Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:04

-

Beş ildən artıqdır ki, ABŞ-ın kəşfiyyat orqanları ölkənin kompüter şəbəkəsinə sızıb müdafiə, enerji və elektronika sahəsində fəaliyyət göstərən şirkətlərdən məlumat oğurlayan çinli hakerləri izləyirlər.

Amma ötən yay hakerlər hədəflərini dəyişdiklərindən kəşfiyyatçılar onların izini itiriblər. Çinli hakerlərin yeni hədəfi artıq hökumətin kompüter sistemi olub. Onlar Fərdi İdarəetmə Ofisinin kompüter şəbəkəsində saxta administrator imtiyazı qazanaraq, Amerikadan Çinə informasiya nəql edən sanki bir boru xətti qurublar. Təqribən bir il ərzində ifşa olunmadan amerikalıların şəxsi məlumatlarını oğurlayıblar.

«Bu, klassik casusluq hadisəsi olsa da, miqyasına görə tarixdə misli görünməmiş bir casusluqdur. Bu halda «Biz bunu bilən kimi qarşısını aldıq» kimi ifadələr heç kimi razı salmaz. Çünki bunu xeyli əvvəldən bilməli idik», - rəsmilərdən biri belə deyib.

İndi başqa hansı dövlət idarələrində informasiya şəbəkəsinin belə zəif və dolayısı ilə təhlükədə olduğu araşdırılır.

Ötən il aparılmış yoxlamadan sonra Daxili Gəlir Xidməti, Nüvə Tənzimləmə Komissiyası, Energetika Nazirliyi, Təhlükəsizlik və Mübadilə Komissiyası və, nə qədər paradoksal olsa da, ölkənin mühüm kompüter şəbəkələrini qorumağa cavabdeh olan Daxili Təhlükəsizlik Nazirliyində kibertəhlükəsizlik baxımından çatışmazlıqlar aşkarlanmışdı. Məsələn, Nüvə Tənzimləmə Komissiyasında çox vacib məlumatlar qorunmayan şəbəkə drayverlərində saxlanmış, Daxili Gəlir Xidmətində isə işçilərə «parol» sözü kimi bəsit parol seçmələrinə icazə verilmişdi.

HÜCUMUN ARXASINDA ÇİN DURUR

«Bizdə federal kibertəhlükəsizlik lazım olan səviyyədə deyil», -- prezident Barack Obama-nın daxili təhlükəsizlik müşaviri bu fikirdədir. Hərbi rəsmilərdən biri isə deyib ki, müdafiə sənayesi şirkətlərinə kiberhücum qırmızı bayraq anlamına gəlməli idi: «Amma görünür, biz bunun təhlükəsini hələ də lazımınca dərk etmirik».

Federal və özəl təhqiqatçılar inanırlar ki, əvvəllər müəllif hüququ obyektləri, sənaye yenilikləri və texnologiyalar barədə məlumat oğurlayan çinli haker qrupu ilə indi federal işçilər barədə şəxsi məlumatları ələ keçirənlər eyni qrupdur.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti James Lewis-ə görə, bunun arxasında Çinin dövlət dəstəyi durur.

Prezident Obama ötən il «Sony»yə kiberhücumu Şimali Koreyanın təşkil etdiyini açıq söyləsə də, indiki halda Çinin adı ictimaiyyətə açıq söylənmir. Yalnız Konqresdə keçirilən qapalı dinləmə üçün hazırlanmış materiallarda Çin dövlətindən bəhs olunur. Ancaq belə görünür ki, bu həftə Vaşinqtonda keçiriləcək illik strateji və iqtisadi dialoq çərçivəsində Çin rəsmiləri ilə artıq bu məsələ açıq müzakirə mövzusu olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG