Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

“Övladı öldüyü üçün kiminsə həbsdən buraxılması düzgün deyil”


Çingiz Qənizadə

Çingiz Qənizadə

-

“Tofiq Yaqubluya gənc övladının – Allah rəhmət etsin - yas mərasimində iştirak üçün imkan və şərait yaradıldı və bu çox düzgün addım oldu". ​

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, eləcə də İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Çingiz Qənizadə AzadlıqRadisounun suallarını cavablandırıb.

- Çingiz bəy, may başlanandan hüquq müdafiəçiləri əfv sərəncamı veriləcəyindən danışsalar da, bu gözlənti gerçəkləşmədi. İndi də Avropa Oyunlarından sonra əfv sərəncamı olacağı haqda danışılır. Bəs sizdə hansı məlumatlar var?

- Əvvəla, əfv gözlənilmirdi. Belə deyək də, mənim bəzi dostlarım, hüquq müdafiəçiləri mətbuata informasiya buraxmışdılar ki, əfv olacaq. Bu, Konstitusiya ilə cənab prezidentə verilən hüquqdur.

Cənab prezident nəinki Avropa Oyunları vaxtı, istədiyi vaxt amnistiya aktını tətbiq edə bilər. Biz deyə bilmərik Avropa Oyunlarından sonra cənab prezident bunu verəcək, ya yox. Çünki hüquq onundur.

Amma mən hüquq müdafiəçisi kimi həmişə əfv fərmanının tərəfdarı olmuşam. Yaxın vaxtlarda belə addım atılacaqsa, biz onu alqışlayacağıq.

- Bir hüquq müdafiəçisi kimi o sərəncamda kimlərin adını görmək istərdiz?

- Siz niyə konkret 5-3 nəfərin maraq dairəsində sual verirsiz? Bir az daha geniş, milli məsələlərə toxunan məqam varsa, ondan danışaq. Amma kiminsə adının əfv fərmanında olub-olmamasından asılı olmayaraq biz onu alqışlayırıq. Bir hüquq müdafiəçisi kimi, Monitorinq Qrupunun, Birgə İşçi Qrupun üzvü kimi mən də, Novella Cəfəroğlu da, Səadət Bənənyarlı da, Səidə Qocamanlı da müəyyən adamların əfvi üçün müraciət etmişik və edirik də. Cənab prezident də lazım gələndə bizim müraciəti qəbul edib.

- Birgə İşçi Qrupun üzvləri Tofiq Yaqublunun qızının vəfatından sonra onun azadlığa buraxılması üçün müraciət etdilər. Amma bu müraciət cavabsız qaldı. Daha sonra bu məsələyə qayıtmadınız?

- Azərbaycanda 10-15 min məhbus var. Bunların arasında ailə üzvlərini itirən olur, müəyyən başqa hadisələr də. Onda gərək biz qanunlarda dəyişiklik edək ki, belə hallarda bu insanlar mütləq azad olunmalıdır.

Amma yaxşı olardı siz deyəsiniz ki, Tofiq Yaqubluya gənc övladının – Allah rəhmət etsin - yas mərasimində iştirak üçün imkan və şərait yaradıldı və bu çox düzgün addım oldu. Amma buna görə kiminsə azad olunması... Bu, qanunda öz əksini tapmayıb, mümkün deyil.

- Amma İşçi Qrup onun əfvi üçün müraciət etmişdi.

- İşçi Qrup elə müraciət etməyib. Ola bilər, bir neçə hüquq müdafiəçisi müraciət edib. Amma mən yenə də deyirəm, bu cür məsələlərə görə kimlərinsə əfvi, vaxtından əvvəl buraxılması düzgün deyil. İraq olsun, kimsə gözləsin ki, atası-anası öləcək, əfv ediləcək? Üzr istəyirəm ifadəmə görə, belə yaramaz övladlar da var. Ona görə bu, düz deyil.

Əfv institutu var və bu institutdan cənab prezident ildə bir neçə dəfə istifadə edir. Əgər Avropa Oyunlarından, bu möhtəşəm Oyunlardan sonra cənab prezident hesab etsə ki, yeni əfv fərmanı imzalamaq lazımdır, biz onu alqışlayacağıq.

- Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin mayında qəbul etdiyi qərarda REAL Hərəkatının sədri İlqar Məmmədovun siyasi motivlərə görə həbs edildiyini bildirib və onu dərhal azadlığa buraxmağı tələb edib. Bir neçə ay sonra Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin bu qərarının icrası məsələsinə baxıb və İlqar Məmmədovu təxirə salınmadan buraxmağı tələb edib. Amma o, hələ də həbsdə qalır. Millət vəkili kimi maraqlanmısızmı, niyə Azərbaycan hakimiyyəti REAL sədrini azad etmək istəmir?

- Avropa Məhkəməsinin səlahiyyəti yoxdur ki, kiminsə buraxılması haqda qərar versin, yaxud tələb etsin. Çünki Azərbaycana qarşı qərəzli münasibəti siz də görürsüz.

Avropa Məhkəməsi də deyə bilməz ki, filankəs azad olunsun və ya qərar icra edilsin. Sadəcə, həmin işə yenidən baxılması tövsiyə oluna bilər. Bu, Azərbaycan praktikasında olub. Ayrı-ayrı adamların işinə yenidən baxılıb. Ancaq konkret İlqar Məmmədovla və ya Əhmədlə, Məmmədlə bağlı Avropa Məhkəməsi qərar çıxara bilməz ki, həbsdən buraxılsın. Onda Azərbaycan qanunları nəyə lazımdır?

Dünən (23 iyun-red) AŞPA-dakı dinləmələr zamanı hesabatdan “Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı” cümləsinin çıxarılması Avropanın Azərbaycana “sevgisinin” təzahürüdür.

Avropa Məhkəməsi də deyə bilməz ki, filankəs azad olunsun və ya qərar icra edilsin. Sadəcə, həmin işə yenidən baxılması tövsiyə oluna bilər. Bu, Azərbaycan praktikasında olub. Ayrı-ayrı adamların işinə yenidən baxılıb. Ancaq konkret İlqar Məmmədovla və ya Əhmədlə, Məmmədlə bağlı Avropa Məhkəməsi qərar çıxara bilməz ki, həbsdən buraxılsın. Onda Azərbaycan qanunları nəyə lazımdır?

- Avropa İnsan Haqları Məhkəməsinin həmin qərarına görə İlqar Məmmədovun həbsi zamanı Avropa İnsan Haqları Konvensiyasının bəzi müddəaları pozulub, burda söhbət azadlıq hüququ, təqsirsizlik prezumpsiyasından gedir. Hüquqşünaslara görə, bununla istintaqın düzgün aparılmadığı və REAL sədrinin günahsız həbs olunduğu ortaya çıxır.

- Axı onlar hansı istintaqı apardılar ki, ittihamın düzgün ya düzgün olmadığını desinlər? Onlar məhkəmədən sonra nələrinsə yenidən araşdırılmasını tövsiyə edə bilərlər. Bu, məcburi deyil.

- AŞPA-da Azərbaycanla bağlı müzakirələrdə insan haqlarıyla bağlı tənqidlər səsləndirildi. Bu müzakirələrə sizin baxışınız necədir?

- Çox pis dəyərləndirirəm. Yenə də erməni və ermənipərəst qüvvələr Azərbaycanla bağlı sənəddən müəyyən bəndlərin çıxarılmasına nail oldular. “Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı” cümləsinin çıxarılması göstərir ki, Avropa Azərbaycana qarşı aparılan işğalçı siyasəti dəstəkləyib.

- Bəs insan haqlarının durumuyla bağlı tənqidlərə nə deyirsiz?

- Mən o mətni hələ oxumamışam. Amma mən sizə bir şeyi deyim, milyonlarla insanın, ən azından bir milyon qaçqın və köçkünümüzün marağında olan cümlənin hesabatdan çıxarılması onların digər məsələlərdə də qərəzli və obyektivlikdən uzaq olduqlarını göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG