir və ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi üçün bütün lazımi tədbirləri görür».

Prezident İlham Əliyev belə deyib. O, iyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və hərbi hissənin açılış mərasimində çıxış edib. Məlumatı president.az saytı yayıb.

Ordu quruculuğundan danışan ölkə başçısı hərbi xərcləri bundan sonra da yüksək həddə saxlayacaqlarını deyib:

«Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik».

«DÖVLƏTİMİZƏ QARŞI ƏDALƏTSİZLİK GÖRÜRÜK»

«Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır» deyən İlham Əliyev beynəlxalq qətnamələrin icra olunmamasına diqqət çəkib:

««Kim güclüdür, o da haqlıdır» prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçib, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq».

«HEÇ KİM BİZƏ ÖZ İRADƏSİNİ DİKTƏ EDƏ BİLMƏZ»

Ölkə başçısı «Azərbaycana heç kim diktə edə bilməz» deyib:

«Bizim iqtisadiyyatımız başqa ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə institutlarından asılı olsaydı, əlbəttə, başqa ölkələrin iradəsini bizə diktə edə bilərdilər. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını qətiyyətlə alırıq. Azərbaycan dövləti öz yolu ilə gedir. Bu yol müstəqillik və inkişaf yoludur. Azərbaycan xalqı öz taleyinin sahibidir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi inkişaf yolundan döndərə bilməz. Ona görə ki, iqtisadi inkişaf bizim uğurlu inkişafımızın, müstəqilliyimizin əsas təminatçısıdır».

«XALQLA İQTİDAR ARASINDA BİRLİK YÜKSƏK SƏVİYYƏDƏDİR»

İlham Əliyevin dediyinə görə, bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır:

«Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir».

«Bizim xalqımız azaddır, müstəqildir. Biz öz həyatımızı özümüz qururuq, heç kimdən asılı deyilik. Bizim müstəqilliyimiz sadəcə olaraq dövlət atributları ilə ölçülmür. Biz müstəqil siyasət aparırıq, bütün beynəlxalq tribunalarda sözümüzü deyirik, bütün beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyimizi ifadə edirik. Bəzi hallarda bu, bizi istəməyən xarici qüvvələri, dairələri qıcıqlandırır. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycan xalqının təhlükəsizliyi, rifahı, Azərbaycan dövlətinin inkişafı və güclənməsidir», - deyə prezident bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG