Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21

-

"Evdə oturmuşam, gücümü vermişəm kompyuterimə, gecə-gündüz yazıram.

Deyim ki, bu elə 2010-cu ildə “Ədəbi Azadlıq” müsabiqəsində qazandığım həmin kompyuterdir"

"Nə yalan deyim, kitabımın çox satılmasında Şahbaz Xuduoğlunun da böyük rolu var."

Çalışıram xalq təfəkkürünə uyğun yazım

Müsahibimiz Eyvaz Zeynalovdur.

- Eyvaz bəy, sizi həmişə uşaq yazıçısı kimi tanımışam, uşaqlar üçün hekayələrinizi oxumuşdum.

Amma son kitabınız “Alın yazısı”nda xeyli intim, açıq-saçıq mənzərələr var. Bunlar yazıçının fərqli özünüifadə tərzləridir?

- İxtisasca müəllim odluğumdan və uşaqları daha yaxşı tanıdığımdan uşaqlar üçün çoxlu hekayələr yazmışam.

Bu hekayələrin bir qismini 1999-cu ildə “Bahalı şokolad qutusu” adı altında çap olunub.

Ümumiyyətlə isə, uşaqlar üçün dayanmadan yeni hekayələr yazıram. Həm də dediyiniz kimi, böyüklər üçün yazıram. Əgər yazıçı səlis, axımlı dillə fikrini ifadə edə bilirsə, niyə hansısa mövzuda susub, başqa bir mövzuda yazmağa üstünlük verməlidir ki?

- Köhnə ədəbi nəsildə bu, qınanılan məsələdir.

- Deyim ki, məni də qınayırlar. Məsəlçün, mənə irad tutdular ki, bu nədir intim səhnələr də yazıbsan. Bəzən də qınayırlar ki, əsərlərində yuxulara çox yer verirsən. Soruşuram ki, yuxu görməyən adam varmı?

Niyə bu ədəbiyyatda ortaya çıxmamlıdır? Gəl belə danışaq, əgər intim həyatımız varsa və bu həyatın böyük bir hissəsidirsə, onda niyə ədəbiyyatda bunun üzərindən sükutla keçməliyik?

Məncə, yazıçı sərbəst olmalıdır, hər şeydən yazmalıdır. Hər bir normal adama erotik ədəbiyyat da lazımdır. Bu əhval-ruhiyyəni yüksəldir, insanı cavan saxlayır.

- Bəlkə siz bu mövzularda yazmaqla göstərmək istəyirsiniz ki, həm fiziki olaraq gənc qalmısınız, həm də gənc nəsil ədəbiyyata aidsiniz?

- Doğurdan da belədir, adam erotikadan o vaxt qaçar, bunu qınayar ki, özünün cinsi istəkləri olmasın.

Ancaq qocalıb əldən düşmüş, həyatdan əlini üzüb, ölümünü gözləyən adam belə mövzulara maraq göstərməz. Amma normal adam yaşayır, yaşadıqca da həyatın dərin qatlarında baş verənlər onu düşündürür, cəlb edir.

- Sovet dövrü estetikası erotikanın hər növünü senzura edirdi.

- Amma bu ədəbiyyatda üstüörtülü də olsa qalırdı. Süleyman Rəhimovun “Saçlı”sında da, İsmayıl Şıxlının “Dəli Kür”ündə də, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə də belə səhnələrə yer verilib.

Hətta deyim sizə ki, sovet senzurası klassik ədəbiyyatımızdakı intim təsvirləri nə qədər ciddi cəhdlə ədəbiyyatdan yığışdırmağa çalışsa da, şifahi ədəbiyyatda bu qalmışdı. Ancaq anormal cəmiyyət ədəbiyyatın bu yanını inkar edə bilər.

- Bəs, böyüklər üçün yazandan sonra uşaqlar üçün yazmaq çətin gəlmirmi sizə?

- Əlbəttə, çətin gəlir. Fikir verirəm, dalbadal uşaq hekayələri yazanda sonra böyüklər üçün yazmağa qayıda bilmirəm.

Köklənmək üçün uzun zaman lazım olur. Eynilə, böyüklər üçün yazanda birdən-birə ürəyimdən uşaq hekayələri yazmaq keçsə, buna girişmək son dərəcə çətin gəlir. Amma özümü hər iki növ ədəbiyyatda görürəm.

- Bəs uşaqlar necə, sizi oxuyurlar?

- Deməli, günlərin bir günü evdə oturmuşdum. Mingəçevirdə yaşayan dostum zəng vurmuşdu. Onun qızı orta məktəbdə müəllimədir. Dostum qayıtdı ki, qızım deyir, sənin hekayələrini uşaqlara tədris edir. Bir anda donub qaldım.

Soruşdum ki, necə yəni? Qayıtdı ki, orta məktəb ədəbiyyat dərsliklərinə sənin hekayələrini salıblar. Sonradan öyrəndim ki, beşinci və dördüncü sinif ədəbiyyat dərsliklərinə yeddi hekayəmi salıblar, şəklimi də qoyublar. İnanın ki, hekayələrimi dərsliyə salan adamı tapıb təşəkkür etmək istədim, xeyli axtarmalı oldum.

- Azərbaycanda uşaq yazıçıları çox azdır və mən bilən, yerli uşaq ədəbiyyatına maraq böyükdür.

- Hansı maraqdan danışırsınız?! Mənim 100-ə qədər uşaq hekayəm var ki, seçib saxlamışam, naşirlərə də demişəm, amma maraq göstərən olmayıb. Kimin mənə işi düşür ki, axtarıb tapsın kitablarımı çap etsin.

Evdə oturmuşam, gücümü vermişəm kompyuterimə, gecə-gündüz yazıram. Deyim ki, bu elə 2010-cu ildə “Ədəbi Azadlıq” müsabiqəsində qazandığım həmin kompyuterdir.

- İndiyə kimi üç romanınız çap olunub, əksəriyyəti də “Qanun” nəşriyyatının ən bestseller siyahısına düşüb. Kitabı çox satmaq üçün hansı metodlardan istifadə edirsiniz?

- Bir düzəliş edim, üç yox, dörd romanım çap olunub. “Bələdçi”, “Qisas”, “Tələ” və sonuncu “Alın yazısı”. Deyim ki, nə sosial şəbəkələrdə fəallığım var, nə də indiyə qədər kitabıma təqdimat keçirib, reklam etmişəm.

Yerdə qaldı bircə əsərin içəriyi. Çalışıram xalq təfəkkürünə uyğun yazım, aktiv kitab oxuyanları cəlb edən mövzulara və ifadə tərzinə üstünlük verim. Gərək çalışasan yazı dilin axıcı, səlis olsun. Azərbaycan məişətini yaxşı biləsən və təsirli hadisələrdən yazsan.

Yeri gəlmişkən, tənqidçi Rəhim Əliyevin bir yaxşı sözü var, deyir ki, kitabı oxuyan əsas kütlə evdar qadınlardır, onların zövqünü də nəzərə almaq lazımdır. (Gülür)

Nə yalan deyim, kitabımın çox satılmasında Şahbaz Xuduoğlunun da böyük rolu var. Məsəlçün, “Bələdçi” romanım "Qanun" nəşriyyatında 500 tirajla çap olunduqdan sonra bir neçə ayda satılıb qurtardı, sonra yenidən 500 tirajla çap olundu.

- Son romanınız “Alın yazısı” nədən bəhs edir?

- Adətən gənclər xəyallarını, arzularını, yaşlılarsa təcrübələrini yazırlar. “Alın yazısı” sovet hakimiyyəti dövründə Rusiyanın şəhərlərini gəzən azərbaycanlı bir gəncin başına gələn macəralardan bəhs edir.

Əminəm ki, gənclərin sovet dövründəki həyatın reallıqlarına böyük marağı var, çünki onlar bu dövrü ancaq kitablardan, kinolardan və yaşlıların dilindən təsəvvür edə bilirlər.

Hər halda mənim yazdıqlarım vasitəsilə kiməsə nəsə öyrətmək kimi bir marağım yoxdur.

Sadəcə həvəsim yaranır, gördüyüm, yaşadığım şeyləri yazıya köçürmək istəyirəm və yazıram. Hesab edirəm ki, yazdıqlarımda oxucular üçün çoxlu maraqlı şeylər var.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG