Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

Bahəddin Həziyev də aclığa başlamaq niyyətindədir


Bahəddin Həziyev həmkarlarına dəstək olmaq üçün aclığa başlamaq niyyətindədir
Bahəddin Həziyev həmkarlarına dəstək olmaq üçün aclığa başlamaq niyyətindədir

Fransada yerləşən «Sərhədsiz Reportyorlar» Təşkilatı Azərbaycanda azad mətbuata təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlayanları dəstəklədiyini bildirir. Son bir həftədə üç bəyanatla çıxış edən təşkilatın noyabrın 13-də yayılan sonuncu açıqlamasında deyilir ki, hakimiyyət azad mətbuata təzyiq edir. Təşkilatın qənaətincə, bu cür hal ölkədə fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələri kimi xarici mətbuat orqanlarına da təsirsiz ötüşməyib. Bəyanatda o da deyilir ki, 2005-ci ildə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra ölkədə azad söz sıxışdırılmağa başlanıb. Azərbaycan Respublikası Baş prokurorun müavini Rüstəm Usubov isə noyabrın 13-də jurnalistlərlə söhbətində deyib ki, Elmar Hüseynovun qatillərinin tapılması üçün işlər gücləndirilib və bu iş prezidentin nəzarətindədir.


«Azadlıq» qəzetinin Bakıda, «Xaqani küçəsi 33» ünvanında yerləşən binadan çıxarılmasına etiraz olaraq «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev də aclıq aksiyasına qoşulmaq niyyətindədir. Bu ilin mayında naməlum şəxslər tərəfindən oğurlanaraq fiziki təzyiqlərə məruz qalmış Bahəddin Həziyevin ayağı bir neçə yerdən sındırılmışdı. Son yarım ildə yataq rejimində müalicə alan və hələ də yeriyə bilməyən baş redaktor aksiyaya evdə başlayacağını deyir: «Əslində, müalicə olunduğum üçün aclıq etməyə imkanım yoxdur. Amma həmkarlara dəstək məqsədilə bu addımı atmaq istəyirəm».


Noyabrın 13-dən isə aksiyaya daha üç nəfər «Turan» İnformasiya Agentliyinin əməkdaşı Sarvan Rizvanov, «Bizim Yol» qəzetinin redaktoru Seymur Həziyev və RUH Jurnalistləri Müdafiə Komitəsinin sədri Hüquq Salmanov qoşulub.


Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun nümayəndələri oktyabrın 20-də aclığa başlamışdılar. Noyabrın 9-dan isə aksiyanı KİV-lər davam etdirirlər.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzeti, AXCP, «Turan» İA və bir neçə başqa ictimai təşkilatın yerləşdiyi binanı boşaldaraq onlara təhvil verməsi haqda İqtisad Məhkəməsində iddia qaldırıb. İddiaya baxılması üçün məhkəmənin növbəti iclası noyabrın 14-də keçiriləcək. «Azadlıq» qəzeti və bu binada yerləşən digər KİV-lər kimi bəzi beynəlxalq qurumlar bunu mətbuata təzyiq kimi qiymətləndirirlər.


XS
SM
MD
LG